adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TOY EHTiRASI

45924 | 2007-11-17 04:32

   
   Azərbaycanlıların toy ehtirası adamı şoka salır. Bu qədər atılıb-düşmə istedadının hardan gəldiyini müəyyən etmək üçün bir özündən müştəbeh, savadına güvənən tarixçi istəyirəm. Araşdırıb tapsın ki, millət belə hay-huylu, köçlü- külfətli zurna, nağara qışqırdaraq çığırıq məclislər keçirmək adətinimi deyim, həvəsinimi deyim, ya bacarığını, ya da meylinimi hardan öyrənib. Canında toy sevgisi, toy yanğısı hansı genetik, irsi ötürülmə ilə bağlıdır? Ey, özünə tarixçi deyən, bil və agah ol, sən bunun mənbəyini heç vaxt araşdıra bilməyəcəksən.
   
   Siz yazını oxuyandan üç gün əvvəl qonaq getdim. Orada rəfə taxılan bir fotoşəkli görüb xeyli mat qaldım. Deməli, fotoda hündür-hündür kürsülərdə əyləşən iki balaca, onların da önlərində yeyib içmək, güzgü-müzgü, şamdan filan olan masa vardı. Balaca oğlanın əynində bəylik kostyumu, qızcığazın əynində də yaxşıca fatalı-zadlı gəlinlik. Ev sahibəsindən soruşdum ki, bu nə işdi. Qollarını çırmalayıb başladı həvəslə açıqlamağa. "Bala, bu oğlanın sünnət toyudur. O, da gəlindir. "Yerimə yapışdım. Qadın daha ətraflı izaha keçdi. "Bəs bilmirsən, indi toylarda yeni adət var da. Oğlanın sünnətində yanında bir gəlin də otuzdururlar. Bu gəlin qohum əqrəbadan da ola bilər, tapılmasa sifariş ələ gətirilir, ya da dost-tanışdan birinə hörmət edib qızını bir günlük gəlin edirsən. Olur əsl kişi toyu". Şoka düşdüm. Ağzım açıq qadını dinləyib heyrətdən millətimin təfəkkürünə hansı dizayn vermək oları kəkələyirdim. Vay sizi, ayıb-ayıb, ay camaat, oğlumun filan yerini kəsdirib onu müsəlman eləmişəm xəbərini respublikayla bir eləməkləri tamam deyil, barmaq boyda qızlara indidən ərə getməyi, seks aparatı, mətbəx kombaynı olmağı aşılayırlar. Belə getsə azərbaycan qadınına heç vaxt siyasi-iqtisadi demirəm, heç ictimai-sosial mövqeyi də olmayacaq.
   
   Deməli, biz buralarda boş-boş işlərlə məşğuluq. Deməli, dövlətin xanımı heç kim üçün göstərici olmayıb. Hansısa qadın 4-5 yaşlı zobalaq qızına gəlin paltarı geyindirib indidən kişi yanında otuzdurur.
   
   Hansısa ailə oğlunu sünnət edib gözümüzə soxur. Deməli, heç kim Azərbaycanda anlamayacaq ki, bədəndə hansısa artıq əti kəsib yanında arvad otuzdurmaqla kişi olmurlar. Deməli, heç bir qadın anlamayacaq ki, sünnət toyu olan kişi ilə yaşamaq hələ əsl kişi ilə yaşamaq demək deyil. Dostum elə hey deyirdi ki, Azərbaycanda qadın-kişi məhfumu yoxdur. Xalalar, arvadlar, əmi, dayı, bacı, qardaş, bacanaq, baldız, qaynana anlayışı var. Qadın ola bilmir burada heç bir dişi. Kişi ola bilmir heç bir erkək. Ya elə dişi qalır, ya da...
   
   Onu da deyim ki, hara çevirsən, hansı rakursdan, altından-üstündən baxsan toy təmtərağı iki insanın sevgi nəticəsinə, ya da belə deyək, iki sevgilinin gəldikləri nəticə məzmununa yaxın da düşə bilmir. Əlbəttə, istisna hallar var. Bu hallar harda və nədə yoxdur ki?! Söhbət formal və normal hal kimi yaşanan gerçəklikdən və faciədən gedir. Çoxluğun ailəsindən, çoxluğun toyundan, çoxluğun cütləşməsindən danışıram mən yazıq. Bir yürüş adamın toplandığı "ləziz yeməkli 500 nəfərlik toy zalları"na doluşan kütlənin hardasa məkanın o başında maket kimi əyləşən, gözlərində çəkingən, hürkək ifadəsi olan o iki gəncə nə dəxli var? Ətrafda ora-bura qaça-qov edənlərin, bu evlənənlərin indən belə yaşayacaqları problemlər, uşaq doğmaq, lap elə xoşbəxt olmaq missiyalarında hansı ortaqlıqları var? Qadınlar üçün olan-olmaz bəzək əşyalarını, taxılarını, sonuncu zərzibonlu donlarını göstərmək, kişilərin içib ...açarlarını itirmək şansı hansı cütlüyün həyatında müvəffəqiyyətə səbəb olub?
   
   Sünnət toyunu özü də "toy"-unu haa, belə qalabalıqda keçirməklə, dəhlizlərdə nəzir qutuları yerləşdirməklə, yazıq uşağı yalandan tərifləyərək ona aidiyyatı olmayan şeylərdən danışan hər yekəqarına çıxış verməklə hələ yanına arvad otuzdurmaqla nəyi, necə həll edir azərbaycanlılar?
   
   
   
   P.S. İndi bir zəhlətökən ağır patriot düşəcək meydana ki, xeyir ola belə danışırsan, sən məgər azərbaycanlı deyilsən?" Ümumiyyətlə, mən bu suala cavab vermək istəmirəm!
   
   Son illərdə azərbaycanlılar daha sevgiyə inanmırlar. Ağzını açan deyir ki, "indiki zamanda sevgi yoxdur". Xəbəri olmayan elə bilər məmləkətdə bineyi-billah sevib-sevilənlər qan edib indi hansısa mərdimazar qanın arasına girib. Rastınıza belələri çıxanda siz Allah öz adınızdan da olmasa mənim adımdan soruşun görək, bu millət nə vaxt sevib, kimin dövründə? Harada, neçənci ildə?
   
   Əgər şadlıq evlərinin sayı artırsa balaca ümid yeri var. Güman ki, bu bəlalı göstərici nə vaxtsa evlənənləri bezdirər (çirkindirər, iyrəndirər) onlar belə toy mərasimlərindən imtina edərlər. Nəticədə şöhrət xətrinə, görüntü üçün keçirilən toyların sayı azalar. Dəm-dəstgah olmasa gənclər sərbəst buraxılar və yəqin ki, axır-əvvəl sevərlər. Millət sevsə-sevsə bundan sonra sevər hələ.
   
   

TƏQVİM / ARXİV