adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Nobelə lap az qalıb..

15720 | 2007-11-17 04:33
Hamı danışır, hamı deyir, "biz niyə dünya arenasına çıxa bilmirik?". Doğrudan da haqlı sualdır, reallığı ifadə edir, biz nəyə görə öz dünyamızda ilişib-qalmışıq, biz nəyə görə özümüz-yazıb özümüz də oxuyuruq.
   
   
   
   ***
   
   Əvvəlcə gəlin klassik dedib başımıza çıxartdığımız adamlara baxaq, görək onlar dünyanı nə qədər fəth edə biliblər, onlar nə vaxt dünya arenasına çıxıblar, onla nə qədər oxunublar? Düzdür, deyirlər Nobel kriteriya deyil, amma bu da faktdır ki, Nobeli də hər adama vermirlər, lap siyasi konyuktura olsa da şəksiz burda istedad meyarı da var, mətn meyarı da var. Bu şübhə doğurmur, misal üçün Frans Kafka Nobel almayıb, müasir yazarlardan Umberto Eko bu mükafatı almayıb, Milan Kundera almayıb. Hərçənd ki, Avropa elə Rusiya mətbuatında Orxan Pamuku "Avropanın Umberto Ekosu" adlandırırdılar. Kələfin ucunu Nobelə tərəf itirmədən bircə onu qeyd edək ki, istedadsız adama Nobel vermirlər, amma bu da mümkündür ki, böyük yazar olasan, əsərlərin onlarla dilə çevrilə və sən Nobel almayasan. Bu da mümkündür və faktdır. Sonuncu Nobeli Lessinq adlı qadın yazar aldı, ondan əvvəlkini də Orxan Pamuk almışdı. Orxan Pamukdan iki il əvvəki Nobel isə Yelinekk adlı qadın yazara nəsib olmuşdu. Görünür, Nobelin verilməsində də gender prinsipinə riayət riayət olunur. Açığı, bu ədalətsizlikdir, bu faktdır ki, dünyanın əksər böyük yazarları və bütün böyük filosofları qadın yox məhz kişi olub. Söz yox, qadınlar arasında da böyük yazarlar olub. Amma bu nisbət heç zaman birəbir nisbətində deyil. İndi Nobelin verilməsində bu prinsipin qorunub-saxlanması heç də yaxşı gələcək vəd etmir. Dünyada kişi hərəkatı olmayıb, qadın hüquqları uğrunda mübarizə aparan qadın hərəkatları olub, indi də var. Görünür, bir müddət sonra kişi hüquqları uğrunda da mübarizə qızışacaq, kişilər də öz hüquqlarını tələb edəcəklər. İnsanın cinsi önəmli deyil, önəmli olan mətndir, mükafat da bu mətnə görə verilir, bu anlamda qadının məhz qadın olmasına görə mükafat alması da absurddur. Hər nəsə. Onsuz da Nobeli bizə vermirlər ki, biz də indidən nəyisə "absurd" ya da "nonsens" adlandıraq. Söhbəti isə Nobeldən başqa şeyə görə salmışdıq. Bəli, bizim klassik yazarlarımız da Nobel almayıb. Tutalım ki, Mirzə Cəlil ya da Sabir, Cavid və s. Əlbəttə ki, onların vaxtında Nobel mükafatı verilirdi. Bu mükafat 1900-cü ildən verilir. Amma elə ruslar bu mükafata elə o vaxt yaxınlaşmışdılar. Tolstoy iki dəfə axıra qədər qalır, iki namizəddən biri olur, hər iki halda da mükafatı ona vermirlər. Və o da sonda bu mükafatı almaqdan imtina edir. Almaqdan yəni namizədliyinin verilməsindən. Amma ruslar sonradan bu mükafatı aldılar, əvvəlcə Bunin aldı, sonra Pasternak, sonra isə Şoloxov. Amma hələ Tolstoyu vaxtında da Azərbaycanda ədəbiyyat var idi, amma mən o dövrün mətbuatında ümumiyyətlə bu mükafat haqqında heç bir söhbətə rast gəlməmişəm. İndi demək olarmı ki, Mirzə Cəlil Nobelə layiq idi, amma onu almadı. Məncə bunu demək olmaz. Ona görə yox ki, Mirzə Cəlil zəif yazıçıdır. Mirzə Cəlil əlbəttə çox güclü yazıçıdır, o dövrdə baxımından Orta Asiyada, Yaxın Şərqdə heç bizim Türkiyədə də belə bir böyük yazıçı yox idi. Amma gəlin bir anlığa düşünək, o zaman Rusiya boyda nəhəng dövlətin (ən azı ərazi baxımından) iki quberniyasında yaşayan Azərbaycan ədəbiyyatı kimin üçün maraqlı ola bilərdi? Mən biləni, heç Mirzə Cəlilin əsərləri heç rus dilinə də çevrilməmişdi. Düzdür, indi Azərbaycan müstəqil ölkədir, lakin mən bu müstəqilliyə qətiyyən ironiya etmədən deyirəm ki, bu gün dünya üçün Azərbaycan elə o zamankı Rusiyanın iki quberniyası kimi bir şeydir. Azərbaycanda baş verən proseslər qətiyyən dünyanın vecinə də deyil. Azərbaycan dünya ədəbi prosesində nələr baş verdiyindən ümumiyyətlə xəbərdar deyil və belə bir vəziyyətdə bəzilərinin filankəs Nobel almalıdır deməsi şəksiz ki, gülməlidir. Bu faktdır ki, nəinki altmışıncılar heç bizim nəsil də (yaş etibarı ilə onlardan 40-50 yaş kiçik olsaq da) Nobel-filan almayacağıq. Bunu birdəfəlik bilək ki, rahat oturaq yerimizdə. Ən maraqlısı budur ki, İsveç Akademiyasının bizim bu vurhavurdan ümumiyyətlə xəbərdar deyil.
   
   
   
   ***
   
   Dünya arenasına çıxmağın minbir yolu var, amma bu yolların heç biri Azərbaycandan keçmir. Hər şeydən əvvəl ona görə ki, Azərbaycanın özündə kitab oxunmur. Azərbaycanın özündə kitab satılmır. Və Azərbaycanın özündə ədəbiyyat adlı bir şeyin demək olar ki, varlığı ilə yoxluğu bilinmir. Belə bir vəziyyətdə Azərbaycanın vəziyyəti həqiqətən də ağırdır və ciddi ədəbiyyatın burda məskən salmağı çox mürəkkəb məsələdir.
   
   Amma Türkiyə Nobel aldı. Bu böyük uğurdur. Bunu heç kim inkar edə bilməz. Düzdür, Türkiyənin ağılları başlarından bir qarış yuxarıda olan bayağı millətçiləri Orxan Pamuku bu mükafatın üstündə daş-qalaq elədilər. Dünənə qədər "Orxan Pamuk xaindir" sözünü bir az ehtiyatla deyirdilər, amma indi bu sözü qışqıra-qışqıra deyirlər. Amma bu ədəbiyyat söhbəti deyil, ciddi söhbət deyil. Fakt faktlığında qalır, Orxan Pamuk artıq Nobelli müəllifdir, Rusiyada olanda orda Orxan Pamukun romanlarını gördüm, üstündə "Nobel mükafatı laueratı" yazılmışdı. Bu da əlbəttə ki, qürur verir.
   
   Türkiyə bu mükafatı necə aldı? Amma şəksiz ki, bu birdən-birə olmadı. Türk ədəbiyyatı bu günlərə qədər böyük uğurlar qazanmışdı. Təkcə elə Nazım Hikməti xatırlamaq kifayətdir. "Mavi gözlü dev" bütün dünyada məşhur idi, şeirləri 50-dən çox ildə çap olunmuşdu, Bursa həbsxanasında olanda onun müdafiəsinə bütün dünya qalxmışdı. Və bütün bunlar yalnız Nazım Hikmətin kommunist olmağının uğuru deyildi, onun xarizmasının uğuru deyildi və əlbəttə ki, onun şəxsiyyətinin uğuru deyildi. Bütün bunlar Nazım Hikmətin estetik uğuru idi. O bir şair kimi heç şübhəsiz XX əsrin ən böyük şairlərindən biri idi. Ondan sonra Kamal Tahir var, Yaşar Kamal var, Əziz Nesin var və ən nəhayət Orxan Pamuk var. Yaşar Kamalın "İnce Mehmet" romanı Yunesko tərəfindən 1970-ci illərdə "İlin romanı" seçilmişdi və Orxan Pamuka qədər türk ədəbiyyatı dünyanın diqqət mərkəzində olmasa da hər halda diqqətində idi. Türk oxucusu dünya klassiklərindən tutmuş çağdaş yazarlara qədər bir çox yazarı türk dilində oxumaq imkanı vardı. Türk ədəbiyyatı dünyada gedən ədəbi prosesləri izləyə bilirdi, türk ədəbiyyatında ciddi söhbətlər gedirdi. Orda ciddi ədəbi proses vardı və bu ciddi ədəbi öprosesi bizim sovet dövründə ədəbi proseslə müqayisə etməyin özü absurddur. Türk ədəbiyyatında ciddi estetika savaşı var və bu estetika savaşı bu günün özündə də davam edir. Bütün bunlar Azərbaycanda fiziki baxımdan çox uzaqlarda baş verməsə də mənəvi mənada çox-çox uzaqdadır.
   
   Bediüzzaman Səid Nursinin bir zaman əsərlərini oxumuşdum, ordan çox şey yadımda qalıb. "Ne yapıyorsunuz yapın, amma asla yeise düşmeyin". Yəni, heç vaxt ümidsiz olmayın. Azərbaycanda ədəbiyyatın tıxanan yollarının açılması da əslində fantastik bir şey deyil. Düz-dünya bu yolu keçib. Sadəcə olaraq ölkədə kitab bazarını yaratmaq lazımdır. Ədəbiyyatın və yazarın statusunu qaldırmaq lazımdır. Ədəbiyyatdan siyasətə keçmək və "muzdlu ziyalıya" çevrilmək ənənəsinə son qoymaq lazımdır. Bütün bunlar xəyal olaraq görünsə də vəziyyətdən real çıxış yolu belədir. Yazar yazdığı kitabla özünü dolandıra bilməsə ən azı yazdığı əsər ona ciddi maddi divident gətirməsə xeyri yoxdur. Düzdür, bu gün dünyanın özündə də yalnız öz əsərinin hesabına yaşayan adam çox azdır. Amma istənilən ölkədə romanlarının qonararı ilə dolanan azsaylı da olsa adam var. Azərbaycanda beləsi yalnız Çingiz Abdullayevdir, onun da yazdığı Rusiya bazarına hesablanıb, mənim və bir çox ədəbiyyat adamlarının dediyinə görə ciddi ədəbiyyat faktı da deyil, detektivdir o qədər.
   
   Bu gün dünyada da ədəbiyyat ciddi şəkildə öz mövqeləini itirir. Bizim bu gün pərəstiş etdiyimiz Rusiyada belə kitablar olduqca az tirajla çap olunur. Amma "isinmədik istisinə, kor olduq tüstüsünə" misalında olduğu kimi biz əvvəl ədəbiyyatın yüksək statusuna nail olmalıyıq.
   
   Bu günkü ədəbiyyatımız isə ümid verir, ümiddən başqa bir şey vermir.
   
   

TƏQVİM / ARXİV