adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HUMANİST

5214 | 2014-10-17 01:39
Qoşa qanad deyildilər! Bir-birlərinə sığınmış həyat yaşamır, ayrıca ömür-gün keçirməyə cəhd eləmir, taleyin oyunundan yan ötmək xəyallarına belə gəlmir. Həyat, onun acılığı-şirinliyi, istisi-soyuğu, əzabı-ağrısı, bəlkə elə budu... Əsl həqiqət, real gerçəklikdi ki, ömrün dolaylarında kimlərlə işləyəcək, dost, ya düşmən olacaqsan, qaranlıqdı sənə...
Heç həmyerli də deyillər... Rəis 50 evdən, mühasib Bağlıkənddən, bir-birinin cikinə də bələddi, bökünə də. Bu onun, o bunun savadını, qabiliyyətini, yaşam tərzini, həyata baxışını, vəzifədə hara, kimi söykəndiyini, ədalətini, səxavətini, bir sözlə, hər şeyini bilir.
Bəzən aralarından qan axır və uzun sürmür. Bu proses və tez bir-birilərini işarələrdən anlayır, güzəştlə gedib, düzəlişirlər.
O gün ayın əvvəlində həmişə olduğu kimi, kefləri sazdı: raykoma, nazirliyə hesabat verəndən sonra rahatlanmışdılar. Mühasibin əli gətirmişdi, nədi, dedi:
- Bəlkə nahara bir yerdə gedək, hə? Necə məsləhətdi? Rəis bu fikirlə tez razılaşdı və ürəyində dedi: "Əclafın yəqin əli gətirib, yoxsa ondan belə təklif? Eybi yox, gedib bir boğazımızı da yaşlarıq".
Yolu o üzə keçib gəldilər yeməkxanaya, yedilər və boğazlarını da yaşladılar. Sərxoş olmasalar belə, yarımsərxoş halətdə, mehribanlıqla, şirin-şirin söhbətləşə-söhbətləşə döndülər iş yerlərinə. Və əsl həngamə, dava-dalaş bundan sonra başlandı...g
Nazirliyin məsul işçisi, zonaya baxan inspektoru zəng edərək müsahibin təqdim elədiyi hesabatda bəzi dolaşıqlığa irad tutdu və hətta nazir bundan xəbər tutsa, səni cəzasız qoymaz" - dedi. Bu möhkəmcə haldan çıxartdı, əsəbiləşdirdi rəisi. Cumdu mühasibin otağına, içəri girər-girməz qışqırdı:
- Adə, ay humanist oğlu, humanist, neçə ildi Kufədə qazılıq eləyirsən, o hesabat nəmənədi ötürübsən nazirliyə? Əclaf, canuvu alacam, gözüvü çıxardacam!
- Vay, vay nə deyir mənə: humanist? Gör necə qudurub ki, söyür məni. Özü də ağır söyüşlə. Dəhlizdə də hamı eşidir. Əvvəl istədi asta-asta danışa, hesabatdakı rəqəmlərin hansının səhv olduğunu öyrənə, sonra hövsələsini boğa bilmədi, eyni ahənglə cavab qaytardı mühasib:
- Humanist özünsən, atondu, cəddabondu... Utanmaz, bisavad, mənəm sənin zibilinin üstün örtən... Bu rabitə şöbəsini döndərmisən lotuxanaya. Həftə səkkiz, mən doqquz, düşürsən bir arvadın dalınca Sən ölmüyəsən məlumat verərəm raykoma, duraram üstündə partbiletüvü aldıraram sənin...g
Rəsi gözləmirdi onun bu cavabını, səsinin tonunu daha da qaldırdı:
- Ədə, mənim atamı söyürsən əclaf, biqeyrət, binamus... de bayaq əlindəki bir qom açarı var gücüylə çırpdı dəmir kassaya. Cumdu irəli ki, yapışsın müsahibin boğazından, səs-küyə gələn işçilər girdilər araya. Kimsə dedi: "Bu da bizim başbilənlər! Cavanlar bunlardan nə öyrənəcək".
Səs-küyə küçədən keçənlər pəncərə arxasına toplaşaraq nə baş verdiyni öyrənmək istəyirdilər... Belə vəziyyət bir-birini söyənlərin hər ikisini sakitləşdirdi...g
İş vaxtının qurtarmasına az qalmış, ağlı, düşüncəsi ilə gəncləri həmişə barışığa səsləyən müharibə veteranı, ağsaqqal işçi götür-qoy edib düşündü. "Heç yaxşı olmadı, söz-söhbəti böyütməyə dəyməz. O, əvvəlcə rəislə, sonra mühasiblə təkbətək görüşdü. - Mehribanlıq yaxşı şeydi - dedi: - heç nə olmayıb, orda-burda danışmayın dava-dalaşı... Bu gün söyüşdüz, sabah yenə barışacaqsız, qol-boyun olacaqsız, qol-boyun olacaqsız. Davadan kim xeyir görüb ki... Biriz od olanda, biriz su olun.
Onun öyüd-nəsihəti, abıllı sözü müsbət qarşılandı. Hər ikisi böyüyün məsləhət-məşvərətindən yan ötməyib, anladı, başa düşdü ki, Puşkin (indiki Biləsuvar) kiçik rayondu, kin-küdurət saxlayıb bir-birini topa tutsalar, o söyüş, o qalmaqal tezcə qanad açar, yayılar hər yana. Həqiqətən, səhvə yol veriblər və bu səhvin acı nəticəsi vəzifə stullarını itirməklə sonuclanar. Hətta işçilərdən birinin toyunda rəisin işarəsi ilə mühasib ortaya çıxdı, əl-ələ, qol-qola tutub oynadılar da.
Amma, yox ey, qeyri-müəyyən, bəlkə hes özünə məlum olmayan bu andıra qalmış "humanist" sözü iç dünyasını rahat buraxmırdı. Xəlvətə salıb savadlı bildiyi raykomun iki təlimatçısı ilə təklikdə görüşüb, o əclaf, heç harda rastlaşmadığı, eşitmədiyi sözün məna yükünü doğru-dürüst öyrənmək istədi. Nahaq, onlardan ağılabatan, qaneedici cavab verməkdə aciz qaldılar. Biri mızıldandı: hərdən qəzetlərdə o sözə rast gəlirəm, amma açığı anlaya bilmirəm hansı mənada işlədirlər. İkinci tərəf - mühasib də tez-tez qəzetlərə göz yetirir, axtarışdan əl çəkmirdi: "Düzdü, barışıblar, əvvəlki sayaq bir-biri ilə can deyib, can eşidirlər. Amma bir-birinin qabırğasına döşədiyi söz nədir? Tez-tez rastlaşdığı, salamlaşdığı biologiya müəlliminə üz tutdu, astaca soruşdu:
- Eloğlu, can-ciyər, sən çox oxuyubsan axı, bilməmiş olmazsan, bu "Humanist" sözü nə deməkdir?
Qaşları çatıldı müəllimin, bir yerə baxdı, bir göyə, sir-sifətini turşutdu:
- Nəyə görə soruşursan?
- Heç, elə-belə...g
- Pis, biədəb sözdü. Ana-ata söyüşündən də betərdi. Biz yaşda olanlara layiq olmayan mənası var, uşaqlar işlədir onu... Özü də oğlanlar.
Aydındır, bir daş altda, bir daş üstdə, beləcə son verdi axtarışına mühasib.
Rəis isə hərdən bir mühasiblə ünsiyyətdə olanda yadına düşürdü söyüşlər, lakin üstünü vurmurdu. Təzədən dava-dalaşı xatırlatmaq, yanan ocağın üstünə nöyüt tökməyə bərabər idi. Üstəlik, elə şöbənin özündə yox, dalda-bucaqda, çayxanalarda milçəyi böyüdüb fil edənlər, rəsilə müsahibin söyüşmələrini bəzək-düzəklə ona-buna xısıldayanlar az deyildi. Hər yerdə zəhrimara qalan "humanist" sözü hallanırdı. O gün dostlardan biri zəng eyləyib rişğəndlə, ya elə qəsdən soruşdu:
- A kişi, ay mən deyən, niyə bir-birizi qırırsız? Ata-ananızı söyürsüz? Ayıb deyil? O nə sözdü, humanist oğlu, humanist! Ağlınıza soyuq dəyib, nədi? Əşi buraxın o axmaq-axmaq sözü...g
Ötən həftə katibə qız xəbər gətirdi ki, bəs kənd poçtunun rəisi bizim işçiylə yumruq davasına çıxıblar, bu ona, o buna "humanist" deyə-deyə ata-analarını söyüblər. Kimdən eşitdiyi məlum olmasa da böyük qardaşı Həsən, rayonun adlı-sanlı pambıqçılıq briqadiri evinə çağırtdırdı və məzəmmət elədi, danladı onu:
- O nə söz-söhbətdi yayılıb hər yana? Heç utanıb-qızarırsan? Cavan olsaydın, deyərdim beyni qandı. 40-ı keçibsən, başqalarına ağıl öyrədən vaxtındı indi... Ay qardaş, bir düşün, fikirləş, bu boyda rayonun rabitə şöbəsini sənə tapşırıb hökumət. Tay nə istəyirsən? O qədər oğlanlar həsrət çəkir sənin o vəzifənə. Böyük kollektivə rəhbərlik etmək asan gəlməsin sənə. Gərək hər kəsin dilini-yolunu biləsən, teztov, çılğın olmayasan.
Xalq şairi Bəxtiyar Vahabzadə necə də gözəl demişdir: "Zaman elə zamandı, həmişə cavandır, dəyişən bizik". Keçmişdə şirin, dadlı ömür-gün. O qol-boyundu qocalıqla. Güzgüyə baxmaqdan xoşu gəlmir daha. Alnında qırışlar, gözlərinin altında torbalar, üzünün saralıb solan əti sallanıb alt çənəsinə doğru.
Təkcə ötənlər tərk etmir 30 ildən artıq rayon rabitə qovşağına rəhbərlik eləyən bu qocanı, nələr qaldı arxada?.. Yeni üç mərtəbəli binanın tikilməsi, ATS-in yenidən qurulması, bütün kəndlərdə poçt, telefon obyektlərinin müasir texnologiyalarla təminatı, nələr, nələr...g
Oturub isti qaz sobasının yanında, canında ağrılar, sızıltılar onunla həmdərddi, həmsöhbətdi xatirələr. Vərəqlənir sağa-sola, iç dünyasına işıq düşür. Birdən haçansa mühasiblə dava-dalaşı, "humanist" deyə bir-birilərini söyüb söyləməkləri gözləri önündə canlanır. Hə, indi o söz hardan gəlmişdi ağlına, deyəsən radioda eşitmişdi, amma hansı mənada işləndiyini bilmirdi. O biri otaqda dərs oxuyan nəvəsinə səslənir.
- Ay bala, nəylə məşğulsan?
- Məktəbə hazırlaşıram baba - müəllimə verdiyi tapşırığı oxuyub öyrənirəm.
- Sən elə-belə kitablarını vərəqlə, gör harda "humanist" sözü var.
Nəvə eləmir tənbəllik, kiril əlifbası ilə yazılan Azərbaycan Sovet Ensiklopediyasının beşinci cildinin 271-ci səhifəsində baba deyən sözü tapır. Gətirib verir ona.
- Dediyin söz burdadı.
Oxuyur:
"Humanist" sözü latın sözüdür. İnsanı, bəşəriyyəti sevən və tarixən dəyişən baxışlar sistemidir. Humanist böyük şəxsiyyətdir. Yüksək mənəvi dəyərlərə malik rəhmdar bir adamdır. O, şeytanın fitnə-fəsadına uymur, xəbis, məkrli deyil, başqalarını ləyaqətli, əxlaqi olmağa səsləyir. O, güzəştə getməyi, bağışlamağı bacarır.
Oxuduqca çöhrəsində xoş təbəssüm, sözün mənasını düzgün qavramamasına rəğmən təbəssümləndiyi hiss edilir. Mənə bax ey, gör necə səhvə yol vermişəm. Humanist kimi gözəl, əxlaqlı, əsl insani keyfiyyətləri özündə ehtiva edən sözü "söyüş bilmişəm". İndi gecdir, hər şey arxadadır. Aqillərdən biri nə gözəl deyib: Həyat xırda pul kimidir, onu istədiyimiz kimi xərcləyə bilərik, ancaq bir dəfə.

TƏQVİM / ARXİV