adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SUSURAM, ATAM BALASI, SUSURAM

OQTAY SALAMOV
20106 | 2007-11-17 04:32
Səhər işə gələndə baş redaktorumun məzəmməti ilə qarşılaşdım, dünənki sayda yazımın olmamasını irad tutdu. Min cür bəhanə tapa bilərdim, amma susdum, demədim ki, onun deputat olmağı mənim bir çox mövzularımın qabağını kəsir. Vaxtı olmur ki, bəzi şeyləri soruşum, birbaşa yazanda da dəryazın ağzı dəyir daşa. Ona görə də bu üzdən bəzi şeyləri yaza bilmirəm. Bəzi şeyləri də yazmağın mənası olmur, dəyirman - çax-çax məsələsinə bənzəyir. Bax belə səbəblərə görə bu gün də yazmıram. Əgər yazmağımın mənası olsaydı, yazardım ki:
   
   Millət vəkili Vahid Əhmədov ölkədə inhisarçılığın olduğunu və bizim əsas fəsadlarımızın məhz buradan qaynaqlandığını təkid və israrla təkrarlayır. Açıq-aşkar xəbərdarlıq edir ki, hər kəs öz payını götürməlidir. Amma bu bir çoxlarının özlərinə sərf edən şəkildə "payını götürməyi" demək deyil, nəticə çıxarmaq mənasındadır. "Pay"ını mən deyirəm, Vahid müəllim "dərs"ini söyləyib. Deputat qiymətləri süni şəkildə qaldıranların adının parlamentin tribunasından çəkiləcəyini söyləyir. Xatırladır ki, Azərbaycan prezidenti 2 dəfə inhisarçılara xəbərdarlıq edib və yəqin ki, bunun nəticəsi olacaq. Allah ağzınızdan eşitsin, Vahid müəllim! Amma "vaxtı gələndə hər şey açıqlanacaq" sözünüz "lazım gəlsə"ni xatırladır. Vallah vaxtı gəlib, billah vaxtı gəlib. "İnhisarçılıq aradan qalxsa əhalinin vəziyyəti düzələr" deyirsiniz, vəziyyətin düzəlməsinə əşhədü-ehtiyac var.
   
   Əgər yazsaydım onu da yazardım ki, İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda deyilir ki, çörəyin qiymət artımı baş verə bilər, amma birdən-birə 100 faiz yox. "Hökumət qiymət artımının baş verməməsi üçün tədbirlər görür. Bahalaşma baş versə də, kəskin qiymət artımı olmayacaq". Burada Vahid müəllimin "əhalinin maaşlarının 5-10 faiz artırılması ilə heç nəyə nail olunmayacaq" həqiqəti yada düşür. Cənablar, hansı qeyri-kəskindən danışırsınız? Başa düşün, bir maaş lap çoxu 50 faiz qalxırsa, hər şey də 50 faiz bahalaşırsa bu maaş alanın ayaqüstə ölməyi deməkdir. Yəni yağ da 50 faiz, ət də əlli faiz, kartof da..., mən ən zəruri minimalın minimalını deyirəm - artanda maaşın 50 faiz artımının nə olduğunu özünüz hesablayın. Ona görə də yazmıram.
   
   Müdafiə nazirimiz Britaniyanın Azərbaycandakı səfiri ilə görüşündə deyib ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına tərəfdardır. Sonra da əlavə edib: "Lakin dinc danışıqlar nəticə verməsə, biz öz ərazi bütövlüyümüzün bərpası üçün başqa yollardan istifadə edəcəyik". Mən yazı yazsaydım, yazmalıydım ki, yəqin Səfər müəllim müharibə yolunu nəzərdə tutur. Onda da adamdan soruşarlar ki, o belə demirsə, sən niyə deyirsən? Həm də nazir "yol" demir, "yollar" deyir, deməli, hələ mənim bilmədiyim və burnumu soxmağın məsləhət olmadığı şeylər çoxdur. Bə niyə yazıb özümü pas eləyim? Ona görə də yazmıram, susuram...
   
   Deputatlardan çoxlu xəbər var, yazsam müdirimin xoşuna gəlməyəcək. Məsələn, deputatların ezamiyyət pullarını artırıblar və özü də artıq avro ilə verəcəklər. Sağlıqla xərcləsinlər. Yazsam ki, sağ əlləri qalanların başına, o dəqiqə əllərini ciblərində gizlədəcəklər. Yazırlar ki, Milli Məclisə girmək üçün də deputatların arasında fərq qoyulur. Bəzilərini jurnalistlərlə bir girişdən buraxırlar, bəzilərini xüsusi qonaqların gəldiyi qapıdan. Bu dəqiqə deputatların başı qarışıqdır, büdcəni müzakirə eləyirlər, qoy bu vacib işi başa çatdırsınlar məsələni parlamentin gündəliyinə çıxaracaqlar. MM-dən söz düşmüşkən, maliyyə nazirimiz elm sahəsində çalışanların maaşlarının artırılmasını məqbul saymır: Elmin maliyyələşdirilməsilə bağlı təkliflər hazırlanır və qısa zamanda açıqlanacaq. Söhbət elmi layihələrin stimullaşdırılmasından gedir. Sadəcə, elmi işçilərin maaşlarını artırmaq bizə heç nə verməyəcək". Yazı yazsam, gərək yazam ki, söhbət sizə nəsə verməkdən getmir, söhbət elmi işçilərə normal maaş verməkdən gedir. Lazımsız, şişirdilmiş ştatlı "elmi" müəssisələri isə bağlayın getsin. Belə yazanda da olacam lap pisin pisi. Ona görə də susuram.
   
   İndi deyəcəyim xəbəri inanın ki, çoxları bilmir: Deyir noyabrın 15-dən mal ətinin qiymətində 30, qoyun ətinin qiymətində isə 50 qəpik bahalaşma olub. Ona görə çoxları bilmir deyirəm ki, hələ 30 və 50 qəpiklik artımdan əvvəl də çoxları ət ala bilmirdi. İnnən belə tem bolee. Özü də proqnoz verirlər ki, Qurban bayramına kimi artma davam edəcək. Haradasa eşitmişəm ki, Qurban bayramında mütləq qan çıxarmaq lazımdır. Yazı yazsaydım, təklif edərdim ki, kasıblar barmağını çərtib qan çıxarsalar varlılar bunu qurban kimi saysınlar. Bax bunu eləməmək üçün susuram.
   
   "Özəlləşdirilmiş bağçalarda uşaqlara yemək verilmir", "Bakı sovetinə yol bağlandı", "Mövqelərimiz atəş altındadır"... Susdum, atam balası, susdum...
   
   

TƏQVİM / ARXİV