adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Oktyabr 2014 02:41
4957
LAYİHƏ
A- A+

Abadlığın ünvanı Tovuz

Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirib. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən salamat çıxaraq zəmanəmizə qədər qalıb.
Xalqın mənəvi aləminin maddi təcəssümü olan qədim qaya təsvirləri, yazılar, manuskriptlər, xalça naxışları həssas qəlbli, mədəni şüura, elm adamlarına, insanlara çox şeydən xəbər verir. Azərbaycanın çox qədim mədəniyyətə malik bir ölkə olması barədə dərin təəssürat yazılı və şifahi tarixin çoxsaylı faktlarına söykənir. Uzaq keçmişdə Azərbaycana köçüb gəlmiş Oğuz tayfaları burada zəngin yerli mədəniyyətlə qarşılaşmışlar. Bu görüş əsrlər boyu mədəniyyətlərin sintezinə səbəb olub, "Kitabi-Dədə-Qorqud", "Oğuznamə", "Koroğlu" kimi epik-monumental yaradıcılıq nümunələrində əks olunub.
Azərbaycan dünyaya neçə-neçə mütəfəkkir, alim, şair, memar, musiqiçi və rəssam bəxş edib. Odun-atəşin, Günəş işığının qüvvəsini tərənnüm edən bənzərsiz Zərdüşt bu diyarda doğulub. Azərbaycan bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Əliağa Vahid kimi sənətkarların əsərlərini bəxş edib. Bu diyarın təbiəti, onun insanları Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və başqa istedadlı fırça ustalarının əsərlərində öz təcəssümünü tapıb.
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarlar, ecazkar səsə malik olan Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov və başqa müğənnilər muğamlardan, musiqi folklorundan bəhrələniblər.
Azərbaycan xalçaları xalqımızın tarixi məişəti və varlığının əsl xəzinəsi, mənalar semantikası və rəmzlər semiotikasıdır. Onlar zaman və məkan sərhədi tanımır, dünyanın bir sıra ölkələrinin muzeylərində bu xalçalara rast gəlmək olar. Həmin muzeylərdə keramika, ipək və ağacdan hazırlanmış dekorativ sənət nümunələri də saxlanılır.
Azərbaycanın hər bir bölgəsi, hər bir rayonu özünəməxsusluğu ilə seçilir. Bu rayonlardan biri də Tovuz rayonudur.
Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də yaradılıb. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1903 kv km.dir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.
Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.
Rayon ərazisində 235 idarə və müəssisə, 9 bank filialı, 2 rabitə müəssisəsi, mehmanxanalar fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 76174 nəfər, o cümlədən onların 45266 nəfəri kənd təsərrüfatında, 7745 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5767 nəfəri ticarət və içtimai iaşədə, 5836 nəfəri tikintidə, 3240 nəfəri nəqliyyat və rabitədə, 2632 nəfəri səhiyyədə və sosial təminatda, 1670 nəfəri idarəetmə orqanlarında, 1170 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1572 nəfəri sənayedə, 1276 nəfəri digər sahələrdə çalışır.
Tovuz Azərbaycanın digər rayonları kimi gün-gündən inkişaf etməkdədir. Hətta rayonun müəyyən ərazisi Ermənistan ilə sərhəddə yerləşsə də, həmin ərazilərin sosial-iqtisadi inkişafı da diqqət mərkəzindədir. Belə ki, Rayonun Ermənistan ilə sərhəddə yerləşən Əlibəyli kəndinə yeni içməli su xətti çəkilib. İçməli su xəttinin çəkilişinin başa çatması münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, "Azərsu" ASC-nin "Birləşmiş Su-Kanal" MMC-nin baş direktoru Etibar Məmmədov layihənin əhəmiyyətindən danışıblar.
(ardı gələn sayımızda)

Şamxal ŞƏBİYEV
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ