adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Oktyabr 2014 16:09
4394
MƏMLƏKƏT
A- A+

Elçin Behbudov Leyla Yunusa qarşı

"Hazırda Leyla Yunus vətənə xəyanət maddəsi ilə həbs olunub və istintaq gedir. Bu gün Azərbaycan Ermənistanla müharibə şəraitindədir və belə bir vaxtda Leyla Yunus kimiləri vəziyyətdən istifadə edib, düşmənlə əlbir olaraq vətənə xəyanət edirlər”. Bu fikirləri İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Onun sözlərinə görə, Leyla Yunus düşmənin, digər beynəlxalq qüvvələrin maraqlarına xidmət edərək özü üçün şərait qurur: "Ermənilər intensiv olaraq sərhəddə atəşkəsi pozaraq ordumuza qarşı ağır silahlardan istifadə edirlər. Dağlıq Qarabağın onlara aid olduğunu iddia edirlər. Halbuki, tarixdən də bəlli olduğu kimi, bu torpaqlar xanlıqlar dövründən Azərbaycana məxsus olub. İndi bu əraziləri işğal altında saxlayırlar. Azərbaycan xalqı isə heç bir halda bununla razılaşmır, istər müharibə, istərsə də sülh yolu ilə torpaqlarımızı geri qaytarmağa çalışır. Leyla Yunus isə Tiflisdən və ya digər ölkələrdən istifadə edib ermənilərlə görüşlər keçirir, onların Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıqlar qurur. Bu hərəkətə yol verənə ancaq vətən xaini adı vermək olar. Bu yollarla da o Fransada, digər dövlətlərdə evlər alıb. Leyla Yunus hiyləgərliyi ilə Fransa nazirlərinin belə ala bilmədiyi "Fəxri legion” mükafatına layiq görülüb. Bunları hansı əməyinə, hansı zəhmətinə görə əldə edib?! Təbii ki, bunun arxasında demokratiyanın carçısı olan bəzi dövlətlərin sifarişlərini yerinə yetirmək missiyası durur. Onun işi yalnız "siyasi məhbuslar” barədə siyahı hazırlayıb beynəlxalq təşkilatlara göndərmək, Azərbaycanın maraqlarını satmaqdan ibarətdir”