adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Bizə halaldı, haram?

CEYHUN MUSAOĞLU
31732 | 2007-11-17 04:42
Gündəlik qəzetdə işləmək it əzabıdı. Necə ki, fəhlə bir gün daş daşımasa, balalarının ac qalmaq təhlükəsi var, eləcə də biz qəzetçilər bir gün yazmasaq, balası olan balasını, olmayan isə özünü, qədeşlər demiş, tank qabağına atar. Çünki bu məmləkətdə jurnalistlər də fəhlələr kimi günəmuzd işləyir. Hər gün yaşamaq istəyirsənsə, hər gün işləməlisən. Günəmuzd yaşayanlara istirahət haramdı. Onlara nə bazar verilir, nə məzuniyyət. Əslində onların bazarı və məzuniyyəti görməyə gözü yoxdur. İşləmək, işləmək, ölənə qədər işləmək. Bu gün jürnalistikanın yeganə şüarı budur. Bədbəxtçilikdi. Bədbəxtçilik həm də odur ki, fəhlələrin daşımağa həmişə daşı var. Son dövrlərdə isə Azərbaycanda kütləvi şəkildə evtikmə kompaniyasına start verildiyi üçün fəhlələr çörəksiz qalmır.
   
   Bizlərin çörəkləri mövzudan çıxır, mövzusa yoxdur. On beş ildir təkrarlanan məmləkətdə nədən yazsınlar. Bu məmləkətin sosial problemi də həminkidi, mədəniyyətə pərçimlənənləri də. Kriminallar da eyni səpkidə baş verir, istintaqı da eyni adamlar eyni üsulla aparır: cinayətin fəlsəfəsinə baş vurmadan eyni işi kəsirlər, yaxud eyni işi kəsmirlər. Siyasətçilər də on beş il bundan qabaq gördüklərimizdi. Hətta Mirmahmud Mirəlioğlunun müxalifətin birləşməsinə yönələn çıxışlarındakı tonu, Əli Kərimlinin qeyri-səmimi gülüşü, İsa Qəmbərin qəlyanı, Etibar Məmmədovun nala-mıxa vurması, Tahir Kərimlinin bazar adamı kimi qışqırması, Sabir Rüstəmxanlının siyasətlə ədəbiyyat arasındakı birdayaqlı körpüsü, Mübariz Qurbanlının dönməz və sönməz mövqeyi, Siyavuş Novruzovun qaba ifadələri də həminkidi. Məmurların ancaq boğazları yoğunlayıb. Fikirlərinə gəldikdə isə nə artırıblar, nə azaldıblar. Radikal müxalifətdəkilər iqtidarın ölkəni çapıb taladığını, konstruktiv müxalifətdəkilər iqtidara kömək lazım olduğunu deyiblər, deyirlər, deyəcəklər...
   
   İqtidar isə müxalifəti üç-dörd il qoz qabığına salır, üç dörd il qoz qabığından çıxarır, sonra yenə salır, yenə çıxarır...
   
   Vəssəlam! Məmləkətin mənzərəsi bundan ibarətdir. İndi yazıq jurnalistlər təzə nə yazsın? Qeyrətimizi göy əskiyə büküb, yenədəmi, Qarabağı satanları söyək, alanları "qanına qəltan" eləyək? Onsuz Qarabağın işğalı ilə çoxları çörək qazanır. Haram da olsa, hələ ki, yeyirirlər. Adam Qarabağdan yazmaz, adam Qarabağda vuruşar. Biz Qarabağdan yaza-yaza çörəyi atlı, özu piyada olan dilənçilərə çevrilmişik.
   
   ...Bu cümlələri güclə tapıb vərəqə düzdüm ki, ac qalmayım. Məmləkət nə qədər təkrarlanırsa, bütün sözlərim dilənib yazdıqlarım olacaq. Mən dilənib yazdım, siz də dirənib oxuyun ki, yediyim haram olmasın.
   
   ...Hələ də görmədiyim, bilmədiyim, tanımadığım türk şairinə sualım var: bizə HALALDI, HARAM?
   
   ...Yox, jurnalistlərin tutulması da təzə mövzu deyil. Biz əlimizə qələm ötürdüyümüz gündən özümüzü həbsxanaya salmışıq. Daha keçib, qulaqlarınızı yaxına gətirin, birini də deyim: biz elə həbsxanada doğulmuşuq. Sadəcə, valideynlərimiz bu həbsxananı bizə Vətən kimi sırıyıb. Axı onları da öz valideynləri aldadıb. Paxıllığımdan adını çəkmədiyim mütəfəkkirlərdən biri deyib: "Bir yalanı iki dəfə danışırsansa, o heç vaxt həqiqət olmayacaq".
   
   

TƏQVİM / ARXİV