NƏ GüNDƏSƏN, A DüNYA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28062 | 2007-11-09 02:56
Nə qədər istəyirəm ki, baş verən hadisələrə, ətrafımda cərəyan edən olaylara, eşitdiklərimə, gördüklərimə, bir sözlə, bu dünya deyilən xarabaya öz münasibətimi bildirməyim, ancaq mümkün olmur. Elə bil o atalar sözü var e, "İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağzında bitir", bax onun kimi bu dünyanında bütün qarmaqarışıq işləri, qara-qura xəbərləri tək səbir kimi addımbaşı kəsir qarşımı, alır başımın üstünü. Onda...
   
   Bax, onda məcbur oluram içimdə boğduğumu, dilimə gətirmədiyimi kağıza köçürüm. Nə cür alınıb-alınmadığından asılı olmayaraq, duyduğumu, dərk etdiyimi, hətta mülahizələrimi də köçürürəm vərəqlərə, daha doğrusu, diqtə edirəm kompüterə. Beləcə baxıb görürəm ki, mənim dediklərim, mənim yazdıqlarım hansı həcmdə olmasından asılı olmayaraq heç bu dünyanın tükünü də tərpətmir. Sanki elə belə də olmalıymış...
   
   Doğrudan da deyəsən, elə belə də olmalıdır. Belə deyəndə ki, bu dünyanı nə mən kəşf etmişəm, nə də məndən öncəkilər. Dünya bizdən öncə də olub, bizdən sonra da olacaq. Biz də uzaq başı ərkəsöyün qonaqlarıq. Sonda ən yaxşı münasibət o ola bilər ki, kimsə təmtəraqlı, üzüsulu ayrıla bilər, kimlərisə də əcəl-mayallaq aparar. Nə isə...
   
   Qayıdaq dünyaya. Yer üzünün su və quru hissəsinin ölçüləri bəllidi. Onda belə çıxır ki, dünyanın eni, boyu ölçülüb, biçilib. Bax bu ölçüsü bəlli olan dünyanın bu gün yaman çox sahibi çıxıbdı. Pis çıxmasın, elə bil ki, bu dünyaya sahiblik etmək istəyənlər bir para insanlar kimi haranı istəyirlər, necə istəyirlər çəpərləyirlər. Eləyirlər özlərinin obyekti və yaxud villası, daha nə bilim nəyi. Biz əvvəllər elə bilirdik ki, dünyanın iki yiyəsi var - biri ABŞ-dı, biri SSRİ. Yəni biri o vaxtı Reyqan idi, biri də Qorbaçov. Sonra Qorbaçova tamahı güc gəldi, ya da arvad fitvasına getdi-yəni Raisanın. Və nəticədə dünyanın bir yiyəsi qaldı. Bunu mən özlüyümdə belə düşünürdüm, amma bu gün baxıb düşünürəm ki, deyəsən, dünyanın sahibləri artıb. Bax, bu yerdə mütləq bir not yazmalıyam, yəni haşiyə...
   
   HAŞİYƏ: Əgər xatırlayırsınzsa cəbhə hakimiyyətinin son illərində millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı icra başçılarını balaca padşahlar adlandırmışdı. Və belə başa düşmüşdüm ki, Azərbaycan adlanan məmləkətin böyük padşahı baş kənddə oturur, balaca padşahlar da tutaq ki, Yardımlıda, Lerikdə və yaxud Xızıda, Dəvəçidə və sair.
   
   Hə, bu haşiyəni ona görə yadıma saldım ki, təkcə dünənki qəzetlərə nəzər salsaq, dünyanın nə qədər balaca sahibi (oxu-padşahı) olduğunu bir göz qırpımına öyrənmək olar.

TƏQVİM / ARXİV