adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

GÖZüTOXLUQ

18679 | 2007-11-17 04:31
Qədim dövrlərdə, qədim şəhərlərdən birində müdrik bir adam yaşayırmış. Ağıllı adamlar ona hörmət edər, nadanlar isə ələ salardılar. Günlərin bir günü şəhər əhalisi həmin müdrik sayılan adamın paytaxtın mərkəzində, uje bir heykəlin qarşısında dayanıb diləndiyini görür. Elə dilənir ki, heç bizim Ramazan bayramlarında adamın üstünə yeriyən dilənçilərimiz belə onunla yarışa girə bilməzdilər. Elə dilənir ki, hamının, hətta ən soyuqqanlı adamların, hər vaxt onu ələ salan nadanların belə ürəyini kövrəldir, gözünü yaşardır. Bu acı yalvarışların təsirindən ətrafa yığışıb qəribə mənzərəyə baxan adamlarda da birdən-birə möcüzəyə inam yaranır. Ağıllarından keçir ki, bəlkə həqiqətən də möcüzə baş verdi, bəlkə doğrudan da heykəl canlanıb əlini cibinə salacaq və bu zavallı insana pul verib yola salacaq ki, al bu pulu, get yaşa, məni isə dinc burax, qoy öz hərəkətsiz, sakit heykəl həyatımı yaşayım. Amma yox! Möcüzə baş vermir. Heykəl heykəl olaraq donub qalır, müdrik isə elə hey üzünü bu insanşəkilli daş parçasına tutub dilənir, dilənir, dilənir...
   
    Bu ürəkparçalayan mənzərədən nəhayət gözləri doyan adamlar yavaş-yavaş dağılışmağa başlayır, hərə öz işinə-gücünə çıxıb gedir. Lakin səhər yenə mərkəzi meydandan keçəndə eyni səhnənin şahidi olurlar. Müdrik dayanıb heykəldən pul dilənir. O biri günü yenə də bu səhnəni görürlər. Sonra tədricən bu səhnəyə o qədər alışırlar ki, ona heç əhəmiyyət vermirlər. Elə bilirlər ki, o müdrik adamın özü də heykələ canlı əlavədir və birlikdə abidə kompleks yaradıblar. Beləcə günlər, aylar keçir. Bir neçə vaxtdan sonra birdən ayılıb görürlər ki, axı bu abidə kompleksin canlı əlavəsi yoxa çıxıb. Onsuz heykəl də yetim kimi görünür. Hamılıqla o müdrik adamın axtarışına çıxırlar, nəhayət şəhər kənarında, xarabalıq bir yerdə onu tapırlar.
   
   - A kişi, sən hardasan, bizim o boyda heykəl ucaltdığımız o böyük şəxsi niyə tənha qoyub gəlib oturmusan bu xarabalıqda?
   
   Rəvayətin bu yerində adamın yadına Qədim Yunan filosofu Diogenin sözləri düşür. O da harda heykəl görərdisə, dayanıb uzun-uzadı ona dilənərdi. Ondan soruşurdular:
   
   - Ey Diogen, o heykəldir, sən də filosof. Niyə billə-bilə ki, heykəl sənə heç nə verməyəcək, ona dilənirsən?
   
   Hər dəfə belə suallara Diogen eyni cavabı verərdi:
   
   - Bu yolla həyatın mənə sədəqə verməyəcəyinə özümü alışdırmaq istəyirəm.
   
   Yəni Diogen özünü o səviyyəyə yetirir ki, kasıb da olsa həyatdan heç bir umacağı olmasın, gözütox yaşasın.
   
   - Varlı o adamdır ki, nəyi varsa, hətta cındır geyimi belə, onu özünə nemət bilir.
   
   Bu sonuncunu da Diogen deyib. Yaxud da onun kimi ağıllı adamlardan biri. Amma bizim rəvayət Qədim Yunanıstanda, Afinada yox, hardasa başqa bir məkanda və başqa zamanda baş verir. Bizim rəvayətin qəhrəmanı təkcə müdrik deyil, həm də siyasətçidir. Deməli, Diogendən daha dərin adam, daha güclü filosofdur.
   
   Xülasə, müdrik adamların ondan niyə heykəli tənha qoyduğunu, ona dilənməyi atıb bu xarabalıqda özünə yer elədiyini soruşanda belə cavab verir:
   
   - Sizin deyəsən başınıza at təpib. Heç heykəl də adama pul verər ki, mən də gedim ona dilənim, qızıl kimi vaxtımı boş-boşuna onun qarşısında keçirim.
   
   Onun bu sözünə şəhər əhalisi, əlbəttə ki, təəccübləndi və təbii olaraq ona ikinci sualı verdilər:
   
   - Məgər sən orda günlərlə, aylarla dayanıb dilənəndə bilmirdin ki, bu heykəldir, ondan sənə sədəqə gəlməyəcək?
   
    Bu sözdən müdrik dilənçinin gülməyi gəldi. Başını yellədib xeyli güldü və nəhayət dərindən nəfəs alıb ciddiləşdi və tam ciddi şəkildə dedi:
   
   - Mən ona dilənəndə möcüzəyə inanırdım. Elə ki möcüzəyə inamım tamam tükəndi, o heykəl də mənim üçün öldü. İndi nə deyirsiniz, indi mən durum ölüdən özümə sədəqə diləyim?
   
    Adamlar bu söhbətdən heç nə başa düşmədi. Sual, nigarançılıq dolu nəzərləri ilə bir-birinə baxdılar. Sonra, nəhayət, onlardan daha cəsarətlisi ayağa qalxıb uca səslə dedi:
   
   - Dünyanın işinə bir bax. Biz bu adamı illər uzunu ağıllı, müdrik saymışıq. Sən demə, o dəlinin biriymiş. Durun gedək işimizə-gücümüzə. Bu dəli üçün ən yaxşı yer elə buradır, xarabalıq.
   
   Çıxıb getdilər işlərinə, güclərinə. İş-güc öz yerində, hərdən o dəlinin, yəni xarabalıqda yaşayan müdrik adamın sözü yadlarına düşür, onu bir-birinə lətifə kimi danışıb gülürdülər. Ta o vaxtacan bu lətifəyə güldülər ki, nəhayət buna heç kimin gülməyi gəlmədi. Yavaş-yavaş burda gülməli yox, düşünməli mətləblərin daha çox olduğunu anlamağa başladılar. Amma bu barədə əvvəl-əvvəl heç nə demədilər. Sonra yavaş-yavaş, yeri düşəndə dəli-müdrik adamın sözlərini bir-birinə pıçıltı ilə xatırlatmağa başladılar. Bu söhbətlər yayıldıqca camaatın gözündə uca heykəl kiçilməyə başladı. Gün-gündən heykəl kiçilirdi. O qədər kiçildi ki, adamlara elə gəldi ki, heykəl əl-ayağa dolaşır. Çünki böyük bir meydanı tuturdu bu heykəl. Belə olanda adamlardan bəziləri cəsarətlərini yığıb heykəli dağıtmaq təklifi verdi.
   
   Bax, bu xətalı təklif şəhər əhalisini ikiyə böldü. Bir bölüm deyirdi heykəli sındırmaq lazımdır, başqa bir bölüm deyirdi yox, olmaz, biz o heykəli ona görə ucaltmamışıq ki, sonra sındıraq. Qərar qəbul etmək üçün səs verdilər və səsləri saymağa başladılar. Sayıb gördülər ki, nə qədər sındırmağın lehinə olan varsa, tənbətən o qədər də əleyhinə olan var. Belə çıxılmaz vəziyyətdə qalan adamlar qərara gəldilər ki, təbliğat aparsınlar. Nəyisə etməzdən əvvəl gərək onun təbliğatını aparasan. "Gəlin biz də bir müddət təbliğat aparaq, ondan sonra səsləri yenə də sayarıq. Hansı çoxluq təşkil etsə, ona əsasən də qərar verərik.
   
   İki tərəfdən təbliğat başladı. Bəzən bu təbliğat o qədər qızışdı ki, az qala qarşıdurmaya səbəb olurdu. Amma şəhər əhalisinin böyük əksəriyyəti dinc adam olduğundan, dinc yaşamağa üstünlük verdiyindən bu qarşıdurmanın da dərinləşməsinə imkan vermirdi. Təbliğat müddəti bitən kimi yenidən səsləri hesablayıb gördülər ki, bu nədir? Yenə də əhalinin sayı heykələ münasibətdə tənbətən ikiyə bölünür. Bu silsiləni bir neçə dəfə təkrar etdilər, təbliğat - səsvermə, təbliğat - səs vermə... Amma xeyri yox idi, rəqəmlər dəyişmək istəmirdim. Axırda bir nəfər hamının diqqətini özünə çəkib:
   
   -Allah bizim şəhərə dünyanın ən müdrik adamını göndərib. O isə xarabalıqda yaşayır. Elə rəqəmlərin səsvermədə belə dəyişməməsi də Allahın iradəsi ilə baş verir. Biz gərək onun yanına gedək. Son söz onundur. Vəssəlam!
   
   Bütün şəhər bayquş ulayan xarabalığa doğru yürüş edir. Xarabalığa yetişib daha da miskin hala düşən müdrik adama məsələnin nə yerdə olduğunu bidirirlər. O da adamları dinləyəndən sonra ayağa qalxıb cındır üstü-başının tozunu çırpır, əyri-üyrü çubuğunu özünə dayaq edə-edə şəhərə yollanır. Şəhər əhalisi də addım-addım onun dalıyca gəlir. Dəli müdrik heykəlin qarşısına çatan kimi özünü saxlaya bilməyib çubuğunu kənara tullayır, diz çöküb başlayır ağlamağa. Elə ağlayır ki, şəhər əhalisi də özünü saxlaya bilməyib ona qoşulub xorla ağlayır. Ağlama, oxşama səsi ərşə qalxır. Elə bil dünyanın sonudur. Birdən əhali başını qaldırıb görür ki, dəli müdrik yoxdur. Onun üçün ətrafa baxanda gördülər burdan xeyli uzaqdadır, əyri çubuğunu dayaq edə-edə şəhərdən çıxır. Hayla-küylə qaçıb onu haqladılar, dövrəyə alıb tələb edən kimi soruşdular:
   
   -Sən nə edirsən? Biz səni çağırmışıq son sözü deyəsən, sən isə heç bizə məhəl qoymadan çıxıb gedirsən. De görək neyləmək lazımdır?
   
   Dəli müdrik ətrafına ağıllı adam görmək ümidiylə göz gəzdirib dedi:
   
   - Vaxtilə o heykəl dəyişməzliyi, yalvarışlarıma cavab verməməyi ilə mənə gözütoxluq, bununla da rahat yaşamağı öyrətmişdi. Mən öz müəllimimin sizin kimi sakinlərin əlində qalmasına, onun aqibətinə ağladım. Bununla da son sözümü dedim. Qərar isə sizindir. Necə istəyirsiniz, elə də edin.
   
   

TƏQVİM / ARXİV