adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Oktyabr 2014 16:59
5694
ƏDƏBİYYAT
A- A+

Dünya ədəbiyyatından daha iki kitab

Azərbaycan tərcümə ədəbiyyatını zənginləşdirən daha bir neçə kitab işıq üzü görüb. Adalet.az xəbər verir ki, bunlardan biri dünya şöhrətli Amerika yazarı Rey Bredberinin hekayələridir. Müəllifin hekayələri Azərbaycanda ilk dəfə toplu şəklində nəşr edilib. İndiyədək Bredberinin bir neçə hekayəsi Azərbaycancaya tərcümə edilmişdi. "Altun Kitab” Nəşriyyatında hazırlanmış kitabda fantastik janrda bir-birindən maraqlı hekayələr toplanıb.   
Məşhur Amerika yazıçısı Reymond Duqlas Bredberi (1920-2012) fantastik janrın ən tanınmış nümayəndələrindən biridir. Kitabda "Şeytan çarxı”, "İzdiham”, "Tabutçu”, "Sevə-sevə öldürmək”, "Balaca qatil” və s. hekayələri toplanıb. Onun bir çox əsərləri kinosevərlərə də tanışdır. "Farengeyt üzrə 451” əsəri ekranlaşdırılmış, bundan əlavə, "Mobi Dik” (1956) filminin ssenarisini yazmışdır. 1990-cı illərdə isə onun "Rey Bredberinin teatrı” teleserialı çox məşhur idi. Kinematoqrafiyadakı işlərinə görə Hollivudun Şöhrət xiyabanında adı var.
Bundan başqa, "Altun Kitab” Nəşriyyatında elmi fantastikanın və mistifikasiyanın banisi sayılan ABŞ yazıçısı, şair və ədəbi tənqidçisi Edqar Allan Ponun (1809-1849) da hekayələr toplusu dərc olunub. Qısa oçerklər, detektiv və kriminaloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri olan Ponun bu kitabda  "Qara pişik”, "Diri-diri basdırılma”, "Xanım Ligeya”, "Morq küçəsində qətl”, "Mumiya ilə söhbət”, "Qeyri-adi mələk”, "Şüşədən tapılmış əlyazma” və bu kimi kriminal və mistik mövzulu nəfəs kəsən hekayələri yer alır. 
Qeyd edək ki, hər iki kitabdakı tərcümələrin böyük qismini Adalet.az saytının əməkdaşı, şairə-tərcüməçi Şəfiqə Şəfa Azərbaycan dilinə çevirib.