adalet.az header logo
  • Bakı 17°C

SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
39647 | 2014-10-18 01:42
(əvvəli ötən  şənbə saylarımızda)

Bir axşam süfrə başında evdəkilərə dedim ki, mənə yüksək məvacibli iş veriləcək. Sevindilər, soruşdular ki, kim söz verib, nə vaxt olacaq? Dedim ki, heç kim söz verməyib, vaxtını da bilmirəm. Ancaq mənə elə gəlir ki, tezliklə bu məsələ həll olunacaq. Təəccüblə üzümə baxdılar. Hiss etdilər ki, zarafat eləmirəm, ciddi sözümdür. Onların təkidindən sonra ürəyimi açıb, belə qəti qərara gəlməyimin səbəbini izah etdim: "Neçə vaxtdır ki, götür-qoy edirəm. Ömrümün ötən günlərini kitab kimi vərəqləyir, nələri etdiyimi, nələri edə bilmədiyimi, bir sözlə, əməllərimi vicdanımın tərəzisində çəkirəm. Görürəm ki, tərəzinin yaxşılıq, xeyirxahlıq gözü ağır gəlir. Axı, mən heç vaxt, heç kimə mərdiməzarlıq, pislik etməmişəm, əlacım kəsiləndə "həddini aşanın" ədalətli cəzasını vermişəm, ancaq çörəyini kəsməmişəm, ailəsini, uşaqlarını nəzərə almışam, səhvini, qüsurunu düzəltməyə imkan vermişəm. Bəs təmənnasız elədiyim yaxşılıqlar, xeyirxahlıqlar?! Həmişə Allahıma yalvarmışam: "İlahi, hər kəsə ürəyinə, əməlinə görə ver. Elədiklərimi ailəmin, övladlarımın qabağına çıxart". Mən buna möhkəm inanıram ki, inşallah, elədiklərimdən hansısa qabağıma çıxacaq, mənim yaxşı işim olacaq!"
Hikmətdə deyilir ki, Tanrı ən sadiq bəndəsinin səsini eşidir, duasını müstəcəb edir. Çox çəkmədi ki, məni, ailəmi, yaxınlarımı sevindirən, bəzilərinə "sensasiya" kimi görünən hadisə baş verdi. Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifəyə təyin olundum. Savadıma, qələmimə yaxşı bələd olan, beş il birlikdə oxuduğum tələbə yoldaşım, nazir Namiq Abbasov məni işə götürəndə dedi: "Dövlət Təhlükəsizlik Komitəsinin bazasında yaranan nazirliyimizdə əməkdaşların çoxu rusdillidir. Bu vaxta qədər bütün sənədlər rus dilində hazırlanıb. Mən istəyirəm ki, öz dövlət dilimizə, Azərbaycan dilinə keçək. Bu vacib işdə sənin köməyin lazımdır. Bütün sənədlər Azərbaycan dilində aparılmalıdır. Həmçinin adamlarla işləmək, təşkilatçılıq təcrübən var. Odur ki, səni kadrlar idarəsi rəisinin müavini təyin edirəm. Rəis də rusdillidir. Buna görə də sənin yükün, məsuliyyətin çox olacaq. Onu da deyim ki, hərbi komissarlıqdan "delo"nu gətizdirib baxmışam. Kiyevdə altıaylıq hərbi kursu əla, "fəxri fərman"la bitirib rütbə almağın lap yerinə düşdü. Doğrusu, bunlar olmasaydı səni hərbi vəzifəyə təyin edə bilməzdim. Mülki vəzifədə isə maaş aşağıdır. Bəxtin onda gətirib ki, böyük zabitsən, hərbi rütbən var. Uğurlar olsun!"
O vaxt yaşlı olsam da, işə gənclik həvəsilə girişdim, üzərimə düşən "yükün", məsuliyyətin öhdəsindən gələ bildim.
Altı il bu vəzifədə işlədikdən sonra Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına keçirildim. General-leytenant Ziya Yusifzadənin rəhbərliyi, bilavasitə əməli köməyi ilə yaradılan Redaksiya-nəşriyyat şöbəsində işə başladım.
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əməliyyat müvəkkilindən sədr vəzifəsinə, leytenantdan general-leytenant rütbəsinə yüksələn, həyatın sərt sınaqlarından çıxan, zəngin təcrübəsi, böyük təşkilatçılıq səriştəsi olan Ziya müəllimin gözəl insani keyfiyyətlərini - özünə və başqalarına tələbkarlığını, eyni zamanda təvazökarlığını, sadəliyini istedadlı nasir-publisist Mehriban Xalıq "Adını yaşadan insan" oçerkində realist boyalarla olduqca təbii təsvir etmişdir.
Mən Akademiyada işlədiyim müddətdə bunun canlı şahidi oldum. Burada redaksiya-nəşriyyat şöbəsinin rəisi - baş redaktor vəzifəsində 10 il işlədim. Yüksək peşə kateqoriyası - məharət dərəcəsi aldım, polkovnik hərbi rütbəsinə layiq görüldüm.
Nəhayət, 70 yaşımda pensiyaya çıxdım. Xalq şairi Məmməd Arazın təbirincə, "ömrün aşırımı"na gəlib çatdım. Və vaxtilə ustadın ürək yanğısı ilə yazdığı kimi:

Ömrün aşırımında
anlaya bildim,
Nəçiliyim kimliyimdən
gərəkli imiş.

Pensiyaya çıxanda "nəçilik" (iş, vəzifə, səlahiyyət) arxada qalır, keçmişə qovuşur, amma yaddan çıxmır. Necə unutmaq olar o illəri?! Universiteti bitirəndən sonra rayonlararası qəzetdə ədəbi işçi, xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, redaktor, raykom katibi, respublika radiosunda redaktor, televiziyada şöbə müdiri, Jurnalistlər İttifaqının "Açıq söz" qəzeti baş redaktorunun müavini, Mədəniyyət Nazirliyinin "Mədəni-maarif" jurnalının baş redaktoru, Milli Təhlükəsizlik Nazirliyində Kadrlar idarəsinin rəis müavini, Heydər Əliyev adına Akademiyada redaksiya-nəşriyyat şöbəsinin rəisi - baş redaktor. General-leytenant Ziya Yusifzadənin əmri: "İstefaya çıxan polkovnik Əlövsət Atamalı oğlu Bəşirov qüsursuz xidmətlərinə görə Akademiyanın Fəxri fərmanı ilə təltif edilsin".
Tələbə dostum, istedadlı qələm sahibi, Əməkdar jurnalist Ələkbər Abbasov-Şəhrili söhbət zamanı pensiyamla maraqlandı.
Cavabımdan dost kimi ürəkdən sevindi: "Elə hesab elə ki, Prezident təqaüdü alırsan", - dedi. Sonra vaxtımı necə keçirməyimlə maraqlanıb "Darıxmırsan ki?!" - deyə soruşdu. "Yazı-pozu, mütaliə başımı elə qatır ki, darıxmağa heç vaxtım qalmır".
Bir müddət sonra həyat yoldaşım Dilarə xanımla birlikdə hazırladığımız "Bizim dünya" kitabına Ələkbər qardaşımızın "Ön söz yerinə dastansayağı" yazısı çox xoşumuza gəldi. Tələbə dostumuz özünəməxsus, bənzərsiz ürək sözlərini qələmə almışdı: "...Bu illərdə o, nələrin şahidi olmamış, kimlərlə görüşməmişdi?! Və bütün bunlar artıq qəzet-jurnal məqalələri ölçüsünə sığan hadisələr, xarakterlər, hiss və həyəcanlar burulğanı deyildi. Əlövsət bunları bədii təfəkkür süzgəcindən keçirib ədəbiyyata gətirməli idi. Çox keçmədi ki, onun "Qəsd" romanı işıq üzü gördü. Sonra "Səssiz cinayət", "Qanla suvarılan ağac", "Zirvədən zülmətə" povestləri, yeddi kitabı çap olundu. Maraqlı hekayələr müəllifi kimi tanındı. Hekayələri "Ədalət" qəzetində, "525-ci qəzet"də, "Ulduz", "Yada düşdü", "Azərbaycan" jurnallarında nəşr edildi...
Bəs, Dilarə?! O da qələmini "qınına" qoymayıb hələ. Son illərdə neçə-neçə bədii və sənədli əsəri redaktə edib, qızı Aynurla birlikdə jurnalistika nəzəriyyəsi və təcrübəsinə dair qiymətli tədris vəsaitini nəşr etdirib.
55 il bundan əvvəl "Qırxpilləkən"in üstündə dayanıb şəhəri ürkək nəzərlərlə seyr edən Əlövsət və Dilarə başı göylərə dirənən həyat pilləkənində layiq olduqları mərtəbəyə ucalıblar. Bu, saflıq, səmimiyyət, Vətənə məhəbbət mərtəbəsi, insanlara sevgi qatıdır - Tanrıya yaxın qatdır".

***
"Vəzifədə olanda adamı hamı yada sala bilər, pensiyaya çıxıb evdə oturanda isə əsl kişilər yada salır".
Veteranlar şurasında yaşı səksəni adlayan, vaxtilə sayılıb seçilən vəzifələrdə işləyən, indi hamımızın hörmət bəslədiyimiz ağsaqqaldan eşitdiyim sözlərin mahiyyətini ömrümün epiloqunda zaman keçdikcə daha dərindən anlayıram...
Yazıçılar Birliyinin Natəvan klubunda "Bizim dünya" kitabının təqdimatına ərkimiz çatandan da az adam dəvət etmişdik. Ancaq zalı dolu görəndə təəccübləndik. Dəvət olunmayıb eşidənlər bir-birini xəbərləyib gəlmişdilər. Və çox səmimi danışdılar, ürək sözlərini dedilər bizə - pensiya yaşı çoxdan ötmüş müəlliflərə. Çox məmnun olduq qələm dostlarımızın, həmkarlarımızın, qədirbilən oxucuların diqqətçəkən sayğısından.
Mən bu xoş duyğuları bir il sonra 75 yaşımın tamamında da yaşadım: Yazıçılar Birliyinin təbriki, "Ədəbiyyat", "Ədalət" qəzetlərində, "525-ci qəzet"də, "Ulduz", "Yada düşdü", "Azərbaycan" jurnallarında yazılar, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin "Sözə bağlı bir ömür", yazıçı-dramaturq Nahid Hacızadənin "Qəlbin xatirəsi, yazıçı harayı" məqalələri, həmçinin dostların, yaxınların, uzun illər birlikdə işlədiyim, münasibətdə olduğum insanların, oxucuların telefon zəngləri, təbrikləri, istəkləri, arzuları...
Dünya xali deyil, yaxşı ki, etibarlı, sədaqətli insanlar var.
Mütəfəkkir qələm sahibi Andre Moruanın təbirincə, "Heç vaxt sədaqət hissini itirmək olmaz. Sədaqət ali keyfiyyətlərin ən çətinidir".
Ömür-gün sirdaşımla övladlarımıza İnsana məxsus gözəl keyfiyyətləri aşılamışıq, indi də nəvələrimizi belə tərbiyə etməyə çalışırıq.

Adamla adam ol, insanla insan!
Bil ki, çox alidir, insan adamdan!

N.Tusi

***
Mənim aləmimdə Dilarə ilə birlikdə yola saldığımız illərdə - yarım əsrə yaxın bir müddətdə topladığımız, keçmiş SSRİ dövründə abunə yolu ilə əldə etdiyimiz kitablar, klassiklərin külliyyatları, müxtəlif ensiklopediyalar, lüğətlər, elmi, bədii, sənədli əsərlər, nadir nəşrlər, yazılarımız dərc olunan qəzet-jurnal topluları əslində tayı-bərabəri olmayan bir xəzinədir. Bitib tükənməyən, zaman-zaman zənginləşən xəzinə, övladlarımız, nəvə-nəticələrimiz üçün mənəvi sərvət!

(ardı gələn şənbə
sayımızda )

TƏQVİM / ARXİV