adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BiLiRSƏNSƏ, SƏN SÖYLƏ

20257 | 2007-11-10 06:39
İlk qəzetimizin adı "Əkinçi" olub. Bəlkə ona görə ki, əkinçilik dünyanın ən qədim peşələrindən biridir. Min il öncə olduğu kimi, kəndli bu gün də torpağı əkib becərir, ondan məhsul alır. Texniki inkişaf sadəcə olaraq təsərrüfatı mexanikləşdirib. Elmə əsaslanan aqro-texniki qaydalar, kimyəvi gübrələr, dərmanlar zərərli həşəratları məhv edir, əvvəllər çarəsiz bilinən bir cox xəstəliyin önünü kəsməklə məhsuldarlığı dəfələrlə artırır. Yəni bir çox qədim fəaliyyət növü texniki tərəqqi nəticəsində təkmilləşərək bu gün də mövcuddur. Fəqət elmi-texniki inqilablar nəticəsində XIX əsrin ikinci yarısından başlayaraq, xüsusən XX əsrdə tamamən yeni istehsalat sahələri, peşələr, ixtisaslar, sənət növləri də yarandı. Məsələn, atom fizikası, kosmonavtika, yaxud təyyarəçi, kinomatoqraf, televizor ustası, radio mühəndisi. Əslinə baxsan, milli jurnalistikamızı da bu siyahıya aid edə bilərik. Axı, mətbuat tariximizin cəmi 132 yaşı var. Son yüz ildə ayrı-ayrı görkəmli jurnalistlərimiz üzə çıxsa da, güclü jurnalist ordumuz hələ indi yaranır.
   
   Dördüncü hakimiyyət adlanan KİV, əslində tək ictimai mühitə deyil, birinci, ikinci, üçüncü hakimiyyətin özünə də təsir gücünə malikdır. Məhz ona görə ağıllı rəhbərlər həmişə KİV-lə dost olmaqda, yeri gələndə onun imkanlarından faydalanmaqda maraqlıdır. Napoleon deyərdi ki, 4 qəzetin düşmənə vurduğu zərbəni 100 minlik ordu da vura bilməz.
   
   132 il öncə Həsən bəyin dörd səhifəlik "Əkinçi" qəzeti bir xalqın tarixində yeni dövr - mətbuat səhifəsini açdı. Mətbuat orqanı təsis etmənin icazə alınma şəkli xeyli sadələşsə də, indinin özündə də qəzet çıxarmaq çətin məsələdir. O zaman da "xeyirxah təəssübkeşlər" dövlət idarələrinə qarayaxma, böhtan dolu danos, arayış yazırdılar. Həsən bəy Zərdabi özü kimi insanları ətrafına toplayıb maarif, mədəniyyət toxumu səpərək "əkinçi"liklə məşqul olanda, millətin çörəyini yeyib ona qənim kəsilənlər iftira, böhtan kimi illərin sınağından çıxan kəsərli namərd silahıyla yaraqlanaraq pərdəarxası döyüşlər aparır və əfsus ki, çox vaxt qalib gəlirdilər. Əgər belə olmasaydı, "Əkinçi" qəzeti bir müddət sonra bağlanmazdı, "Molla Nəsrəddin" in çapında fasilələr yaranmazdı, jurnalın bəzi səhifələrində senzorun çıxardığı materialların yeri çarpaz xətlə işarələnməzdi. Ayrı-ayrı vaxtlarda jurnalistlər həbs edilməzdi, güllələnməzdi, sürgünə göndərilməzdi. Qəzetlərdə zərrəbinlə dövlət maraqlarına zidd material axtaranlar hakimiyyəti mətbuata qarşı yönəldənlər cəmiyyətdə həmişə narazılıq, anlaşılmazlıq, nifaq hissi yaradıblar. Açıq fikirli adamların ziyasından kor olacağından qorxan yarasalar yaradan, düşünən, vətən, millət təəssübü çəkən ziyalıya qənim kəsilənlər ictimai fəallığın, siyasi-maarifin, milli dirçəlişin hər zaman əleyhinə çıxmışlar. Çünki savadsız kütləni, cəhalət içində yaşayan insanı əymək, əzmək, istədiyin səmtə yönəltmək daha asandır. Bəşəriyyəti bəlalardan, insanı mütilikdən qurtaran elmdir, bilikdir, savaddır. Bu yola daş atanlar xalqı zəlil görmək istəyənlərdir. Köləlik taleyi yaşamaq istəməyən cəhalət kölgəsində könüllü məskən salmaz.
   
    132 il tarix üçün bir göz qırpımıdır. Bizim bundan da çox ömür sürən ixtiyarlarımız, ağbirçəklərimiz olub. İnsan ömründən yaşı az olan milli mətbuatımız bütün əyəri-əskiyinə baxmayaraq bu illər ərzində xeyli məsafə qət edib. Mətbuat Azərbaycanda indiyə kimi bir neçə ziyalı nəsli yetişdirib. Mətbuat Azərbaycanda açıq fikirli oxucular hazırlayıb, qələmi qılıncdan kəsərli jurnalistləri üzə çıxarıb. Mətbuat sayı ilə deyil, sayılan müəllifləri, oxunan yazıları ilə sayılır, seçilir, qiymətləndirilir. Bəzən min nüsxəlik qəzetin yüz minlərlə oxucusu olur. Bəzən yüz min tirajla çıxan qəzet ən yaxşı halda təkrar emal fabriklərinin xammalına çevrilir. Bu gün mətbuatdakı imza bolluğunda öz sözüylə, mövqeyilə seçilən, ictimai fikrə təsir edən həmkarlarımız var. Onların sırası getdikcə artmaqda, qələmi güclənməkdədir. Bəli, mətbuat güclü ideoloji silahdır. Hər bir silah kimi, o da naşı əllərdə kəsərsiz alətə çevrilir. Hədəfə sərrast zərbə endirmək üçün kamil silah yüksək peşəkarların əlində olmalıdır. Yalnız həqiqi söz xiridarı, vətəndaş mövqeyi olan istedadlı qələm sahiblərinin dördüncü hakimiyyəti təmsil edənlərin cərgəsində yeri var. Ucuz və mənasız sözçülükdən xoşla-nan, qərəzli mövqedən danışmağa adət edən, yerliçilik, tayfabazlıq mərəzinə tutulan, yaxud günlük məişət qayğılarından doğan kiçik ailə ehtiyaclarını böyük milli maraqlar kimi cəmiyyətə sırımağa cəhd edən əli qələmlilərə əhli-qələm deməyin. Bir ara demokratiya pərdəsi altında söz dəllallarına ona görə geniş meydan verildi ki, söz dəyərdən düşsün. Qəzetlərin sayı artdı, fəqət söz ucuzladı, nəzərdən salındı. Məhz bu səbəbdən səkkiz milyonluq savadlı bir xalqın indi yüz min tirajla çıxan bircə qəzeti də yoxdur. Amma, deməyin ki, alıcılıq qüvvəsi aşağı düşdüyündən qəzetlər satılmır. Azərbaycanda mobil telefon sahiblərinin sayı Estoniya əhalisindən çoxdur. SMS zənglərinin gəliri televiziyaların bərəkətli çörək ağacına çevrilib. Maşını bir saat dayanacaqda saxlamağın qiyməti də qəzetlərdən bahadır. Qəzet qiyməti baha olduğuna görə deyil, qiymətdən düşdüyünə görə alınmır. Sözümüzü, səsimizi dünya ictimaiyyətinə duyurmağın daha təsirli vasitələrini tapmalıyıq. Milli KİV-in ictimai məzmununu genişləndirib mövcud dar çərçivələri qırmalı, yaradılan süni maneələri aşmalıyıq. Yəni doğrudan da bu yollardan xəbərsizik? Onda niyə adını siyasətçi qoyub hərə bir partiya, hərəkat, təşkilat yaradır? Bu xalqın ki, bu qədər partiyası, lideri var, dərdi niyə azalmır, dilmancı niyə tapılmır? Tarixdən, tarixi şəxsiyyətlərdən öyrənmək istəməyənlər indi xalqa dərs vermək niyyətindədir. Nə dərs aldınız ki, nə də öyrədəsiz?

TƏQVİM / ARXİV