adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Oktyabr 2014 16:49
4604
GÜNDƏM
A- A+

Oqtay Əsədov albaniyalı həmkarını qəbul edib

Oktyabrın 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Albaniya əlaqələri və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov Albaniya ilə parlamentlərarası əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyət göstərir. Əlaqələri daha da möhkəmləndirmək üçün bu qrupların qarşılıqlı səfərlərini artırmaq lazımdır.

Azərbaycan-Albaniya əlaqələrinin dərin kökləri olduğunu deyən Oqtay Əsədov xalqlarımızın bir-biri ilə qədimdən əlaqə qurduğunu vurğulayıb. "Şahdəniz 2” layihəsinin imzalanması ərəfəsində Albaniya prezidentinin Azərbaycana səfərini xatırladan Sədr ölkələrarası əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin önəminə diqqət çəkib. Bildirib ki, Azərbaycan hökuməti Albaniya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Sədrin sözlərinə görə, Azərbaycan və Albaniya hər zaman beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Oqtay Əsədov icra olunan irimiqyaslı TAP və TANAP layihələrinin əhəmiyyətindən danışıb. Onun fikrincə, layihələrin icrası tamamilə başa çatdırıldıqdan sonra ölkələrin iqtisadi əlaqələri də yüksələcək.

Milli Məclisin Sədri turizm sektorunun inkişaf etdirilməsi üçün Albaniyada böyük imkanların olduğunu qeyd edib və bu istiqamətdə birgə fəaliyyətin qurulmasının vacibliyindən söz açıb. Sonra Azərbaycanın sürətli inkişafından danışan Oqtay Əsədov ölkəmizin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığını bildirib.

Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara ətraflı məlumat verib. Vurğulayıb ki, bu məsələdə Albaniya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bununla belə, qeyd olunub ki, Xocalı soyqırımını tanıma ilə bağlı dünyanın bir çox ölkələri və Amerika Birləşmiş Ştatlarının bir neçə ştatı kimi, Albaniya parlamenti də qərar qəbul edərsə, Azərbaycan dövləti üçün faydalı olar.

Albaniya parlamentinin sədri İlir Meta da ölkəsinin Azərbaycanla bütün sahələrdə yüksək səviyyədə əlaqələrinin olduğunu söyləyib. Bildirib ki, TAP və TANAP kimi iri enerji layihələri həm Albaniya, həm də Avropa üçün böyük əhəmiyyət daşıyır. İ.Meta qeyd edib ki, hazırda Albaniyanı bütünlüklə qazlaşdırmaq üçün baş plan hazırlanır və bunu Azərbaycanla birgə gerçəkləşdirmək niyyətindədirlər.  Çünki Azərbaycan şirkətləri bu sahədə geniş təcrübəyə malikdirlər.

Daha sonra turizm, kənd təsərrüfatı və təhsil sahələrində də əməkdaşlığın vacibliyi qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Albaniya parlamentinin sədri münaqişənin sülh yolu həllinin tərəfdarı olduqlarını bildirib.