adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Oktyabr 2014 12:08
5386
MƏMLƏKƏT
A- A+

Millət vəkili yeni baş məşqçi haqqında-Təvazökar insandır

Millət vəkili Fazil Mustafa "facebook" hesabında futbol yığmamızdakı yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərini bölüşüb.

Mahmud Qurbanovun təyinatına sevindiyini bildirən millət vəkili hazırki vəziyyətdə Azərbaycan milllisindən yüksək nəticələr gözləməyin mümkünsüz olduğunu vurğulayıb: "Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna Mahmud Qurbanovun gətirilməsinə sevindim. Azərbaycan futboluna xidmətləri olan, milli komanda təcrübəsi olan, təvazökar bir insandır. Onsuz da Azərbaycan millisi indiki şərtlərdə qarşısına yüksək nəticələr qoya bilməz. Əslində millidən umacağımız sabit oyun sisteminin qurulmasıdır. Milli çempionat güclü olmadığına, xaricdə güclü cempionatlarda sabit oynayan futbolçuların yoxluğuna, yerli futbolçuların fiziki hazırlığının zəif olmasına görə onsuz da lazımi səviyyədə milli komandanı formalaşdırmaq çox çətindir. Bununla belə, baş məşqçidə, digər məşqçilərdə ən azı Azərbaycan təəssübkeşliyi olmalıdır ki, bunu da futbolçulara aşlaya bilsinlər. Çünki öz ölkəsinin adına oynamaq futbolçuda ayrı bir qürur hissi olmasını tələb edir"

F. Mustafa  M. Qurbanova olan inamsız  münasibətə görə azarkeşləri və idman jurnalistlərini tənqid edib: "Azərbaycanda tamaşaçı auditoriyasında, idman mediasında da anlayışlı münasibət olmadığı ciddi problemlərdən biridir. Baxın, məşqçi yeni təyin olunub, jurnalist sual verir ki, " yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz?" Demək ki, azərbaycanlı məşqçiyə bir oyundan o tərəfə beyinlərində fürsət tanımırlar. Foqtsa 6 il dözüblər, azərbaycanlı məşqçiyə bir oyunluq tale müəyyənləşdirirlər. Uğursuzluq ola bilər, ancaq bütün hallarda yığmanın başında Azərbaycanlı məşqçi olmalıdır və bizlər də dəstək verməliyik ki, addım-addım uğurlu nəticələr və maraqlı oyun sistemi qura bilsin. Bütün hallarda AFFA rəhbərliyinin bu seçimini təqdir edirəm və Mahmud Qurbanova uğurlar arzulayıram".