adalet.az header logo
  • Bakı 12°C

AiLƏ SƏADƏTi?.. O VARMI?!

VƏSİLƏ USUBOVA
22954 | 2007-11-17 04:32

   
   Anam xoşbəxt deyildi. Mən də xoşbəxt olmadım. Qızım da xoşbəxt deyil. Anam əllinci illərin əvvəlində ailə qurmuşdu, mən yetmişinci illərin axırında, qızımsa XXI əsrdə... Təxminən yarım əsrin içində üç oxşar qadın taleyi... Doğrudanmı, heç nə dəyişməyib?! Bu qədər eynilik haradandı?! Çoxlarının düşündüyü kimi, bəlkə alın yazısı, talesizlikdi bu? Uğursuzluq da irsidi, yoxsa? İndiyəcən bu mətləb üstə çox baş sındırmışam, hələ ki bir qənaətim yoxdu...
   
   Əslində heç kəs evlənəndə xoşbəxt olmaq, ailə səadəti deyilən bəxtəvər dünyanın sakini olmaq barədə düşünmür. Bu, sadəcə adətdimi, borcdumu, bilmirəm. Məncə, sevdiyin adamın yanında olmaq,ağlı-qaralı dünyanın bütün şıltaqlıqlarına birlikdə dözmək, acılarını, şirinlərini qoşa dadmaq istəyidi bu.. Əgər hamıya qismət olsa...
   
   
   
   ***
   
   
   
   Qanunlarımız işə qarışdı. Qızlar üçün nikah yaşı 17 yaş müəyyənləşdi. Adamları bu da qane etmədi.Həmişə olduğu kimi bu qanunda da ayaq yeri qoyulub, yerli hakimiyyət orqanlarına qızların nikah yaşını azaltmaq barədə sərəncam vermək səlahiyyəti verilib. Nişanlı qız, atası, qayınanası və ya qayınatası ərizə ilə müraciət edirlər. Məzmun da əsasən bundan ibarət olur ki, oğlanın anası xəstədir, evin kişilərinə qulluq edəcək qadın yoxdu. Və ya oğlanın valideynlərindən biri sağalmaz xəstədi, övladının toyunu görmək istəyir. Sənədlərə qızın cinsi yetişkənliyi barədə tibbi arayış da əlavə olunur. Hər şey qaydasındadı. Hər durumda istisna halları var. Məsələnin hüquqi tərəfi bir yana dursun, kağız üzərindəki əməliyyatlardan məlum olur ki, gəlin bu gün də ər evində qulluqçu, kəniz funksiyasını yerinə yetirir...
   
   Hə... "Arşın mal alan"dakı Telli demişkən, qızı allah-allahnan gətirirlər oğlan evinə. Bundan sonra nə olur?! Elə səhəri gün qayınananın şıltaqlıqları başlanır. " Gəlin tez yatdı, gec durdu, qabları təmiz yumadı, paltarları təmiz yaxalamadı, çayı gec gətirdi, adam yanında bərkdən danışıb-güldü" və s. və i.a. Sanki 30-40 il bundan qabaq özü gəlin olanda nə yatırmış, nə dincəlirmiş- qolu bağlı qul kimi həmişə əmrə müntəzirmiş. Üstəlik, nə yuduğuna, nə bişirdiyinə söz ola bilməzmiş. Həm də lal-karmış... Bəlkə yüz il bundan qabaq beləydi. Amma bu gün gəlinini incidənlər həmişə ərlərinin başında qoz sındırıblar, nəticədə bu gün ağsaqqal qayınata evdə heç bir nüfuza malik deyil...
   
   Qəribə burasıdır ki, bu gəlin-qayınana problemi təkcə türk xalqlarındadı. Amma bizim ailələrdə başqa millətdən olan gəlini nə əri, nə də qayınanası incitmir. Bunun səbəbi nədir? Başa düşə bilmirəm. Açığını deyim ki, bu mövzunu qələmə aldığıma görə xəcalət çəkirəm. Axı, daha sivil mövzulardan yazmaq olardı. O qədər problemlərimiz var ki... Deyəcəksiniz ki, bu mövzu artıq köhnəlib. Bədbəxtlikdən köhnəlməyib! Birinci yazıda qeyd eləmişdim, axı, biz geriyə gedirik...
   
   
   
   ***
   
   
   
   Bu işdə ərlərin günahı daha böyükdür. Xalq arasında nahaq demirlər ki, əri tutanı el tutar, əri atanı el atar. Belə məqamda həmişə " Yad Qızı" tamaşasını xatırlayıram. Türk xalqları ədəbiyyatında ər-gəlin-qayınana üçbucağı heç bir əsərdə bu romandakı qədər real əks olunmayıb.

TƏQVİM / ARXİV