adalet.az header logo
  • Bakı 20°C

Vətənləşən Musa Yaqub...

5832 | 2014-10-17 01:42
(Şair Sabir Arazlı Özgünün "Bizdən salam olsun Musa
Yaquba" silsilə poemaları ilə bağlı düşüncələr...)


(əvvəli ötən sayımızda)

Bəli, Musa Yaqub "bədii-fəlsəfi əsərlər müəllifi, vətənpərvər və lirik şair"in ona həsr etdiyi ilk poemanı "Kredo" qəzetində (27.07.2013) oxuduqdan sonra telefon əlaqəsi saxlayaraq bu təmənnasız ilahi söz adamına təşəkkür etməklə yanaşı, şairə çox səmimi bir məktub da yazır: "Əzizim Sabir! Bir nəfər üçün də Vətən olmaq mümkündürsə, bu özü xoşbəxtlikdir!"
Bu xoşbəxtliyi mümkünləşdirən Sabir Arazlı Özgün həmin məqamı belə açıqlayır: "Mən birinci poemanı qələmə alarkən sonrakı iki poemanı da yazacağımı nəzərdə tutmamışdım. Musa Yaqubdan məktub və "Payıza baxıram" kitabını aldıqdan sonra, şairin həm məktubunu, həm də kitabdakı şeirlərindən bir neçəsi əsasında-fikir mübadiləsi kimi-cavablandırmağı uyğun gördüm. Və təbii ki, biz görüşməyə qərar verdik..."
Əslində, "bir nəfər üçün də Vətən olmaq mümkündürsə" ifadəsinin özü Sabir Arazlıda tək onun üçün yox, yüzlər-minlər üçün vətənləşən Musa Yaquba cavab məktubu yazmaq zərurəti yaradır:

Sən xalq üçün başı qarlı dağ kimi
Gündən-günə mətinləşən şairsən.
Sərhədləşən,
Bayraqlaşan,
Gerbləşən,-
Sən Yurdlaşan, Vətənləşən şairsən.

Sabir Arazlı Özgün dərin müşahidələr aparan, yazmaq, qələmə almaq istədiyi poetik obyekti-bədii qəhrəmanını yaxından tanımaq və düşüncələrində, etiraflarında səhv etməmək, oxucunu təhrif olunmuş, saxta, boğazdan yuxarı təriflərlə yormağı özünə sığışdırmayan pak vicdanlı şair, realist olduğu qədər romantik əsalət sahibi, sağlam ruhlu şəxsiyyətdir. O, qələmində və düşüncələrində Yurdlaşan, Vətənləşən şairin həyatının bütün anlarını görmək, hərəkətlərini daha yaxından izləmək üçün Musa Yaqubun yaşadığı Buynuz kəndinə gedir. Və Buynuzu görür... Kəndin saf təbiəti, təmiz havası onu xəyalən doğma yerlərə, indi erməni alçaqlarının işğalı altında inim-inim inləyən kəndinə aparır. Lap yaxınında mələyən quzunun səsini, qonşunun çəpərindən onu tərs-tərs seyr edən xallı xoruzun banlamasını, çoban itinə bənzəyən kənd itlərinin hürüşmələrini eşitdikdə, ağyalı xatırladan yorğa, kəhər atları, Şaxşaxa bulağına enən qızları, ağsaqqal-ağbirçəyin nurlu üzlərini gördükdə kövrək duyğuların yerini fərəh hissləri alır... Göyçayı, Babadağı, Zarat çalasını, İsmayıllı yurdunun dağdan təbii şəkildə yaranmış qalasını da seyr edib baxışlarıyla vidalaşan şair xoş ovqatla Buynuzdan ayrılır. Və bu zaman başını pəncərənin şüşəsinə söykəyib ona tər-təmiz, qüssəli gözlərlə baxan bir uşaq görür. Qəlbində sözlə ifadəsi çox çətin olan bir kədər yaradan mənzərənin qarşısında donub qalan Sabir Arazlı çox təsirli bir bədii səhnə qurur bu məqamda: - Sanki köşək gözləri kimi qüssəli gözlərin sahibi Qarabağdan, doğma ocağından perik düşmüş, məcburi köçkün ömrü yaşamağa məhkum edilmiş minlərlə qaçqın uşaqlardan biridir. Və şairin ürək yaxan, qəlb sızladan misraları muncuq kimi bir-birinin ardınca düzülür:

Başını pəncərənin şüşəsinə söykəyib
bir uşaq baxır mənə,
Mən də dönüb baxıram o uşağın...
tərtəmiz,qüssəli gözlərinə.
O gözlərin önündən
heç getməz acı rüzgar.
Gözlər müdam sızıldar:
"Yağmayaydı keşkə qar!"

Qar yağır...
ağır-ağır...
Nərdivana qar yağır,
Gözü yaşlı görünən nəm eyvana qar yağır...

Maraqlıdır, niyə qarın yağmasını istəmir bu uşaq? Tay-tuşları qar yağanda sevinib bayram etdiyi, qartopu oyununun verəcəyi nəşənin ləzzətini düşündüyü halda, bu adi təbiət hadisəsi körpə bir uşağa niyə bu qədər dərd, acı verir? Sonrakı misralardan məlum olur ki, bu yağan narın qarın ərki ilə, ədası da tamam ayrı göynəkdi; qar yağanda meşədə lap... təzəcə kəsilən ağacların balta yeri göynəyir. - Atasının boş qalan pencəyinə qar yağır... Samanlığa söykəli göyrüş saplı dəryazın əlcəyinə qar yağır... Qəfil yağan bu qarın altında donub qalan oyuncağı düşünür, Cığırını qar örtən, qız-gəlinin söz-söhbəti üçün darıxan, yapyalnız qalan buz bulağı düşünür:

Uşaq dərd içindədir, -
Bu dünyada heç kəsə
deyiləsi olmayan
dərdi öz içindədir...
Yaxınlaşma sən ona, ayrı dur, Musa Yaqub!
O gözlərdən kədəri ayır, qır,.. Musa Yaqub!

Bu məqamda fikrimin axarını başqa məcraya yönəltmək istəyirəm; Şair Sabir Arazlı Özgünün, - Nazim Hikmət təbiriylə desək,- gözlərindən gizlədə bilmədiyi ən böyük dərdi bambaşqadır,- "Mən elə bilirdim Vətən satılmaz".

Bu torpaq qılınc bitirib,
Bu boş qınlar hardan çıxdı?
Vətən verən, Yurd batıran
bu satqınlar hardan çıxdı?
Yad nəfəsdən, yad ilikdən,
Çamırlıqdan, zibillikdən göyərdimi?!.

"Vətən verən, Yurd batıran bu satqınlar hardan çıxdı?" sualının cavabını bu ətək yazısında çox dəqiqliklə verir ürəyi xəyanət dağlı şairimiz: "IX əsr ərəb tarixçisi Əlu Məhəmməd Əhməd ibn Əcəm əl Kufi "Fəth kitabı"nda (1981,VIII hissə, səh.76) yazır: "Erməni feodalı Aşotun nəvəsi, Sumbatın oğlu Səhlin satqınlığıyla xilafətə təslim olarkən Babək hiddətlə üzünü Səhlə tutaraq,- Xəyanətkar, sən məni yəhudilərə quruşa satdın," - deyir. Edam zamanı qolunun biri kəsilərkən Babək o biri əlini qana batırıb üzünü qıpqırmızı eləyir. Qətlə sərəncam verən Məhəmməd əl Mötəsim bunun səbəbini soruşduqda, dedi:
- Bədənimdən qan axıb gedərkən üzümün rəngi solacaq. O zaman adamlar elə bilər ki, ölümdən qorxduğum üçün rəngim solub (Nazim əl Mülk, "Siyasətnamə", 1949, səh. 227). Səhl bu satqınlığına görə Mötəsimdən bir milyon dirhəm və qızıl kəmər, oğlu isə 100 min dirhəm mükafat aldı."
Musa Yaqubun binələşdiyi, yurdlaşdırdığı Buynuz kəndi isə xəyanətlərdən, satqınlıqlardan uzaq, dağların qutsal sinəsində mərdanə insanların nəfəsindən qızınan qədim oğuzların məskəni , türk yurdudur:

Uzaqda bir leylək yuvası gördüm,
Baxdım, bir qovağa söykənib durdum.
Bu kənd yüz illərin yadigarıdır.
Ruhunu, əzmini yaşadır zaman,
Dünən də, bu gün də onu yaşadan
vəfası, sevdası, əhd-ilqarıdır...

İlin bütün fəsillərində Göyçay çayının bir qolu həzin zümzüməylə şairin eyvanının önündən axıb gedir. Doğma Buynuz kəndini sanki qolları arasına alıb əzizləyən, həm də qoruyan bu çayın Musa Yaqub üçün ifadə elədiyi özəlliyi, mənanı, dəyəri, şairlə ana təbiətin daimi təmasının nələrə qadir olduğunu, çox vaxt könlünün ilham pərisinə çevrildiyini də S.A.Özgün sözarası oxucusuna çatdırır:

Göyçaydan ayrılan bu balaca qol
mənim ürəyimin şah damarıdır;
Bir bax!..
Canalıya sığınan kəndim
Göyçayın qolları arasındadır.
Gələn qonaqları sıxıntı çəkməz,
Bilməz ki, dünyanın harasındadır.
Kəndimin füsünkar gözəlliyi var.
Onun bər-bəzəyə ehtiyacı yox.
İstəsən lap gedib Himalaydan bax,
Dağ dırman, dərəyə enib düzə çıx,..
Hər yerdən görünər mənim Buynuzum.
Kəndim hərarətim, ilhamım, arzum.

Kəndin adının etimologiyası barədə də düşünən S.A.Özgünün "Buynuz"a Musa Yaqubun dilindən verdiyi poetik şərhin oxucunu dərindən düşündürəcəyinə də əminik:

Deyim kəndin adı niyə Buynuzdur,
Bu ad nə zamandan, hardan yaranıb;
Bizdən yuxarıda, buynuza oxşar
Möcüzəli bir dağ mənzərəsi var,-
Kəndimizin adı ordan yaranıb.

Vələs, İstisu, Qalacıq çaylarının axaraq birləşdiyi Suqovuşanda Göyçay çayının Babadağdan necə baş alıb gəldiyini, Qızılqayanın daim xəyala daldığını, Toğludərədən keçərək Zindanqayanı dolaşanda insanı heyrətə salan vəhşi-bakirə təbiət gözəlliklərini görəndə bu dünyanı unudan S.A.Özgün bütün bu təbiət möcüzələriyə nəfəs-nəfəsə dayandığı halda, - ağaclarının budaqlarında yuva, mühitində hava, insanlarında sevgi tapa bilməyən şair qardaşının - "Tənha ağacın dərdinə" şərik olmaq üçün qələmə sarılır. Talanın bəzək ağacları, yolların dürək ağaclarıyla heç cürə ünsiyyət tapa bilməyən, "Bircə nəfs toxunan, nəfəs toxunan ağaclara gəlməz alabaxanlar" həqiqətini anlayan və yanında bir ağac əkmək istəyində bulunan şairin səsinə səs verir.
Beləliklə, Musa Yaqubun qələmdaşı S.A. Özgün üçüncü poemada bu məsələyə son möhürü vurur və silsilə aşağıdakı məntiqlə yekunlaşır:

Buynuzdan ayrılıram!
Cismən ayrılsan belə,
Varlığımda əbədi
Vətənləşən, yurdlaşan
Şair Musa Yaqubla
Dünyanın sonunacan
Sabir Arazlı Özgün
Olaraq Varam, Varam!

Silsilə poemaların ümumi mənzərəsi belədir.
Ancaq, düşünürəm ki, bir-biriylə zəncirvari bağlı olan bu poemaların hər birində ədəbi müstəviyə gətirilən məsələlərə ayrı-ayrılıqda nəzər yetirmək gərəkir.
(Ardı var)


TƏQVİM / ARXİV