GƏLƏCƏYƏ AYDIN BAXIŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
278158 | 2014-10-16 01:26

Gəlin etiraf edək ki, bugünün Azərbaycanı 10-15 il bundan öncəki Azərbaycandan, hətta bir il bundan əvvəlki Azərbaycandan da xeyli fərqlənir. Bu fərq özünü ölkənin iqtisadi-siyasi durumunda, dünya arenasında, möhkəmlənən yerində, eləcə də daha çox dünyanın diqqət mərkəzində olması ilə özünü göstərir. Fikirlərimizi bir az da açıqlasaq, onda bir faktı qabartmaq zərurəti yaranır. Belə ki, son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədriblər, simpoziumlar, forumlar, eləcə də idman yarışları, musiqi şölənləri, bir sözlə, böyük diqqət çəkən tədbirlər təbii ki, öz növbəsində də Azərbaycanı gündəmdə saxlayır, Azərbaycanı hər kəsə tanıdır və sevdirir. Maraqlıdır ki, bu tədbirlərin iştirakçıları, həmçinin onu izləyən xarici vətəndaşlar özlərinin açıqlamalarında, tədbirə münasibətlərində Azərbaycanı, Bakını bu cür təsəvvür etmədiklərini, tamam fərqli bir Avropada qonaq olduqlarını dilə gətirirlər. Bu da öz növbəsində xalqımızın və onun iqtidarının əməli fəaliyyətinin, pontensialının ifadəsidir.
Ölkənin iqtisadi həyatı müqayisəli şəkildə təyin edilərkən inkişaf birmənalı şəkildə diqqəti çəkir. Elə ölkə prezidentinin bu ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetində keçirdiyi geniş iclasda da məhz həmin məsələ diqqət mərkəzində idi. Yəni Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafı sahələr üzrə araşdırılmaqla görülən işlər, onların nəticələri, həmçinin görüləcək işlər barəsində ciddi müzakirələr aparılmış, ölkə rəhbəri tərəfindən konkret tapşırıqlar verilmişdi. Həmin iclasda çıxış edən ölkə prezidenti vurğulumaşdı ki, "Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilmişdi və bu proses davam etdirilir. "Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı" uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yeri açılmışdı, onlardan səksən mini daimi iş yerləridi. Proqramın əvvəlindən, 2004-cü ildən bugünə qədər bir milyon üç yüz min yeni iş yeri açılmışdır". Təbii ki, açılan hər bir iş yeri özü-özlüyündə həm fərd olaraq vətəndaşı, həm də onun ailəsinin güzəranının yaxşılaşması ailə büdcəsinin möhkəmlənməsi deməkdir. Özü də bu proses dünyanın hətta inkişaf etməş dövlətlərində işsizlik faizinin artımı müşahidə olunan bir zamanda gerçəkləşir. Deməli, düzgün iqtisadi siyasət birmənalı şəkildə proqnozlaşdırılan, gözlənilən nəticəni də ortaya qoyur. Ölkə prezidentinin vurğuladığı kimi, "Davos Dünya İqtisadi Forumu Azərbaycanın rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülmüşdü. Biz bir pillə də irəliyə getdik və dünya miqyasında bu göstəriciyə görə, 38-ci yerdə olmaq tarixi nailiyyətdir". Cənab İlham Əliyev həmin iqtisadi uğurları şərh edərəkən onu da vurğulayıb ki, biz dünyanın rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu tarixi nailiyyətdir və bizə əlavə inam verir".
Azərbaycan gerçəklikləri özünün bir məqamı ilə də diqqəti çəkir. Yəni artıq dünya ictimaiyyəti də çox gözəl bilir ki, bizim ərazimizin 20 faizdən artığı işğal altındadır. Həmin ərazilərdən, eləcə də Ermənistandan, öz dədə-baba torpaqlarından didərgin salınmış bir milyondan artıq qaçqın və köçkün problemi də Azərbaycanın iqtisadi, siyasi durumunda müəyyən təsirlərə malikdir. Bax, belə bir vəziyyətdə ölkə prezidentinin də dediyi kimi, "məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılmışdır. Bu il də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bu proses gedir və gələn il də təbii ki, davam etdiriləcəkdir". Müharibəyə cəlb olunmuş Azərbaycanın regionda və bütövlükdə dünya arenasında əldə etdiyi uğurlar özünün coğrafiyasına, həmçinin siyasi-psixoloji təsirinə görə də ölkəmizin uğurlarına sevinməyənləri daha acınacaqlı duruma salır. Yəni istər işğalçı Ermənistan, istərsə də digər ermənipərəst güclər, həmçinin daxildəki müəyyən ünsürlər bu genişmiqyaslı nailiyyətləri ya görmür, ya da qəbul etmək istəmir. Sevindiricidir ki, onların bu arzuları həmişə ürəklərində qalır. Məhz Azərbaycan prezidenti İlham Əliyev cənabları da həmin nailiyyətlərdən çıxış edərkən vurğulayır ki, "biz inkişaf edirik, həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var. Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir. Üçüncü rübdə biz təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbiçilərimiz layiqli cavab vermişdi, onlara böyük sarsıdıcı zərbə vurulmuşdur".
Nazirlər kabinetində keçirilən geniş iclasda çıxış edənlər vurğulamışdılar ki, ölkəni maliyyə-iqtisadi sektorunda, ekoloji vəziyyətində, eləcə də gələcəyimiz olan gənclərlə iş sahəsində əldə olunan nailiyyətlər və həll olunması nəzərdə tutulan məqamlar iclas iştirakçılarının diqqətinə çatdırıldı. Keçirilən geniş iclasa yekun vuran ölkə prezidenti bildirdi ki, "biz vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi leytenat Şmit adına zavaodun ərazisində tikilibdi. O da bir ekoloji fəlakət idi. Mən ora gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar? Amma indi bəziləri unudub ki, orada leytenant Şmit adına zavod olub". Doğrudan da görülən hər bir iş, əldə edilən hər bir nailiyyət təkcə rəqəmlərin dili ilə deyil, həm də reallığın özünün ifadəsi ilə bizim ölkəmizin dünya coğrafiyasında, xüsusilə regionda hansı gücə və nüfuza malik olduğunu birmənalı şəkildə ifadə edir. Deməli, hazırlanan dövlət proqramları, yaxın və uzaq zamanlar üçün hesablanan layihələr yolumuzun aydınlığa, uğurlu sabahlara olduğunu birmənalı şəkildə təsdiqləyir və biz də bu inkişafın iştirakçısı və şahidi olduğumuz üçün qürur duyuruq.

TƏQVİM / ARXİV