adalet.az header logo
  • Bakı 21°C

DEMOQOQ DAMARI

OQTAY SALAMOV
26446 | 2007-11-06 05:23
Haqqında danışmaq istədiyim, müstəqil filosofların təbirincə desəm, nəsnə qulunc damarı kimi bir şeydir. Fərqi orasındadır ki, qulunc damarını tutanda, əzdirəndə, nişanlı qıza ovduranda bu damar keçir, sakitləşir, sahibinə daha əzab vermir. Demoqoqluq damarı ürəyini deşəni dilinə, kağıza gətirəndə sakitləşir, amma illər ərzində damcı-damcı, qram-qram topladığın nüfuzu, etimadı, hörməti haqqında danışdığının yanında bircə dəfəyə heçə endirirsən, adın da olur pis adam.
   
   Olsun. İstəyirəm bir dəfə də mən demoqoqluq eləyim. Sadəcə olaraq biz bu sözü az qala söyüş kimi qəbul eləmişik, yunan, ya da latın dilindən tərcümədə bu söz ya "xalqın adamı", ya da "düzünü deyən" kimi anlanılır. Xalqın adamı olsaydım deputat seçərdilər, mən bu gün öz aləmimdə düzünü deyirəm.
   
   Türkiyənin terror təşkilatı PKK ilə mücadiləyə qalxması məlum faktdır. Türkiyədə bununla bağlı çoxminli dəstək mitinqlərinin keçirilməsini, hətta hamilə qadının da kürd terrorçuları ilə mübarizəyə öz adını yazdırmasını, silah götürüb döyüşə getmək istəyini televiziyalarda seyr etmişik. İqtidarımızın da, müxalifətimizin də Türkiyəyə dəstək olduğu, onun yanında olduğu və bizləri də Türkiyənin yanında olmağa səslədiyini də sevinclə eşitmişik və qəbul da etmişik. Noyabrın 2-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclasında YAP-ın Türkiyənin PKK terrorçularına qarşı mübarizəsini dəstəklədiyini, "Türk xalqı ilə həmrəyik" bəyanatını eşidəndə hətta yapçı müəllimlərin də başlarını qürurla dik tutduqlarını görüb sevinmişəm. Və həmin gün az-çox müxalifət kimi tanınan Azərbaycan Milli İstiqlal Partiyasının da PKK-ya qarşı mübarizəyə dəstək verdiyini, AMİP-çilərin bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirdiyini eşidib sevinmək istəyirdim ki, polisin aksiyanı dağıtdığını və piketçilərdən 5 nəfərin saxladığını eşidib sevincimi tormozladım.
   
   Əvvəl istədim yazam ki, niyə iqtidar partiyası dəstəkləyəndə olar, müxalifətə oxşar partiya dəstəkləyəndə olmaz? Niyə iqtidarın eyni qərarından hətta məcburi yapçı müəllimlər də sevinir, amma müxalifətin həmin qərarından 5 nəfərin ailəsi axşam yeməyini atasız yeyir, bir-iki fağır-fuğur da belinə təpitmə qoydurur? Az qala yazacaqdım. Birdən yadıma düşdü ki, bizim iqtidar demokratiyanın mitinq, piket, yürüş variantını qəbul eləmir.

TƏQVİM / ARXİV