adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏHƏBBƏT... MƏHƏBBƏT

VAHİD ƏLİFOĞLU
16182 | 2007-11-10 06:42
... Dünyanın maddi qismətlərindən çox qeyri-maddi qismətləri var. Bu qismət də kimə qismət ola, kimə də qismət olmaya... Taledən qaçmaq olmaz...
   
   İndi yaş da heç o yaş deyil... Hər istəyin öz məqamı var... Kimsə deyib ki, qara saçlı qoca ağ saçlı uşaq kimi görünür... Mənim də saçlarım on beş yaşımdan ağarıb...
   
   
   
   ... Qarlı nəzərlərdən əsəm, üşüyəm,
   
   İsti qucaqlara yenə bilmərəm.
   
   Bir də baxıb gördüm yekə kişiyəm,
   
   Təzədən beşiyə dönə bilmərəm...
   
   
   
   ... Kənddə toy idi. Mağar ağzına qədər təpiliydi qızınan, oğlanınan, kişiynən, arvadınan... Rəhmətlik İsmayıl kişi ortalıqda əlində şallaq cövlan edirdi. Şallağı yendirirdi kişilərin çiyninə, kürəyinə və onları bir-bir çəkirdi "nəmər stolu"na. Ya cəriməni ver, ya da havanı de...
   
   ... Mən də o toyda idim. 1969-cu ilin noyabr ayı idi. Politexnik İnstitutunun birinci kurs təlbəsiydim. Noyabr bayramı (o vaxtlar belə bir bayram var idi - V.Ə.) ilə əlaqədar gəlmişdim evə. Böyür-başım tay-tuşlarımla dolu. Qıy olmasın, mağarın içindəkilərin yarısının gözü məndə idi. Zarafat deyil, Bakıdan gəlmiş cavan, tələbə oğlan... (O vaxtlar tələbə olmaq da balaca iş deyildi - V.Ə)...
   
   ... Hərdən başımı qaldırıb gizlicə qızların əyləşdiyi cərgələrə tərəf baxırdım. Sən də qızların arasındaydın. Sən imtahandan keçə bilməyib qayıtmışdın kəndə. Həkim olmaq istəyirdin... Mağarın dörd bir küncündən asılmış beş yüzlük lampaların işığında necə də gözəl idin... Boyasız, bəzək-düzəksiz... Ən maraqlısı da qırmızı koftada... Mənim oğrun nəzərlərim gözlərinə sataşanda nə görmürdüm, nə duymurdum o təmiz, saf, qara gözlərdə... Sevirdim onda səni mən...
   
   İndi aradan qırx ilə yaxın bir vaxt keçəndən sonra başa düşürəm ki, o sevgi, o məhəbbət necə əsl, necə təmiz imiş... Hər insanın həyatında əsl məhəbbət bir dəfə olur, əzizim... Hələ də heyfislənirəm ki, o toy niyə tez qurtardı. Mən o toyu uzada-uzada gətirib çıxarmışam 2007-ci ilə...
   
   

TƏQVİM / ARXİV