Hər gün Məmməd Arazla

ƏBÜLFƏT MƏDƏTOĞLU
66059 | 2014-10-14 01:23
Əslində bu yazını böyük şairimizin cismən bizi tərk etdiyi gün üçün yazmışdım. Amma sonra fikrimi dəyişdim. Bunun da səbəbi oldu. Yəni bir xeyli götür-qoy etdim və tam şəkildə anladım ki, 1933-cü ildə doğulub, 2004-cü ilin son payızında dünyasını dəyişən böyük şairimizin əslində həmin ayrılıq gününə deyil, doğum gününə üz tutmalıyıq. Çünki bu cür insanlar, bu cür ruh sahibləri sadəcə doğulurlar, onlar dünyalarını dəyişmirlər.
Kimlərsə bu fikirlərimi harasa yoza bilər. Yozsunlar fərq etməz. Çünki Məmməd Araz, eləcə də digər böyük söz ustadlarımız cismən ailələri üçün, doğmaları üçün yaşayıblar və onlar üçün də dünyadan köç etmələri bir ailə acısı kimi daha çox önəm daşıyıb. Lakin sözə könül verəndən Xətainin qılıncını sıvırıb, Məmməd Arazın karandaşına çevirəndən sonra böyük şair artıq hamının ailə üzvünə, hamının sirdaşına, doğmasına, sevimlisinə çevirilmişdi. O indi təmsil etdiyi İbrahimovlar deyil, bütün Azərbaycanın nur çələngi, söz sultanı və vətəndaşı idi. Axı o, Vətən Daşı olmuşdu.
Bəli, artıq 10 ilin tamamına az qalıb və biz 10 ildi ki, arıq vücudu, böyük ürəyi olan, əl ağacına söykənib ayaqda duran Məmməd Arazı fiziki cəhətdən qarşılaya bilmirik. Nə "Azərbaycan" nəşriyyatına gələndə, nə da hansısa bir məclisdə, tədbirdə onun qoluna kimsə girmir. O, sözünün əlindən, qolundan tutub 10 ildi ki, həmin o tarixə qədər gəldiyi o yolu davam etdirir. Ona görə də 10 il Məmməd Arazsız demək, yazmaq hardasa özünü doğrultmur. Çünki böyük şair özünün "Vəsiyyəti" şeirində xatırladıb ki:

Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyimg

Bəli, özü-özlüyündə bu misralar hər şeyi deyir və biz bu ağ yolun ipini yumaq kimi sarıya-sarıya düşüb onun ardınca gedirik. O bizi özünün böyük dünyasına, sonsuz üfüqlərə, böyük və bütöv Azərbaycana, dilimizə sevgiyə, qardaşa güvəncə, Qarabağa aparıb. Özü də ağlamağı, sızlamağı unutdurmaqla. Çünki Məmməd Araz şeirində, Məmməd Araz sözündə ağlamağa, sızıltıya yer yoxdur.

Pəncərəmi külək döyüb ağlasa,
Eyvanıma quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama.

Məncə bu misralar da Azərbaycanın mayasının nur olduğunu, yolunun nur olduğunu birmənalı şəkildə ifadə edir və bildirir ki, mayası, qayəsi nur olan bir məmləkətin övladı ağlaya bilməz. Təbi ki, bu böyük sevginin işığında:

Bu gecə yuxumda Arapzı gördüm,
Arazı belə tox görməmişdim heç.
Arazı bəxtindən çox razı gördüm,
Üstündən yol atdı: "Cəsarətlə keç!"

Göründüyü kimi, böyük şairin hər günü, hər gecəsi Təbrizlə, Arazla, bütöv Azərbaycanla çiyindaş olub, sirdaş olub və bu da onun ömrünü əbədiləşdirib, onu ölümsüz edib. Elə ona görə də mən də bir oxucu kimi, hər gün misralarımın arasında heyrətdən donub qaldığım böyük şairin yaşadığına, yaşayacağına, günəşə, yerə, göyə, özümə inandığım kimi inanıram. Və bilirəm ki, onun hər misrası həm də nəsihətdi, örnəkdi, məktəbdi. Lap elə bu misralar kimi.

Şairlər, sözləri qovlamayın,
Gəlin yığışdıraq qafiyələri.
Təzə fikirlərə yaxın qoymayın,
Üzülmüş, süzülmüş qafiyələri.

2004-cü ildə, bir son payızda doğmalarına, oxucularına cismən "Salamat qalın!" deyən Məmməd Araz elə həmin o andaca özünün əbədi yaşayacağına hər birimizi inandırdı. Çünki o, dünyanın heç kimin olmadığını həmin o andan xeyli öncə söyləmişdi. Heç kimin olmayan bu dünyada bir Məmməd Arazın sözü, bir Məmməd Arazın ruhu mütləq hakim oldu. Təbii ki, tarixin yaddaşında, yaşayanların ürəyində. Və biz də o sevgiylə bir daha anladıq ki, məndən ötüb qardaşıma dəyən elə mənim özümə dəyir. Bax, məntiqin gücü bizim birləşməyimizə, Məmməd Araz işığına cəm olmağımıza sözün həqiqi mənasında çağırış oldu.
Bu gün cismani yoxluğu əbədi ömrünün kölgəsində qalıbdı. Ona görə ki, böyük Yaradan bu xalqa onu bəxş edəndə hardasa qulağına pıçıldamışdı ki, Vətən sənə oğul deyəcək. Amma o, özünəməxsus təvazökarlığı ilə bunu tamam fərqli bir şəkildə ifadə etdi. Bildirdi ki:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Ruhu başımızın üstündə, səsi, sözü yaddaşımızda və ürəyimizdə olan böyük şair gəl indi etiraf edək ki, daha doğrusu, bizim söylədiklərimizi qəbul et və bil ki, Azərbaycan sənə oğul deyir! Sən bu haqqı sözünlə, qələminlə, şəxsiyyətinlə və mübariənlə əldə etmisən. Allahın və xalqın sevgisi oxucu məhəbbəti sənin halal haqqını əbədiləşdiribdi.



TƏQVİM / ARXİV