adalet.az header logo
  • Bakı 20°C
20 Oktyabr 2014 21:45
2931
MƏMLƏKƏT
A- A+

Bakıda Macarıstanın milli bayramı qeyd olunub

Bu gün Macarıstanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 58-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. 


Adalet.az  xəbər verir ki, Azərbaycanın və Macarıstanın dövlət himnləri səsləndirildikdən sonra səfir Jolt Çutora ölkəsinin müstəqillik tarixindən danışıb.

Azərbaycan-Macarıstan münasibətlərindən bəhs edən diplomat iki ölkənin birgə böyük uğurlara nail olduqlarını söyləyib. Səfir ölkələrimiz arasında güclü tərəfdaşlığın olduğunu vurğulayıb və bu tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına töhfə verdiyini deyən J.Çutora yaxın vaxtlarda Azərbaycanda Macarıstan Mədəniyyət Mərkəzinin açılacağını bildirib. İki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir çox işlərin görüldüyünü diqqətə çatdıran səfir siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişlənməsinin məmnunluq doğurduğunu qeyd edib.

Macarıstan xalqını və dövlətini milli bayram münasibətilə təbrik edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan ilə Macarıstanı bütün sahələrdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Nazir müavini iki ölkə arasında strateji əməkdaşlığın genişləndiyini vurğulayıb.

Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafının bundan sonra da davam edəcəyini bildirən M.Məmmədquliyev qeyd edib ki, siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı münasibətlər inkişaf edir. Nazir müavini Azərbaycan səhnəsində Macarıstan bəstəkarlarının əsərlərinin səhnələşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadəyə, "HUNAZ” təşkilatının baş icraçı direktoru Nazim Ağamalıyevə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı "Xidmətlərə görə” komandor xaç ordeni təqdim olunub.