adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Oktyabr 2014 18:03
5698
MƏMLƏKƏT
A- A+

TURKPA-nın Baş katibi Əflatun Amaşovla görüşüb

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) Baş katibi Jandos Asanovu qəbul edib. Qazaxıstanlı qonağı salamlayan Şura sədri bildirib ki, müasir reallıqda belə bir qurumun mövcudluğu türkdilli ölkələrin hərtərəfli inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm faktordur. Bu prosesə dövlət rəhbərləri, ictimai-siyasi xadimlər və digər sahə təmsilçiləri ilə yanaşı jurnalistlər, media qurumları da sanballı töhfələrini verə bilərlər. MŞ sədri qonağa sıralarında Azərbaycanda müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, tanınmış jurnalist təşkilatlarının birləşdirən Mətbuat Şurasının fəaliyyət istiqamətlərində bu məsələnin də diqqət mərkəzində saxlanıldığını deyib. O, əlavə edib ki, indiyədək qurultayları Türkiyə, Azərbaycan və Qırğızıstanda düzənlənən türkdilli ölkələrin və toplumların media təmsilçilərinin qurultaylarında həmin sahədə səylərin birləşdirilməsinə xidmət göstərməkdədir. J.Asanov ilk plenar iclası 29 sentyabr 2009-cu ildə Bakıda keçirilən TURKPA-nın mövcud olduğu 5 il ərzində bir sıra uğurlara imza atdığını konkret faktlar əsasında göstərib. Baş katib vurğulayıb ki, 2011-ci ilin aprelindən quruma sədrlik edən Qazaxıstanda türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsində medianın roluna xüsusi diqqət yetirilir. O, TURKPA-nın Mətbuat Şurası ilə əməkdaşlığının da buna təsirsiz ötüşməyəcəyinə əminliyini bildirib.