Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BİLİRSƏNSƏ, SƏN SÖYLƏ Adalet.az | BİLİRSƏNSƏ, SƏN SÖYLƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİLİRSƏNSƏ, SƏN SÖYLƏ

17994    |   2007-11-10 06:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlk qəzetimizin adı "Əkinçi" olub. Bəlkə ona görə ki, əkinçilik dünyanın ən qədim peşələrindən biridir. Min il öncə olduğu kimi, kəndli bu gün də torpağı əkib becərir, ondan məhsul alır. Texniki inkişaf sadəcə olaraq təsərrüfatı mexanikləşdirib. Elmə əsaslanan aqro-texniki qaydalar, kimyəvi gübrələr, dərmanlar zərərli həşəratları məhv edir, əvvəllər çarəsiz bilinən bir cox xəstəliyin önünü kəsməklə məhsuldarlığı dəfələrlə artırır. Yəni bir çox qədim fəaliyyət növü texniki tərəqqi nəticəsində təkmilləşərək bu gün də mövcuddur. Fəqət elmi-texniki inqilablar nəticəsində XIX əsrin ikinci yarısından başlayaraq, xüsusən XX əsrdə tamamən yeni istehsalat sahələri, peşələr, ixtisaslar, sənət növləri də yarandı. Məsələn, atom fizikası, kosmonavtika, yaxud təyyarəçi, kinomatoqraf, televizor ustası, radio mühəndisi. Əslinə baxsan, milli jurnalistikamızı da bu siyahıya aid edə bilərik. Axı, mətbuat tariximizin cəmi 132 yaşı var. Son yüz ildə ayrı-ayrı görkəmli jurnalistlərimiz üzə çıxsa da, güclü jurnalist ordumuz hələ indi yaranır.
   
   Dördüncü hakimiyyət adlanan KİV, əslində tək ictimai mühitə deyil, birinci, ikinci, üçüncü hakimiyyətin özünə də təsir gücünə malikdır. Məhz ona görə ağıllı rəhbərlər həmişə KİV-lə dost olmaqda, yeri gələndə onun imkanlarından faydalanmaqda maraqlıdır. Napoleon deyərdi ki, 4 qəzetin düşmənə vurduğu zərbəni 100 minlik ordu da vura bilməz.
   
   132 il öncə Həsən bəyin dörd səhifəlik "Əkinçi" qəzeti bir xalqın tarixində yeni dövr - mətbuat səhifəsini açdı. Mətbuat orqanı təsis etmənin icazə alınma şəkli xeyli sadələşsə də, indinin özündə də qəzet çıxarmaq çətin məsələdir. O zaman da "xeyirxah təəssübkeşlər" dövlət idarələrinə qarayaxma, böhtan dolu danos, arayış yazırdılar. Həsən bəy Zərdabi özü kimi insanları ətrafına toplayıb maarif, mədəniyyət toxumu səpərək "əkinçi"liklə məşqul olanda, millətin çörəyini yeyib ona qənim kəsilənlər iftira, böhtan kimi illərin sınağından çıxan kəsərli namərd silahıyla yaraqlanaraq pərdəarxası döyüşlər aparır və əfsus ki, çox vaxt qalib gəlirdilər. Əgər belə olmasaydı, "Əkinçi" qəzeti bir müddət sonra bağlanmazdı, "Molla Nəsrəddin" in çapında fasilələr yaranmazdı, jurnalın bəzi səhifələrində senzorun çıxardığı materialların yeri çarpaz xətlə işarələnməzdi. Ayrı-ayrı vaxtlarda jurnalistlər həbs edilməzdi, güllələnməzdi, sürgünə göndərilməzdi. Qəzetlərdə zərrəbinlə dövlət maraqlarına zidd material axtaranlar hakimiyyəti mətbuata qarşı yönəldənlər cəmiyyətdə həmişə narazılıq, anlaşılmazlıq, nifaq hissi yaradıblar. Açıq fikirli adamların ziyasından kor olacağından qorxan yarasalar yaradan, düşünən, vətən, millət təəssübü çəkən ziyalıya qənim kəsilənlər ictimai fəallığın, siyasi-maarifin, milli dirçəlişin hər zaman əleyhinə çıxmışlar. Çünki savadsız kütləni, cəhalət içində yaşayan insanı əymək, əzmək, istədiyin səmtə yönəltmək daha asandır. Bəşəriyyəti bəlalardan, insanı mütilikdən qurtaran elmdir, bilikdir, savaddır. Bu yola daş atanlar xalqı zəlil görmək istəyənlərdir. Köləlik taleyi yaşamaq istəməyən cəhalət kölgəsində könüllü məskən salmaz.
   
    132 il tarix üçün bir göz qırpımıdır. Bizim bundan da çox ömür sürən ixtiyarlarımız, ağbirçəklərimiz olub. İnsan ömründən yaşı az olan milli mətbuatımız bütün əyəri-əskiyinə baxmayaraq bu illər ərzində xeyli məsafə qət edib. Mətbuat Azərbaycanda indiyə kimi bir neçə ziyalı nəsli yetişdirib. Mətbuat Azərbaycanda açıq fikirli oxucular hazırlayıb, qələmi qılıncdan kəsərli jurnalistləri üzə çıxarıb. Mətbuat sayı ilə deyil, sayılan müəllifləri, oxunan yazıları ilə sayılır, seçilir, qiymətləndirilir. Bəzən min nüsxəlik qəzetin yüz minlərlə oxucusu olur. Bəzən yüz min tirajla çıxan qəzet ən yaxşı halda təkrar emal fabriklərinin xammalına çevrilir. Bu gün mətbuatdakı imza bolluğunda öz sözüylə, mövqeyilə seçilən, ictimai fikrə təsir edən həmkarlarımız var. Onların sırası getdikcə artmaqda, qələmi güclənməkdədir. Bəli, mətbuat güclü ideoloji silahdır. Hər bir silah kimi, o da naşı əllərdə kəsərsiz alətə çevrilir. Hədəfə sərrast zərbə endirmək üçün kamil silah yüksək peşəkarların əlində olmalıdır. Yalnız həqiqi söz xiridarı, vətəndaş mövqeyi olan istedadlı qələm sahiblərinin dördüncü hakimiyyəti təmsil edənlərin cərgəsində yeri var. Ucuz və mənasız sözçülükdən xoşla-nan, qərəzli mövqedən danışmağa adət edən, yerliçilik, tayfabazlıq mərəzinə tutulan, yaxud günlük məişət qayğılarından doğan kiçik ailə ehtiyaclarını böyük milli maraqlar kimi cəmiyyətə sırımağa cəhd edən əli qələmlilərə əhli-qələm deməyin. Bir ara demokratiya pərdəsi altında söz dəllallarına ona görə geniş meydan verildi ki, söz dəyərdən düşsün. Qəzetlərin sayı artdı, fəqət söz ucuzladı, nəzərdən salındı. Məhz bu səbəbdən səkkiz milyonluq savadlı bir xalqın indi yüz min tirajla çıxan bircə qəzeti də yoxdur. Amma, deməyin ki, alıcılıq qüvvəsi aşağı düşdüyündən qəzetlər satılmır. Azərbaycanda mobil telefon sahiblərinin sayı Estoniya əhalisindən çoxdur. SMS zənglərinin gəliri televiziyaların bərəkətli çörək ağacına çevrilib. Maşını bir saat dayanacaqda saxlamağın qiyməti də qəzetlərdən bahadır. Qəzet qiyməti baha olduğuna görə deyil, qiymətdən düşdüyünə görə alınmır. Sözümüzü, səsimizi dünya ictimaiyyətinə duyurmağın daha təsirli vasitələrini tapmalıyıq. Milli KİV-in ictimai məzmununu genişləndirib mövcud dar çərçivələri qırmalı, yaradılan süni maneələri aşmalıyıq. Yəni doğrudan da bu yollardan xəbərsizik? Onda niyə adını siyasətçi qoyub hərə bir partiya, hərəkat, təşkilat yaradır? Bu xalqın ki, bu qədər partiyası, lideri var, dərdi niyə azalmır, dilmancı niyə tapılmır? Tarixdən, tarixi şəxsiyyətlərdən öyrənmək istəməyənlər indi xalqa dərs vermək niyyətindədir. Nə dərs aldınız ki, nə də öyrədəsiz? yrətmək, öndərlik etmək yalnız boş həvəsdirsə, o zaman bütün səylər əbəsdir. Hər dəfə keçmişi baltalayanda, məgər əlimiz bala batır? Bazarda malların qiyməti qalxdıqca əməyimiz,zəhmətimiz dəyərdən düşür. Kömək üçün Allaha açılan əllər də getdikcə işdən soyuyur. Dükan-bazarda ərzaq məhsullarının qiymət artımından güzəranı ağırlaşan, kommunal xərclərin ağırlığından beli bükülən ailə başçısının acılaşan dilindən od-alov püskürür,"dövlət hara baxır?", "hökumət var, ya yox?" sözləri səslənir. Yaxşı ki, əksəriyyət buna cavab olaraq "var" deyir. Amma tərəddüd edənlər də, "yoxdur"? deyənlər də yox deyil. Niyə onları dinləyən tapılmır? Axı, məmurlar bu insanları saya-hesaba almayanda, onların say-hesabı təbii ki, artacaq. Bu dövlət, bu məmləkət nə bir ovuc adamın, nə də böyük əksəriyyətin mülkiyyəti deyil, bütövlükdə xalqındır, millətindir! Əgər seçkilərdə hamını səs verməyə çağırırıqsa, hamının səsini eşitməyi, sözünü dinləməyi də bacarmalıyıq. Mən deyirəm ki, hökumət var və güclüdür! Bunu hər kəs bilməli və hiss etməlidir. Hamının belə düşünməsi üçün fiziki güc nümayiş etdirmək yox, gücsüzlərə sahib çıxmaq gərəkdir. lkəni dərəbəylik zənn edənləri, həddini aşanları, harınlıq nümayiş etdirən dələduzları vaxtında yerində oturtmaq lazımdır. Sıravi vətəndaşın dövlət strukturlarına olan inamını, etibarını artırmaq üçün əslində çox şey də lazım deyil. İnsanlara bir az diqqət artmalı, cəmiyyətdə sosial ədalət prinsipi güclənməli, sabitlik, stabillik təkcə ictimai-asayişdə deyil, istehlak bazarındakı qiymət siyasətində də qorunmalıdır. Bu işdə hakimiyyətin ən yaxın müttəfiqi niyə də KİV olmasın? Müasir dünyada güclü demokratik dövlət dişli-kəsərli, hər bir vətəndaşın inandığı müstəqil kütləvi informasiya vasitələrsiz təsəvvür edilə bilməz.
   
   Bir vaxtlar qəzetlərin birinci səhifəsinin ən yuxarı başında "Bütün ölkələrin proletarları, birləşin!" çağırışı yazılardı. Bəlkə ində də belə bir söz yazaq: "Bütün dünyanın ağıllı, xeyirxah, etibarlı, nəfsi tox insanları, birləşin!" Onda dünya ədalətli, süfrəmiz bərəkətli olar. Onda havamız təmiz, insanımız azad olar. Deyəcəksən ki, yazmaqla iş düzəlsəydi, dünya proletarları çoxdan birləşərdi. Bəs, nəylə düzələcək bu dünya? Bilirsənsə, sən söylə, lütfən.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK