SABİR AZƏRİ

VAQİF YUSİFLİ
75275 | 2014-10-18 01:43
("Dünya, səndən kimlər keçdi" silsiləsindən)

Azərbaycan nəsrində "altmışıncılar"ın ədəbiyyata gətirdiyi yeni meyllərdən, səmərəli axtarış səylərindən çox yazılıb, çox deyilib. Ədəbiyyata gəldiyi ilk illərdə əsərləri mübahisə doğuran, hətta ənənələrə üz çevirən müəlliflər kimi kəskin tənqid hədəfinə çevrilən "altmışıncılar" az sonra istedadlı nasir kimi etiraf olundular. O nasirlərdən biri də Sabir Azəri idi.
Sabir Azərinin keçdiyi ömür yoluna nəzər yetirirəm. Zahirən adi bir insan ömrü yaşayıb Sabir Azəri: 1938-ci il martın 22-də, ilk bahar günündə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub, elə öz doğma kəndində də orta məktəbi bitirib və o zaman ADU-nun (indi BDU) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.
1967-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində, televiziya və radio verilişləri komitəsində işləyib, mətbuatda kəskin, cəsarətli yazıları ilə çıxış edib. Lakin Sabir Azərinin ömür və sənət yolunda dərin bir iz buraxan, heç şübhəsiz, "Ulduz" jurnalı olub. Jurnal təsis olunduğu ilk günlərdən Sabir Azəri burada nəsr şöbəsinin müdiri, sonra məsul katib, daha sonra redaktor müavini kimi fəaliyyət göstərib. "Ulduz" jurnalının bir ədəbi dərgi kimi sevilməsində, oxucuların ürəyinə yol tapmasında S.Azərinin də rolunu qətiyyən danmaq olmaz. Təəssüf ki, hansı səbəbdənsə S.Azəri bu jurnaldan getməyə məcbur oldu.
Ancaq S.Azərini biz bir naşir kimi yüksək qiymətləndirsək də, ilk növbədə onu istedadlı bir nasir kimi tanıyırıq. Altmışıncı illərdə ədəbiyyata gələn Sabir Azəri ədəbi nəsil etibarilə həmin onilliyin yetirməsidir. Y.Səmədoğlu, Anar, Ə.Əylisli, Elçin, İ.Məlikzadə, Maqsud İbrahimbəyov, F.Kərimzadə, Ə.Hacızadə ilə bir sırada S.Azərinin də həmin ədəbi nəsil içərisində öz yeri, öz mövqeyi vardı. S.Azəri özünəməxsus yazı manerası, fərdi dəst-xətti, orijinal deyim tərzi ilə seçilir. Bəs bu özünəməxsusluq nədən ibarətdir?
Mən yalnız bircə sözün üzərində dayana bilərəm - təbiilik. Bəli, Sabir Azərinin bütün nəsr əsərləri belə bir qaynaqdan bəhrələnir, güc alır. Onun təsvir etdiyi qəhrəmanlar-müsbət, ya mənfi səciyyəsindən asılı olmayaravq, təbii təsir bağışlayırlar. Hər bir obraz öz həyat tərzi, düşüncəsi, gerçəkliyə, insanlara məxsusi münasibəti ilə seçilir. Onlar adi adamlardır, amma bu adilik də qeyri-adilikləri üzə çıxır. Təbiilik reallıqla bağlıdır və S.Azəri bütün əsərlərində həyat həqiqətlərinə maksimum dərəcədə sadiq qalmağa çalışır. Yazıçı heç vaxt təsvir etdiyi obrazlara süni cizgilər, boyalar artırmır, daha çox obrazların düşdüyü şəraiti, bu şəraitdən doğan situvasiyaları ön plana çəkir.
Ədəbiyyatda elə mövzular var ki, həmin mövzulara hamı müraciət edir, amma əsl məsələ məlum mövzuda təzə söz deməkdir. Bu mənada Sabir Azəri həmişə özünə, öz fərdi yazı manerasına, həyata, gerçəkliyə münasibətində məxsusi yanaşma tərzinə sadiq qalmışdır. Diqqət yetirsək, görərik ki, onun qəhrəmanlarının düşüncə tərzi də, həyata münasibətləri də tamamilə fərdidir.
Sabir Azəri Azərbaycan nəsrini keçmiş SSRİ məkanında ləyaqətlə təmsil edən yazıçılardan olmuşdur. Elə bircə faktı göstərmək kifayətdir: Sabirin "Dalanda" romanı Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi olan "Roman-qazeta"da (1990) kütləvi tiracla buraxılmışdı, bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri əlbəttə, onun yaradıcılığına böyük marağın ifadəsi idi. "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları da yazıçının povest və hekayələrini bir neçə dəfə kütləvi tiracla nəşr etmişlər. XX əsrin bir çox ictimai-siyasi hadisələri, xüsusilə İkinci Dünya müharibəsindən sonra keçdiyimiz həyat yolu, bu yolun məhrumiyyət və acılıqları, insanın mənəvi dünyası və əlbəttə, bütün bu hadisələrə və olaylara həssas yazıçı münasibəti onun əsərlərində də öz əksini tapmışdır. Ancaq Sabir Azərinin fərdi yazıçı mövqeyini müəyyənləşdirərkən bircə amili vurğulamaq yerinə düşərdi: o, bütün əsərlərində həyatdan, gerçəklikdən gəlməyən hadisələrə və obrazlara üz tutmamışdır. Nümunə üçün mən öncə onun "Bozdağın nağılı" povestinə müraciət etmək istəyirəm. Bu əsərdə adi bir insanın - qoruqçu İsa kişinin mənəvi aləmi, təmiz insani hissləri işıqlandırılmışdır. Bu adam qayğılar içində üzür, amma heç bir zaman həyata, insanlara inamını itirmir. O, hər gün "Koroğlu" dastanından məktəbli Kamandara parçalar söyləyir, uşağın qəlbində qəhrəmanlığa, gözəlliyə məhəbbət hissləri oyadır. İsa təmiz adamdır və yazıçı sona qədər bu təmizliyi, saflığı ondan əksiltmir. İsanın tamam əksi isə "real həyat adamı" Kosadır. İsa da, Kosa da elə bil nağıl dünyasından qopub gəliblər. Belə ki, İsa nə qədər sadə, mərd, ürəyiaçıq bir insandırsa, Kosa onun əksinədir, onun zahiri yazıqlığı altında bic və hiyləgər, məqamı gələndə dişlərini qıcıdan bir canavar xisləti dayanıb. Kosa romantik xəyallarla yaşamır, Koroğlu dünyası ona yaddır. Kosanın məqsədi İsanı mənən sındırmaq, əymək, qürurunu heçə endirməkdir. O, istəyir ki, İsa da onun kimi olsun, nağıllar aləminə uymasın, buna görə də "Koroğlu" dastanı olan kitabı oğurlatdırır. Amma bununla da ürəyi soyumur, Bozdağı kotan ağzına verdirir. Ancaq Kosa dərk eləmir ki, İsa kimi insanları bu vasitələrlə susdurmaq, onları əymək, sındırmaq, Koroğlu dünyasından ayırmaq mümkün deyil.
Sabir Azəri bir nasir kimi kəndi yaxşı bilir desək səhv etmərik, çünki təsvirlərdən də aydın görsənir ki, o, kənd adamının psixologiyasını incəliyinədək duyur, kənd təbiətini çox gözəl bilir, kənddə cərəyan edən hadisələrin mahiyyətinə vara bilir. Götürək "Duman çəkilir" povestini - burada iyirminci illərin mürəkkəb hadisələri canlandırılır. Kənddə Sovet hakimiyyəti qurulur, bəylərin torpaqları əllərindən alınır, onlar sinfi düşmən elan edilir, bəziləri başını götürüb İrana, Türkiyəyə qaçır, bəziləri isə dağlara çəkilir, təzə hökuməti qəbul etməyərək mübarizəni davam etdirirlər. Cəlil bəy isə bir müddət abırına qısılıb kənddə qalır, torpaqları əlindən alınsa da, hər şeyə dözür, ancaq elə bir məqam yetişir ki, daha dözə bilmir, çünki gədə-güdələrin, bəylərə, varlılara qarşı içi nifrətdən aşıb-daşan adamlar onun insanlıq qürurunu tapdalayır, təhqir edirlər. Cəlil bəy də keçmiş nökərlərinin bu azğınlığına dözmür, kənddən qaçır, amma heç kimə ziyanlıq da yetirmir. Yeri gəlmişkən qeyd edim ki, "Duman çəkilir" povesti Azərbaycan nəsrində uzun müddət sinfi düşmən kimi təsvir edilən bəylərin üzərindən duman çəkildiyi, onların sinfi mənsubiyyətinə görə deyil, insan kimi canlandırılmasının ilk nümunələrindən biridir.
Povest tragik sonluqla bitir. Cəlil bəy Sərxanın oğlu Səməndəri öldürəcəyinə and içmişdi. Səməndər də bunu bilirdi. Amma Səməndər yolu azıb Cəlil bəyin sığındığı komaya gələndə Cəlil bəy onu öldürmür, bunu namərdlik, el adətinə xəyanət kimi dərk edir. Amma üz-üzə gələndə hər ikisinin bir-birindən də qətiyyətli olduğu üzə çıxır. Cəlil bəy onu məcbur eləmək istəyir ki, bu sözləri desin: "mən gədə oğlu gədəyəm". Amma Səməndər bunu demir. Cəlil bəy bu inadın qarşısında sınır və düşmənini bağışlayır. Səməndər isə Cəlil bəydən bu sözləri eşitmək istəyir: "sən kişi Sərxanın oğlu kişi Səməndərsən". Cəlil bəy Səməndəri öldürür, sonra "Cəlil bəy mauzeri ağzına sıxıb tətiyi çəkdi. Və bircə andan sonra o da Səməndərin üst yanına, iki qayanın arasına düşdü, onun da gözləri açıq idi, amma Cəlil bəyin gözləri Səməndərin gözləri kimi gülüşlü deyildi, kədərliydi, böyümüşdü, qıpqırmızı olmuşdu-qanla dolmuşdu".
Əlbəttə, povestin başlıca uğurunu iyirminci illərin həqiqətini olduğu kimi təsvir eləməklə məhdudlaşmamalıdır, məncə, Sabir Azərinin başlıca uğurunu dolğun xarakter yaratmaqda axtarmaq lazımdır. Cahandar ağanı ("Dəli Kür"), Kərbəlayı İsmayılı ("Qarlı aşırım") hansı məziyyətlərinə görə qiymətləndiririksə, Cəlil bəyi də eyni məziyyətlərinə görə qiymətləndirməliyik. Sabir Azəri İNSAN OBRAZI yaratmışdır, bütün mürəkkəbliyi, daxili aləminin bütün ziddiyyətləri və əlbəttə, kökü torpağa bağlılığı ilə... Təfsilata varmadan və hər birinin üzərində ayrıca dayanmadan deyə bilərəm ki, yazıçının "Günəşə sarı gedəndə", "İlk təkan", "Ölə bilməyən adam", "Gecə məşəl yanır" povestlərini, "Sonsuzluq" romanlarını da məıhz dolğun, yaddaqalan obrazları ilə diqqəti çəkdiyini qeyd etmək istəyirəm...
Sabir Azərinin ən yaxşı əsəri hansıdır sualı verilsə, bir çox başqaları kimi mən də "Dalanda" romanının adını çəkərəm.
İnsan ömrü boyu arzulamadığı, qəlbinə, ruhuna, mənəviyyatına yad olan bir mühitdə yaşayar, lakin həmişə öz daxili təmizliyini, mənəvi saflığını saxlayar, ən çətin anlarda belə həmin saflığın, təmizliyin işığına boyanar.
Günlərin bir günü hər şeyi itirmək qorxusu altında İnsan həmin mühitdən birdəfəlik çıxıb gedir: işığa, təmizliyə, mənəvi saflığa qovuşmaq üçün..
Sabir Azərinin "Dalanda" romanının başlıca ideya-estetik qayəsi bundan ibarətdir, əsərdəki bütün hadisələr də bu qayə ilə bağlıdır. Romandakı hadisələr əsasən Bakıda-İçərişəhərdəki köhnə dalanların birində baş verir. Lakin hadisələrin cərəyan etdiyi məkan şərtidir, müəllif öz qəhrəmanlarını, onların duyğu və düşüncələrini köhnə dalanda baş verən hadisələrlə məhdudlaşdırmır. Dalanda baş verən hadisələr əslində, həyatımızda, mənəviyyatımızda cərəyan edən böyük hadisələrin əks-sədasıdır.
Müəllifin diqqət mərkəzində Qafar və onun ailəsi dursa da, əsas mətləb bu ailənin timsalında gerçəkliyin tipik və səciyyəvi cəhətlərini ümumiləşdirməkdir.
Qafar kimdir? İstər həyatda, istərsə də ədəbiyyatda bu tipli insanlarla və obrazlarla çox qarşılaşmışıq. Onlar şəhərdə ömür sürsələr də, buranın mənəvi iqliminə alışa bilmirlər, çaşıb qalırlar, sonra da kor-peşiman kəndə üz tuturlar. Qafar da belələrindəndir. Ancaq təbii ki, onu başqalarından fərqləndirən bir xüsusiyyəti qeyd etmək olar - o da bundan ibarətdir ki, Qafarın səhvlərini bilə-bilə, dərk edə-edə yaşamasıdır. Qafar çox dözümlü insandır. Bu dözüm və səbr isə onun başına nələr gətirmir... Qafar elə bu dözümlə arvadı Fəridənin dözülməz "fəlsəfəsinə", davranış və rəftar tərzinə uzun müddət müqavimətsiz yaşayır, həmişə belə hesab edir ki, Fəridə bir gün ağıllanacaq, ailənin maddi imkanlarını nəzərə alıb böyük şeylərin davasını aparmayacaq.
Evdə, ailədə özünü təmkinli aparan, arvadının mənəvi zülmünə tab gətirən Qafar iş yerində-tikinti sahəsində tamamilə başqa adamdır; o, hər cür əliəyriliyə, bürokratizmə, yarıtmazlığa qarşı kəskin mövqedə dayanır. Romanda Qafarın mübariz keyfiyyətləri ilə bağlı səhnələr az deyil və bu da onu göstərir ki, Sabir Azəri öz qəhrəmanını birtərəfli, sxematik, eyni rəngli təsvirdən çəkinmiş, obrazı bütöv verməyə səy göstərmişdir.
Tikintidə işləməmişdən əvvəl Qafarın ən böyük arzusu elmi işçi olmaq, namizədlik dissertasiyası müdafiə etməkdi. Lakin Qafar bu arzusuna çatammır, elmi rəhbəri ona istiqamət verməkdənsə, evinin işlərini gördürür, bazarlığa yollayır, mənliyini təhqir edir. Qafar da buradan qaçmalı olur. Ümumiyyətlə, müəllif öz qəhrəmanını sona qədər belə təmiz və işıqlı göstərir. Ümumiyyətlə, müəllif öz qəhrəmanını sona qədər belə təmiz və işıqlı insan kimi təqdim edir.
Lakin Qafar kimilər emosiyasız yaşaya bilməzlər. Baş verən qəza hadisəsi Qafarın gözlərini açır, onda arvadı Fəridəyə qarşı münasibətlərində tam aydınlıq yaranır... Qəza hadisəsindən sonra Qafar bir daha bu evə ayaq basmır, kəndə, ata-baba yurduna üz tutur. Əlbəttə, Qafarın evdən çıxıb getməsinin çox incə, psixoloji cəhətdən tutarlı bir səbəbi də var: Fəridənin birincə əri üçün qara geyib yas saxlaması, hətta qəbiristanlıqda onun məzarı yanında özünə yer hazırlatması Qafara məlum olduqda o, artıq bu ailəylə bağlı son ümidlərini də dəfn edir.
Fəridə də bir obraz kimi təbii və inandırıcı verilmişdir. Onun da özünə görə faciəsi və günahı var. Faciəsi odur ki, işıqsız, idealsız yaşayır - bu cür yaşamaq, başqaları ilə istədiyi kimi rəftar eləmək, heç kimlə hesablaşmamaq, mümkün qədər çox qoparmaq onun həyat məqsədini də müəyyənləşdirir. Günahı da odur ki, təmiz bir insanın həyatını heçə sürükləmək istəyir. Amma oxucu bu qadına mənfi münasibət bəsləmir, çünki Fəridənin təbiəti əzəldən belə yoğrulub.
Sabir Azərinin "Günəşə sarı gedəndə" povestində - sonda belə bir səhnə var: əsərin qəhrəmanı Mustafa qamışlıqda yolunu azır, ölümünün yaxınlaşdığını hiss edib adamları köməyə çağırır.
"Qamışlıq seyrəlirdi. Mustafa bir ovçu gördü. Ovçu əllərini iki tərəfdən ağzının yanlarına tutub qışqırırdı:
- Ayə, Günəşə sarı gəl! Günəşə sarı! Günəşə sarı!
- Gəlirəm, qardaş, Günəşə sarı gəlirəm".
Elə bilirəm, Sabir Azərinin günəşə doğru can atan qəhrəmanları həmişə bu məramla yaşamışlar ki, insan heç bir zaman işıqsız, nursuz yaşaya bilməz. Günəşə sarı getmək insanlığını, təmizliyini, mənəvi saflığını, işıqlı həyat idealını qorumaq deməkdir. Məncə, Sabir Azərinin bir yazıçı kimi uğurları da bu mənəvi işığı əsərlərində yaşatmaq və qorumaq idi.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!.

TƏQVİM / ARXİV