adalet.az header logo
  • Bakı 17°C
20 Oktyabr 2014 16:58
4771
MƏMLƏKƏT
A- A+

Fərasət Qurbanov QHT-lərlə bağlı dəyişikliyi dəstəklədi

" "Qrant haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara edilən əlavə və dəyişikliklər ilk növbədə QHT-lərin işinin səmərəli, şəffaf və qanunvericiliyə uyğun təşkilini təmin etmək məqsədilə həyata keçirilib”. 


Adalet.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov mövcud dəyişikliklərin üstünlüklərindən danışarkən deyib.

Onun sözlərinə görə, bəzi QHT-lər yeni çağırışlarla bağlı dəyişiklikləri qəbul etməkdə bir qədər çətinlik çəkirlər: "Burada söhbət ondan gedir ki, Azərbaycana müxtəlif fond və donor təşkilatlardan milyonlarla dollar həcmində vəsait daxil olur, lakin bu layihələr ölkəmizdə qeydə alınmır. Bu səbəbdən də layihələrin qeydə alınmasını sistemləşdirmək, eləcə də ölkəyə daxil olan vəsaitin ümumi dövriyyəsinə nəzarət etmək üçün dövlət belə bir addım atıb. Odur ki, dəyişikliklərdə donorçuluq fəaliyyətini, eləcə də xarici QHT-lərdən qrant almağı məhdudlaşdıran heç bir əməl yoxdur. Burada sadəcə xarici QHT-lərin qrantları verməzdən əvvəl ölkəmizdə qeydiyyatdan keçmələri və müvafiq icra hakimiyyəti ilə saziş imzalamaqları tələb olunur”.

"Bildiyiniz kimi, bizim QHT-ləri əsas narahat edən məsələ ondan ibarətdir ki, onlar Bakıda yalnız elektron formada ərizə yazaraq xaricdə fəaliyyət göstərən ayrı-ayrı donorlardan qrantlar alırlar”, - deyən F. Qurbanov onların qrantları alarkən müxtəlif fəaliyyətlərə sahib olduğunu diqqətə çatdırıb.

Qurbanov eyni zamanda onların öz əməllərini humanitar fəaliyyət kimi analiz etdiklərini vurğulayıb: "Lakin bu fəaliyyətin arxasında nələrin dayandığı və maliyyənin hansı mənbələrdən cəmləşdiyindən xəbərsiz olurlar. Hətta bəzi hallarda özləri də bilmədən xarici kəşfiyyat orqanlarının, eləcə də arzuolunmaz fondların təsirinə düşürlər. Dövlətimiz də onları əlavə təsirlərdən qorumaq üçün belə bir addım atır”.

Şura rəsmisi onu da əlavə edib ki, qanuna edilən mövcud dəyişiklikləri siyasiləşdirmək və bunu QHT-lərə təzyiq kimi qəbul etmək absurtdur: "Digər tərəfdən belə bir sual ortaya çıxır ki, xarici donorlardan qrant alan QHT-lərin sayı nə qədərdir? Bu rəqəm təxminən 15-20 nəfər ola bilər. Hər kəsə məlumdur ki, xarici donorlar da həmişə məhz onları dəstəkləyir, eləcə də eyni mövzular üzrə həmin QHT-lər maliyyələşir. İstərdim ki, həmin 15-20 nəfər dəyişikliklərdən narahat olmasınlar. Çünki dövlətimiz xarici donorların ölkəmizə gəlməsinin qarşısını almaq niyyətində deyil, əksinə bu məsələdə ciddi nizam-intizam qoruyub saxlamaq istəyir”.