DüNYA SƏNLƏ GÖZƏLDiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
36552 | 2007-11-10 06:41
Hər dəfə həyatdan, gündən, güzərandan, ümumiyyətlə, insanın bioloji varlığından söhbət düşəndə söz hərlənib-fırlanıb yaşamın üstünə gəlir. Və nədənsə belə məqamlarda-ümidsizlik adamı üstələyəndə (belə hallar daha çox olur) dərhal müdriklər, dünyagörmüşlər və yaxud da az-çox həyat təcrübəsi olanlar sitatlarla, zərb-məsələlərlə təsəlli verməyə cəhd göstərirlər. Ən çox da yada düşən Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur şerindəki "Şam əgər yanmırsa yaşamır demək..." misralarıdı. Bilmirəm, nədəndisə həqiqətən insan ömrünün müəyyən bir dövründən sonra və yaxud da loru dildə desəm, başı daşdan-daşa dəyəndən sonra yaşamağa, həyata, ətrafında baş verən hadisələrə münasibəti xeyli dəyişir...
   
   Həyat mənim anlamımda insanlarla daha gözəldi. Çünki ən füsunkar təbiət guşəsində belə, istəyir orda Allahın yaratdığı bütün güllər, çiçəklər, ağaclar, bitkilər, şəlalələr, heyvanlar, həşəratlar, bir sözlə, hər şey olsun, amma ruhuna oxşayan səs, nəfəs, gözünün axtardığı gözlər olmasın, onda bir azdan darıxacaqsan, bir azdan sıxılacaqsan, bir azdan səninlə danışan, səninlə pıçıldaşan otlar, ağaclar, çiçəklər, sular öz gözəlliyini, öz ilkin mənasını itirəcək. Çünki onların heç birində sən həmin o darıxdığın nəfəsi, axtardığın gözləri görməyəcəksən. Deməli, bütün gözəlliklərin şövqündə duran, əslində onu gözəlləşdirən insandı...
   
   Biz, elə mən özüm də səhərdən axşama, axşamdan səhərə daşıdığımız fikir yükünün altında qəddimiz əyilə-əyilə Tanrıya doğru yol gedirik. Əslində qəddimizin əyilməyi hansısa məmurun və yaxud hansısa şəxsiyyətin ayağının altındakı tozdan da dəyərsiz olan kimsənin qarşısında deyil, biz ruhən Tanrı qarşısında əyilirik. Bu böyük anlamda səcdədi, ibadətdi. Yəni Tanrıya doğru, o uca dərgaha gedən yolla ömür məsafəsini qət etdikcə həyatın, kamilləşməyin şirinliyini, bəhrəsini az-çox dadırıq, duyuruq və görürük ki, sən demə, bütün həmin o daddıqlarımız, duyduqlarımız məhz insanın iç dünyasının, daxili aləminin tutumundan, böyüklüyündən bəhrələnir, şirəsini ordan götürür...
   
   Hələ ötən əsrin 80-ci illərində yazdığım şerlərin birində demişdim ki:
   
   Dərdin
   
   böyüyü, kiçiyi olmur...
   
   Dərdin ölçü vahidi
   
   ürəyin tutumudu...
   
   - Bəli, insan öz ürəyi tutan boyda dünyaya sahibdi, öz ürəyi tutan boyda dərdə sahibdi, öz ürəyi tutan boyda sevgiyə sahibdi və Allah da onun ürəyinin tutduğu boyda ona sevinc və yaxud dərd bəxş edir. Təbii ki, dərdi daha çox onu çəkməyi bacarana, onu mənzil başına aparmağa, gücü yetənə yükləyir. Deməli, asi olmaq, dərddən rəncidə, yəni narazı düşmək, onun çoxluğundan gileylənmək günahdı...
   
   Mən öz-özümlə qalmağı, öz-özümlə danışmağı bacardığım kimi, ümidsizliyə yuvarlanmağı da, bəzən yerli-yersiz elə ilk soyuq baxışdan, ilk soyuq kəlmədən dünyadan əl üzməyi də bacarıram. Ona görə də hətta işdə çalışdığım kollektivdə də ərki keçən dostlar bunu mənə aşkarca irad tutur və üzümə də deyirlər. Mən onları da anlayıram və bir məsələ də var ki, özü-özünü tərbiyə, özü-özündən güc tapmaq o qədər də asan iş deyil. Buna da daxili bir potensial lazımdı, enerji, loru dildə desək, yanacaq gərəkdi...
   
   Bütün zamanlarda nədənsə öyrənir, nədənsə görüb götürürük. Mən Azərbaycanın işıqlı ziyalılarından biri olmuş, mərhum tənqidçimiz və yazıçımız Qulu Xəlilovun qələmindən çıxan bütün yazıları demək olar ki, oxumuşam. Onun yaşam uğrunda mücadiləsini öz nəfəsimdən, öz qələmimdən duymuşam. Bu gün içərisində olduğum və mənə köynək-köynək yaxın olan sızıltıları canımdan keçirəndə nədənsə tez-tez Qulu müəllimi xatırlayıram.

TƏQVİM / ARXİV