adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Oktyabr 2014 17:15
4623
SAĞLAMLIQ
A- A+

Ebolaya görə xüsusi aparat quraşdırılır - sərhəddə

"Sərhədlərdə Ebola xəstəliyinin simptomlarını aşkarlamaq üçün hərarəti ölçən xüsusi aparatlar quraşdırılır”. Bunu Səhiyyə Nazirliyinin sektor müdiri Viktor Qasımov bildirib. O qeyd edib ki, bununla bağlı Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsinə müraciət edib: "Məndə olan məlumata görə, Komitə tərəfindən bu istiqamətdə işlər görülür. Temperatur ölçən aparatlar quraşdırılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Səhiyyə Nazirliyi üçün əsas vəzifə Afrika ölkələrindən olan insanların yoxlanılmasıdır: "Hər hansı şübhəli aşkar olunarsa, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək”.

Qeyd edək ki, avqust ayında səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusu ilə bağlı əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.