ÜRƏYİMİN GÜVƏNDİYİ KİŞİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
67174 | 2014-10-15 01:26
O özündə də, əqidəsində də bütünlüklə özüdü

Əvvəlcə bir giriş edim:
- Çoxdandı bu mövzunu fikirləşirdim. Amma nədənsə hər dəfə tərəddüd hissləri keçirir və bu mövzunu kağıza köçürməyi yubadırdım. Amma son vaxtlar həm yaşla bağlı, həm də səhhətimlə bağlı müəyyən problemlər yaşadığımdan qərara gəldim ki, bu mövzunu mütləq kağıza köçürmək lazımdır. Çünki ömürə etibar yoxdu, hər şey bir anda baş verir. Mən də istəmirəm ki, içimdəki adamlarla bağlı düşüncələrimi özümlə aparım və bu adamların düşüncələrimdən, fikirlərimdən xəbərləri olmasın...
Bəri başdan deyim ki, bu dünyada heç də az yaşamamışam, artıq 55 arxada qalıb. Əsrin yarıdan çoxu indi ömür arxivindədi. Hər dəfə bu arxivin qapısını açanda neçə-neçə məqamlarla qarşılaşıram. Əlimi uzadıb yaddaşdakı vərəqləri götürəndə sevinirəm. Çünki onları toz basmasına imkan verməmişəm. Və həmin vərəqlərin hər biri mənim üçün bir yazıdı, bir insandı, bir xatirədi... nəhayət, mənim həyatımın ən yadda qalan, ən önəmli bir parçasıdı...
Onu öncə mətbuatdan tanımışdım. Tam səmimiyyətlə etiraf edim ki, təkcə ::::Ulduz:::: jurnalında imzasını görmüşdüm və yaddaşımın bir küncündə bir işartı kimi özünə yer tutmuşdu. Çünki həmin sovet dönəmində bu qədər mətbuat bolluğu yox idi. Ən çox mütaliə etdiyim, elə hamımızda belə idi, ::::Azərbaycan::::, ::::Ulduz:::: və ::::Qobustan:::: jurnalları və bir də ::::Azərbaycan gəncləri:::: qəzeti idi. Şəxsən mən bu jurnalların, bu qəzetin hər sayını xüsusi bir sevgi ilə, həvəslə toplayıb saxlayırdım. Sonralar ::::Təşviqatçı:::: juranlı və ::::Sovet kəndi:::: qəzeti ilə də məktublaşmağa başladım və həmin mətbu orqanların da ən maraqlı nömrələrini kitab rəfimdə topladım. Bax, bu xatirəni ona görə dilə
Gətirirəm ki, mən çoxlarının, lap elə Aqil Abbasın da ilk bədii yazısını məhz ::::Ulduz:::: jurnalında oxumuşdum. Həmin ::::Ulduz:::: jurnalında ilk tanışlığımız bir işartı kimi yaddaşımda iz salan müəlliflərdən biri də Hüseynbala müəllim oldu. O vaxtlar ağlıma da gətirməzdim ki, biz Qarabağda, Tuğda imzasını görüb hekayəsini oxuduğum müəlliflə elə Qarabağda da görüşəcəm. Görünür, bu da bir qismət imiş və yaxud da mənim alın yazımdakı bir naxış. Hər halda, yazı adamları ilə bağlı demək olar ki, həmişə naxışım gətirib. Sevdiyim, arzuladığım yazarlarla gec-tez birbaşa təmas qura bilmişəm. Amma bir məqama təəssüf edirəm ki, onların bəziləri ilə məni Qarabağ savaşı qarşılaşdırıb. O cümlədən də Hüseynbala müəllimlə də!
1988-ci il idi. Artıq ermənilər Qarabağda qığılcımı alova çevirməyə başlayırdılar. O vaxtkı sovet rejiminin Azərbaycandakı nümayəndələri artıq əldən getməkdə olan Qarabağı geri qaytarmaq üçün güc, iradə göstərmək əvəzinə, iqtisadi və mədəni tədbirlərə əl atmışdı. Erməniləri susdurmaq, razı salmaq, könüllərini xoş edib ələ almaq üçün kəndlərə yollar çəkilir, su xəttləri, işıq dirəkləri dəyişdirilir, Qarabağ qazlaşdırılırdı. Bakıdan mütəxəssislər, səlahiyyətli adamlar Qarabağa ezam olunur və onlar da bu tapşırıqları yerinə yetirirdilər. Qarabağa gələnlər arasında Hüseynbala müəllim də var idi. Mən onda ::::Qarabağ:::: qəzetində çalışırdım. Qəzet rəhbərliyinin yaratdığı şərait mənə onunla görüşmək imkanı verdi. Əslində bu görüş artıq gerçəkləşmişdi, yəni Bakıdan gəlmiş bir dövlət adamı olduğu kəndlərdə, təmas qurduğu adamların yanında sözün həqiqi mənasında böyük hörmət qazanmışdı. Hər kəs onunla özünün ən yaxını, ən doğması kimi görüşür, çəkinmədən fikirlərini söyləyir, ondan məsləhət alır, evinə qonaq dəvət edirdi. Təbii ki, onda sıravi Azərbaycan insanı bu iqtisadi tədbirlərin nəyisə dəyişəcəyinə ümid edirdi. Amma şəxsən mən təmsada olduğum işıqlı adamlardan, o cümlədən elə Hüseynbala müəllimin özündən də, hərəkətlərindən də fəhm edirdim ki, ::::Quran oxumaqla donuz darıdan çıxan deyil::::. Yəni erməninin məqsədi tamam başqa idi. Ona nə yol lazım idi, nə yeni işıq dirəkləri, nə də qaz xətti. Onun istədiyi Azərbaycanın ürəyinin bir parçası idi, yəni Qarabağ torpağı idi...
Bax, elə o illərdə mən yavaş-yavaş içimdəki bir adamın yerinin möhkəmləndiyini, necə deyərlər, qayim-qədim olduğunu anlamağa başladım. Gördüm və duydum ki, bu ortaboylu Qarabağda deyildiyi kimi, ağır taxtalı kişi başqa bir ürəyin, başqa bir əxlaqın, başqa bir dünyagörüşün sahibidi. O, məmur olsa da, tam səmimiyyətlə deyim ki, ::::quru:::: adam deyil. Onun hissləri, duyğuları, hətta torpaq uğrunda şəhid olanlarla bağlı nəmlənən kiprikləri özü-özlüyündə iç dünyasından xəbər verirdi. Göstərirdi ki, o, vəzifəsini icra etməklə yanaşı, daxilində tamam başqa bir insanı da yaşadır və onun diqtəsinə, onun hökmünə zaman-zaman tabe olur. Həmin adam qələmlə, sözlə nəfəs alır, qələmə, sözə söykənir...
Həyatımın müxtəlif anlarından biri də Qarabağda tanıdığım və onu sevənlərin dediyi kimi, Dağlıq Qarabağın bir sakini olan Hüseynbala müəllimi Bakıda yenidən görməyim və onunla ara-sıra görüşlərim oldu. Kitablarını oxudum, tədbirlərdə, mətbuatda çıxışlarını izlədim və anladım ki, indi bu insan iç dünyasındakı, daxilindəki həmin o çoxlarının görmədiyi insanla eyniləşməyə, tamlaşmağa başlayır. Çünki onun ziyalılığı, onun söz yaradıcılığı artıq məmurluğu sıxışdırıb arxaya keçirirdi. İstər Çindən yazsın, istər Ərəb dünyasından, istər Qarabağdan, fərq etməz. Bu yazıların hamısında o içindəki insanın ömrünü sözün yaxşı mənasında şam kimi əridir. Yol qeydlərindən tutmuş bədii əsərlərinə qədər hər birində özü olduğu kimi görünən və qəbul olunan Hüsenybala müəllim əqidəsində də, adamlara yanaşmasında da belə olduğu, yəni göründüyü kimidi. Böyük Mövlanənin dediyi kimi, olduğu kimi də görünür, göründüyü kimi də var...
Bura qədər söylədiklərimi oxuyan hər kəs hansı hissləri keçirəcək az-çox anlayıram. Amma yenə əlimi ürəyimin üstünə qoyub deyirəm ki, bu yazdıqlarım içimdəki adamın özünə, sözünə və şəxsiyyətinə olan münasibətinin ifadəsidi. Üstəlik, bir xeyirxahlıq, bir nəciblik nümunəsi kimi mən onun həyat yolundan xəbərdaram. Hələ bir dəfə də olsun kiməsə əl tutduğunu, kiməsə qayğı göstərdiyini onun dilindən eşitməmişəm. Üstəlik bir dəfə də olsun onun sadə ifadə etsəm, məqsədli, umacaqlı yazılarına rast gəlməmişəm. Hətta dövlət xadimləri ilə, din rəhbərləri ilə, sadə adamlarla bağlı yazılarının hamısında kifayət qədər işıq, kifayət qədər səmimiyyət görmüşəm və şahidi olmuşam. Bir oxucu kimi anlamışam ki, səmimi söz adamı daha çox özünə çəkir...
Hər dəfə onunla qarşılaşanda elə bilirəm ki, Qarabağdayam, elə bilirəm ki, bu adam Qarabağdan özü ilə götürüb gətirdiyi o mehribançılığın işığında, o səmimiyyətin aurasında mənim dərd yükümü mütləq yüngülləşdirəcək. Və bu günə qədər də elə düşündüyüm kimi də olub. Hətta özümün, doğmamın, Qarabağdan olan hansısa bir yerlimin xahişini elə səmimiyyətlə qarşılayıb, elə canıyananlıqla ona reaksiya verib ki, özüm bu münasibətin qarşısında sıxılmışam. Və anlamışam ki, demək insan ürəyinə güvənsə, ürəyini gücə salsa, bir az ağrıyıb acıya bilər, amma bir dünya rəhmət qazanar, savab qazanar, özü də sağlığında. Bu hər adama nəsib olmur...
Hə, mən ürəyimdə ayrıca yeri olan, yəni içimdəki adamlar silsiləsindən yazımı Hüseynbala müəllimlə ona görə başladım ki, O mənim üçün həm də seçdiyi yola, özünü aid etdiyi əqidəyə birmənalı şəkildə sadiqdi. Elə burda onu da xatırladım ki, son vaxtlar sadiqlik kürsüylə, vəzifəylə bağlı olub. Kürsü əldən gedəndə sadiqlik də itir. Məhz Hüseynbala müəllim hər məqamında əqidəsini, sadiqliyini büruzə vermədən, reklam etmədən, qoruyan, yaşadan KİŞİDİ! Mən də elə bu cür Kişilərə güvənirəm. Çünki bu cür kişiləri ürəyim qəbul edib, ürəyim özününküləşdiribdi...



TƏQVİM / ARXİV