adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

iSTiSNA

17585 | 2007-11-10 06:42
Sovet dönəmi haqqında çox danışmaq olar. Bu dövr hər şeydən əvvəl intelligensiyanın ölümü ilə xarakterizə oluna bilər. Ziyalılar hər şeydən əvvəl burjuaziya dövrünün məhsuludur. Azərbaycanda da XIX əsrin 70-ci illərindən sonra intelligensiya formalaşmağa başladı. İlk modern təfəkkürlü ziyalımiz Mirzə Fətəli isə Tiflis mühitində yetişmişdi. Və Azərbaycanda Mirzə Cəlil, Üzeyir bəy, Sabir, Haqverdiyev daha sonralar isə Cəfər Cabbarlı və Hüseyn Cavid kimi böyük ziyalılar yetişdi. Onlar publisistikada, ədəbiyyatın müxtəlif sahələrində-dramaturgiyada, nəsrdə, poeziyada fəaliyyət göstərdilər. Xalqın min illərdən boyu yığılıb-qalan problemlərinə əlac axtardılar, Çar Rusiyasının repressiv rejimindən çox xalqla mübarizə apardılar, xalqa qarşı xalqsız oynadılar. Bu missiya Stalinin hakimiyyətdə möhkəmlənməsinə qədər davam etdirildi. Cəfər Cabbarlı, Mirzə Cəlil bu dövrü görmədi, Cavid sürgünə göndərildi, Üzeyir bəy ömrünün qalan hissəsində demək olar ki, yaradıcılıqla məşğul olmaqdan imtina etdi, təşkilatçılıqla məşğul olmağa başladı. Və SSRİ dönəmində formalaşan ziyalı elitası onlarla müqayisədə ziyalılığa parodiyadan başqa bir şey deyildi. Mirzə Cəlil nəsrdə, Sabir şeirdə, Cavid və Cabbarlı dramaturgiyada, Üzeyir bəy musiqidə əlçatmaz görünür. İndinin özündə belə. Bu həm onların böyük yaradıcı istedadları həm də onların böyük xarakterləri ilə izah oluna bilərdi. Fərqi yoxdur, Sovet dönəmi intelligensiyanı məhv etdi və Sovet dönəmində yetişdirilən ziyalıların varlığının özü yoxluq idi. Sadəcə olaraq dəyər öz əhəmiyyətini itirərək psevdodəyərlə əvəzlənirdi.
   
   Sovet dönəminin işini bircə cümlə ilə bitirmək, bu dönəmə bir hökmlə yekun vurmaq olardı. Amma bircə ona görə biz bunu etmirik, istisna var, çünki ASİF ATA var, və onun min-cür təqiblərlə, təzyiqlərlə yazdığı əsərlər bu gün də bizimlədir və biz onun simasında Azərbaycanın HƏQİQİ ZİYALISINI görürük. Onun adı bizim qurtuluşumuzdur, bizim xilasımızdır, çünki onun varlığı xalqın potensialından xəbər verir, ziyalı adını qoruyub-saxlamaq faktından xəbər verir, onun adı şərəfdən, ləyaqətdən, namusdan və əlbəttə ki, böyük intellektdən xəbər verir.
   
   Amma onu əzdilər..
   
   Sovet quruluşu dağılan kimi biz yeni bir faktla üzbəüz qaldıq. Sən demə, biz dissidentlərin əhatəsində yaşayırıqmış, sən demə, bizim ziyalıların yanında Brodski, Soljenitsin yalan imiş, sən demə, sətir altından bizim ziyalılar rejimi dağıdıblarmış. Bu dəhşətli mif idi. Sovet dövrünün bütün mükafatlarını yaxalarından asan, mühüm postları tutan, əsərləri fantastik tirajlarla çap olunan psevdoziyalı elitası öz buqələmunluğunu müstəqillik dönəmdə də sərgiləməkdən özünü saxlaya bilmədi. Bunlar dissident imişlər, bizim xəbərimiz yox. Sən demə, bunların sətiraltı mətləblərini Qlavlitin yüksək təhsilli işçiləri tuta bilmirdi, amma xalq onları tuta bilirdi, onlar dövlətdən ənamları alıb xalq üçün çalışırdılar və kosmosa adam çıxardan Sovet hökumətini onlar balaca uşaq kimi aldada bilirdilər.
   
   Amma onu əzdilər. Əlbəttə ki, Asif Atanın xarakterini məhv edə bilməzdilər, onun qarşısını ala bilməzdilər, onun əsərləri yazılmalı idi və yazıldı. Amma onun qarşısını kəsən psevdolar elə bildilər ki, Asif Atanı universitetdən çıxartmaqla, Yazıçılar Birliyindən çıxartmaqla, dissertasiyasının müdafiəsinə qadağa qoymaqla, məqalələrinin, kitablarının dərc olunmasını qadağan etməklə onu məhv edə bilərdilər. Amma olmadı. Onlar Asif Atanı özləri kimi bilib yanıldılar. Çünki onların özü gündəmdə qalmaq üçün vəzifədə olmalı, yubileylərində dövlət mükafatları almalı, istedad və intellektdən məhrum əsərləri tez-tez çap olunmalı idi. Onların başqa yolu yox idi. Onlar bu günün yazarları idi və sabah onların deyildi. Asif Ata isə böyük sabahların adamı idi və o sabahlar hələ açılmasa belə Asif Ata hələ də unudulmayıb. Amma o zamankı şairlərin "böyük şöhrəti" haralardadır?
   
   Asif Ataya qarşı hücumlar təşkil olunmuş hücumlar idi. Bunların arxasında duran adamların da adları bizə bəllidir. Lakin biz bu gün o adamların adını yazmayacağıq. Bu barədə xüsusi araşdırma apararaq yazı yazmaq fikrimiz var. Amma bir şeyə də qəti əminik ki, Asif Atanın mətbuatda adının çəkilməsi belə bir çoxlarınını əsəbləşdirir, qısqandırır, əllərini "Volidol"a uzadır.
   
   
   
   Yarımhəqiqət və həqiqət
   
   
   
   Asif Atanın gördüyü ən böyük iş marksizmin tənqid etməklə öz fəlsəfi sistemini yaratmaq idi. O, bu missiyanı yerinə yetirə bildi. Tam əminliklə demək olar ki, Sovet dönəminin heç bir dissidenti Asif Ata qədər marksizmin nəzəri dayaqlarına zərbə endirə bilməmişdi.
   
   "İnsanın rolu sinfi münasibətlərlə məhdudlaşırsa deməli o, özünü həyatda dolğun, əsil insani şəkildə realizə edə bilmir, özündən ayrılır.

TƏQVİM / ARXİV