adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

XAOS DAHA NECƏ OLUR Kİ?..

BABƏK YUSİFOĞLU
64820 | 2014-10-16 01:31





Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan bu gün iqtisadi və siyasi sahədə son dərəcə ağır vəziyyətdədir. Artıq hazırkı hakimiyyətin əhaliyə deyəcək yalanları belə tükənmişdir. İndi insanlara veriləcək hər hansı yeni vəd, yeni bir səbəb tapılanda belə iqtidar sevinir. Elə bu üzdəndir ki, KİV respublikadakı şaftalı ağaclarının yaxşı bar gətirdiyini, otlaq sahələrinin iranlı fermerlərə icarəyə verilməsini, bir xarici iş adamının tamam başqa bir səbəbdən ölkəyə gəlişini, ən nəhayət də Ermənistanın Rusiyanın təsis etdiyi Gömrük ittifaqına daxil olmasıyla ciddi iqtisadi irəliləyişin əldə olunacağı kimi hadisələri gündəmdə saxlamağa çalışır, onları nailiyyətlər kimi qələmə verir.
Əsl həqiqəti görmək üçünsə heç bir dərin təhlillər aparmağa və ya Amerika kəşv etməyə ehtiyac yoxdur. Yəni hər şey göz qabağındadır. Əslindıə bu gün tək əlin barmaqlarının sayı belə artıqlıq edən müstəqil erməni mətbuatı da həqiqətləri deməkdədir. Rus dilində də informasiya yayan "Joxovurd" qəzetinin Ermənistanın iqtisadi vəziyyəti ilə bağlı bir müddət əvvəl dərc etdiyi bəzi məlumatlara nəzər yetirmək kifayətdir ki, bu separatçı, işğalçı, militarist siyasət yürüdən ölkənin çox bərbad gündə olduğunu biləsən.
Ölkənin yoxsulluq içində çabaladığını göstərən mənbənin bidirdiyinə görə, respublika əhalisinin hər üç nəfərindən birinin yoxsulluqda yaşadığını deyən qəzetin rəqəmlərini də əslində tam reallıq kimi qəbul etmək düzgün deyil. Çünki müstəqil ekspertlər hakimiyyətin bütün gücü ilə bu sahədəki gerçəklərin gizli saxlanmasına çalışdığını söyləyirlər.
Qəzetin məlumatına görə, hətta rəsmi statistikadakı rəqəmlərin özü fəlakət həddində olsa belə həqiqətləri əks etdirmir. Ölkədə bir ovuc insanın təminatlı şəkildə yaşadığı artıq heç kəs üçün sirr deyil. Belə bir şəraitdə Ermənistanın maliyyə naziri David Sərkisyanın ölkədəki yoxsulluq həddinin yavaş-yavaş azaldığını, maddi-rifahın isə artdığını söyləməsi kimsə üçün bir maraqlı deyil. Artıq statistik məlumatlara etibar edilmir. Çünki statistikada ölkədəki yoxsulluq həddinin 36-37 faiz olduğu göstərilsə də ekspertlər bu rəqəmin reallıqda 42-45 civarına çatdığını və bunun da dərin böhran olduğunu bildirirlər. Respublikanın iqtisadi vəziyyəti ilə müqayisələr aparan qəzet Ermənistanın hazırda ən yoxsul ölkə kimi yaşadığını bildirir. Əslində Ümumdünya Bankının rəsmi hesabatlarında da bu tendensiya açıq şəkildə bəyan edilib.
Maraqlıdır ki, Ermənistanın baş naziri Tiqran Sərkisyan mətbuata verdiyi ötən müsahibələrinin birində mövcud həqiqətləri etiraf etməli olub: O deyib: "Bəli, bu gün Ermənistan yoxsul ölkə hesab olunur". İqtisadçı ekspertlərin fikrinə görə, vəziyyətin getdikcə daha da pisləşməyəcəyinə heç bir qarantiya yoxdur. Çünki bu dəhşətli prosesin durdurulması üçün hakimiyyət heç bir real imkanlara malik deyil. Yalnız ideologiya istehsal etməklə iqtisadiyyatın düzələcəyinə ümid bəsləmək axmaqlıdır.
Bu gün ölkə əhalisinin kütləvi şəkildə xaricə köç etməsinin əsas səbəblərindən biri də məhz sadaladığımız nədənlərdir. İndi Ermənistandakı xaosdan qaçmaq üçün yol pulu tapanlara digərləri bəxtəvər kimi baxırlar. Hələ adamlar köç etmək xoşbəxtliyinə çatanların harasa gedib yaşamaq üçün imkan qazanacaqlarını bilməslər belə. İş o yerə gəlib çatıb ki, militarizmin ideoloqları belə köç prosesinin təhlükəli həddə çatdığını bildirir, həyəcan təbili çalırlar.
Lakin burada çox qəribə, heç cür anlaşılmayan bir paradoks vardır. Xaotik durumda olmasına, iqtisadi böhran keçirməsinə, iflas həddinə gəlməsinəg baxmayaraq Ermənistan özündən qat-qat güclü olan qonşularına qarşı düşmən siyasətini həvəslə sürdürməkdə davam edir. Bu gün onlar həm Türkiyəyə, həm də Azərbaycana qarşı şantajlarını, böhtanlarını genişləndirməyə çalışırlar. Lakin Yerevan unudur ki, proseslərin bu istiqamətdə inkişafı bir gün onların özünü fəlakətin içərisində boğacaqdır...g

TƏQVİM / ARXİV