adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

XƏSTƏ ÇOX ŞEY DİLƏR

5575 | 2014-10-17 02:40
(hekayə)
Hay-hayı gedib, vay-vayı qalan tramvay quyruğu əzilmiş ilantək fısıldayıb mıxbənd dayandı. Ahıl ər-arvad köməkləşib rəngi bilinməyən nimdaş adyala bükülü televizoru hıqqına-hıqqına tramvaya qaldırdılar. Kişi sürücüyə nə isə deyəndən sonra böyrünü dayadı arıq, çəlimsiz arvadının yanına. Tramvay bütün günü ciyərinə yığdığı havanı hirs-hikkəynən ətrafa püskürüb tənbəl-tənbəl yenidən üz qoydu sürünməyə. Dədəm vay, tramvay bir gündəydi, cansız-cürəfəsiz olanda nolar, baxanda adamın ona yazığı gəlirdi. O, qozbel qarılar sayağı ləngər vura-vura candərdi irəliləyirdi. Deyərdin bəs bu vəfasız, fani dünyanın bütün dərdini-azarını cəmləyib yükləyiblər yazığın kürəyinə. Sanki çox metalloma verilmiş hisli-paslı, cır-cında, əzik-üzük dəmir parçalarını bir-birinə geydirərək dördküncfason bir şey düzəltmişdilər və həmin o dördkünc şeyi qaldırıb qoymuşdular qoşa relsin üstünə. Demişdilər ki, aşna, indi dünya durmadan dəyişir, təzədən qurulur, yan yerə verib paslanmaq, çürümək zamanı deyil, qayıt sən də bu axına qoşul, ikinci həyatını yaşa. Bu qaçaqaç, basabasda başını itirmiş camaatın karına gəl, köməyinə yetiş, adamları mənzil başına daşı. Elə həmən o uzunşüllək, dördkünc şeyi lap uzun, dəllək ülgücü kimi bülölənmiş-cilalanmış qoşa relsin üstüylə haray-həşirnən üşüaşağı yomalayırdılar, sürüyüb aparırdılar. Tramvay şəhərin ortasında bir haray-həşir salmışdı gəl görəsən. Əlqərəz...
Qocalar üç ildi öz doğma yurdundan didərgin düşmüşdülər. Məcburi köçkün həyatı yaşayırdılar. Sovet hakimiyyəti dövründə pambıq sahələrini dərmanlamaq məqsədilə Saatlı rayonundakı böyük zəhər anbarının yerində salınmış çadır şəhərciyində məskunlaşmışdılar. İsti havalarda sobanı, soyuq günlərdə soyuducunu andıran bu yastı-yapalaq çadırlarda yaşamağın dəhşətini, əzabını təkcə başına gələnlər bilər. Buranın ağır, kəsif, bağırçatladan havası, lilli suyu, üzücü təbiəti Doluxan kişinin, onun ömür-gün yoldaşı Gülxanım arvadın axırına çıxmışdı. Yağış yağdımı, palçıqdan tərpənmək olmurdu. "Evlərin" içində gölməçə əmələ gəlirdi. Elə biləsən çöldə ayağını palçığın üstünə deyil, təzə əridilmiş qalın qırın üstünə qoyurdun. Ayağını sarı palçığın içindən çəkib çıxaranacan canın çıxırdı. Qocalar canlarını dişlərinə tutub bu əzaba birtəhər dözürdülər. Nə edə bilərdilər, əlləri hara çatırdı?! Milyonu haqlamış bədbəxt qaçqın, köçkün damğası gəzdirən soydaşları necə, onlar da eləcə. Zavallı qocalar yağışdan sonra ağ göbələk təpərilə yerdən pürtlayıb çıxan qayır-qayır qaynaşan, köpük püskürən zəhərli dərmanın dəhşətli iyi-qoxuna heç vəchlə alışa bilmirdilər. Ödü ağzına gəlirdi bədbəxtlərin. Gündə yüz yol ölüb-dirilirdilər. Tez-tez xəstələnirdilər. İştahları büsbütün küsmüşdü.
Ey dadi-bidad! Vaxt vardı ucaboylu, dopdolu bədənli, dağ gövdəli, şahnan şilə yeməyi özünə sıxışdırmayan Doluxan qabaqcıl, iri, yepyekə bir kolxozun baş mühasibi vəzifəsindəydi. Xan-bəy keyfində yaşayırdı. İndi o xandan-bəydən, dolu bədəndən əsər-əlamət qalmamışdı. Hələ xanım-xatın, yupyumru, yaraşıqlı, üzügülər, xeyirxah Gülxanım... Sayılan-seçilən beş qadından biriydi. Kənddəki tibb məntəqəsinin müdiri idi. İndi o xanım-xatınlıq uzaq-uzaq illərin dumanlı-çiskinli xatirələrində ilişib qalmışdı, yerində hörümçəkdən can diləyən, yelqovana oxşar bir vücud peyda olmuşdu.
Əli hər yerdən üzülən Gülxanım gecə-gündüz aram tapmır, göz yaşlarını seltək axıdır, partlayan ürəyini qəmli ağılarla boşaltmağa çalışırdı:

Gülərəm gülən olsa,
Dərdimi bilən olsa.
Ağlamaqdan doymaram,
ay ellər,
Göz yaşım silən olsa.

...Dərd məndə üz görübdü,
Meydanı düz görübdü,
Gedər-gedər qayıdar,
Məni yalqız görübdü?

Belə ağrılı, niskilli ağılarla da ovunmaq bilməyən, aram tapmayan ana dizlərinə sapparlayır, boz-bulanıq üzünü sonsuz göylərə tutaraq baiskarları lənətləyir. Böyük Yaradanın özünə belə, asi olmaqdan çəkinmirdi.
- Bizi bu kökə salanları görüm yüz arşın qaranlıq quyunun dibinə düşsün, dilizarıncı qalsın! Yanasan, erməni, biz yazıq sənə neynəmişdik ki, axırımıza çıxdın, milləti yerindən-yurdundan elədin?! Ya Rəbbim, sən hardasan, yatmısan, bu zülmü görmürsən bəyəm?! Niyə göydən daş yağdırmırsan?! Nəyə görə?..
Doluxan kişini, axır ki, dərd-azar üstələdi... yaxasından yapışıb yorğan-döşəyə saldı. Oturdu sinəsinin tən ortasında.
Həkim gəldi. Baxdı, yoxladı. Altı-yeddi qələm dava-dərman yazdı. Heç əməlli-başlı demədi də dərdi nədi. Bircə bunu dedi ki, bu adama çadır şəraitində yaşamaq qəti olmaz. Köçüb havası, suyu təmiz olan yerdə yaşamalıdı. Yoxsa mayıf oluf gedəjək.
Dava-dərmanların kişiyə elə düşəri olmadı. İndi də başqa həkim gətirdilər. O, da yaxşıca müayinə elədi. Yemişə oxşar başını bulayıb: - Yazığı bu şəraitdə niyə öldürürsüz. - dedi. - Təcili köçün gedin nəmişliyi olmayan, havası təmiz rayonların birinə. Yoxsa...
Doluxanın adar-madar oğlu Elbəy Bakıdakı Maşınqayırma Texnikumunda oxumuşdu. Bir ay idi, Bakı şəhərində ev axtarırdı ki, xəstəliyi getdikcə üstələyən atasının canını çadır adlı cəhənnəmdən qurtarsın. Çox qapılar döymüş, saatlarla, günlərlə qəbullarda vaxt itirmiş, soraqlaşmış, tanıdığı, bildiyi tələbə yataqxanalarını əldən-ayaqdan salmışdı. Axır ki, üçüncü dəfə bitirdiyi texnikumun direktorunun yanında olanda qaş-qabağı açıldı, sevindi. Direktor Fərrux müəllim ona texnikumun Bakıxanov qəsəbəsindəki yataqxanasında bir göz otaq boyun oldu. Ancaq direktor turş alça yeyirmiş kimi çopur sir-sifətini qırışdırıb, geniş alnını ovuşdurub keçmiş əlaçı tələbəsilə şərt kəsdi:
- Biləsən ki, otaq hələ boşalmayıb. Yataqxanamızın beşinci mərtəbəsində xaricdən oxumağa gələn tələbələr qalır. Hazırda diplom işi yazırlar. Komendanta de, mərtəbə boşalanda ordan sizə bir otaq versin. Özüm də zəng eləyib tapşıracam.
Elbəy sevincindən direktorun ayaqlarına yıxılmaqdan özünü güclə saxladı. Bilmədi razılığını ona nə sayaq çatdırsın.
Ağappaq, əsməcəli başını salaq ciyinlərinin üstündə güc-bəla ilə saxlayan komendant Şiraz kişi əvvəlcə nəm-nüm elədi. Əsdi-coşdu. Üstünə hər gün neçə-neçə qaçqın-köçkünün gəlməyindən, o yurd-yuvasızların əlindən boğaza yığılmağından yana-göynəyə gileyləndi. Günahsız əhalini ev-eşiyindən, isti od-ocağından didərgin salanların qarasına batıq gözləri yaşaranacan söyüb-söyləndi. Səsinə yanqı qatdı. Qayğılı nəzərlərlə müsahibini bir daha diqqətlə süzüb dedi:
- Tay gəlmisən da, ay oğul. Öz yetirməmizsən. Səni necə əliboş qaytarım. Əl tutmaq Həzrət Əlidən qalıb. Tem bole, qaçqın ola. Mən özüm 41-45-də düz üç il iki ay nemeslərnən vuruşmuşam. Həyatın hər üzünü görmüşəm, oddan-alovdan keçmişəm. Neçə yol ölümlə çənə-çənəyə gəlmişəm. Odur ki, ay oğul, sizin də vəziyyətinizi yaxşı anlayıram. Amma, a bala, bir iş var, iki əməl. - Qoca sol əlini tüklü çənəsinə dayamaqla ağacda yarpaqtək əsən çal başının "əyləcini" basdı. Sözünü dağ eləməyə, söhbətini şirinləşdirməyə girişdi. - Gərək bu köpək uşağı neqrlər rədd olub öz xarabalarına gedələr ki, boşalan otaqlardan birini tuşudam sənə. Aydın oldumu? Qonağı necə qovasan?! Gərək özlərinin qanacağı ola. Diplom zaşitasını eləyiblər. Diplomlarını da alıblar. Di gəl, otaqları boşaltmağı ağıllarına belə gətirmirlər. Bitiblər bura. Elə bil dədələrinin malıdı, Zimbabvedən, Seneqaldan, Keniyadan, nə bilim Kamerundan şəllənib özləriynən gətiriblər bu dar-düttək otaqları.
Allah eləyə sizin bəxtinizdən bu gədələrin bir-ikisi tez çıxa gedə, işiniz düzələ. Qardaş oğlu, hələ sən şükürlüsən e, ode bir ailə iki körpə uşaqnan oturub neçə gündü o adama oxşamaynların seksiyalarının ağzında, onların getməsini gözləyir. Bilirsən niyə? Bu nanəcib qarazırtdıqlar yaşadıqları otaqları gecə ikən satıb, sonra içindən çıxırlar. Gör ha!.. Həyasızlığa bax da... Səhər tezdən işə gələndə görrəm nə, otağa başqa adamlar soxulub, qapısını da daldan bərk-bərk bağlayıblar. Ağzımı qapıya dirəyib qışqırıram, ay adam, kimsən? Səni bura kim buraxıb?.. Deyir, bəs sən kimsən? Mən qaçqınam, otağın haqqını vermişəm.
Oğul deyirəm, indi özbaşına otağa soxulan adamları çıxart çölə görüm, necə çıxardırsan. Mən burda elə qaraltı eləyirəm, düzünü axtarsan. Adım komendantdı. Nə gücüm var, yolunu azanları dartım çıxardım, küçəyə atım, nə də səlahiyyətim. Çağırıram, polis də köməyə gəlmir. - Şiraz kişi bayaqdan qaynayan çaydanı şəbəkədən çıxara-çıxara dilotu yeyibmiş kimi, söhbətinin mabədinə keçdi: - Qisası, vəziyyət belədi, ay oğul, vaxtını itirmə, bəri başdan mənim haqqımı ver, qalx yuxarı. Neqrlərin birinə yanaş, yalvar-yapış, birtəhər dil tap, bit böyrünə. Gecələr də yanında qal ki, əlin boşa çıxmasın. Köçüb gedəndə səni buraxsın qaldığı otağa. Başqa çarəsi yoxdu. Nolsun ki, direktor sənə söz verib, mənə də tapşırıb.
Tramvaysürənin amiranə səsi bayaqdan şirin-şəkər xəyallar aləmində covlan edən, keçmiş bəxtəvər, qayğısız günlərinin ilıq xumarlığında uyuyan, indisə dərdinin-azarının əlindən buraxılıb ağrılarını sozaltmaq, bir çimdik olsa belə, ömrünü uzatmaq ümidilə şəhərə pənah gətirən Doluxan kişini diksindirdi.
- Düşün, dayıcan, yolun burdan beləsini Razinə işləyən avtobusla gedəsiniz gərək.
Bu dəmdə qocanı yenidən dəli, çoxmərtəbəli bir öskürək haqladı. Zavallının, çalın-çarpaz, irili-xırdalı qırışlarla örtülmüş arıq, uzunsov sifəti əvvəl ağappaq ağardı, sonra bu rəng açıq-çəhrayıya çaldı, axırda da qapqara qaralıb eynən kömürə döndü.

TƏQVİM / ARXİV