Dövlət müşavirliyi alimlərlə müşavirə keçirdi
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinin və forumlararası tədbirər planının müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
Forumun "Multikulturalizmin müqayisəli tədqiqləri:
nəzəriyyədən humanist təcrübəyə doğru” adlı bölməsində aparılan məruzələr
müzakirə olunub, nəticələr təhlil edilib, eləcə də forumlararası fəaliyyət
planı müəyyənləşib.
Toplantıda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun, Dilçilik, Ədəbiyyat İnstitutunun, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, elm
adamları, yazarlar, tələbə-magistrlər, media təmsilçiləri ştirak ediblər.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi
ilə keçirilən müşavirənin iştirakçıları hər il baş tutan Bakı Humanitar
Forumunun məqsəd və məramına uyğun olaraq ölkəmizdə ilboyu müxtəlif layihələrin,
tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.
K.Abdullayev
IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti barədə ətraflı məlumat
verərək bildirib ki, dünyanın məşhur alimlərinin, indiki və keçmiş dövlət rəhbərlərinin
14 Nobel mükafatçısının Azərbaycana gəlmələri ölkəmiz üçün böyük hadisədi.
Onlar Azərbaycan elmini, mədəniyyətini, xalqını bir daha yaxından tanımaq şansı
qazandılar və ölkəmizin xaricdəki dostlarının sayının artmasında müstəsna rol
oynadılar. Bununla yanaşı Azərbaycan alimləri ilə dünya alimlərinin yaxın təmasları
quruldu ki, bu da elmimizin inkişafına böyük töhvədir.
K.Abdullayev onu da vurğulayıb ki, Azərbaycanın
iqtisadi inkişafının mənəvi inkişafımızla paralellik təşkil etdiyi xaricdən gələn
mötəbər qonaqlara daha aydın şəkildə bəyan olub. Azərbaycanın təkcə xarici görünüşü
deyil, insanlarımızın daxili aləmi də dəyişib, zənginləşib. Qonaqlar vətəndaşlarımızla
ünsiyyətdə olduqdan sonra bu gerçəkliyi dəfələrlə dilə gətiriblər.
Dövlət müşavirinin sözlərinə 10 il öncə bölgələrdə
olarkən əhali dövlət məmuruna daha çox şəxsi xahişlərlə müraciət edirdisə, indi
ictimai dərdlərini səsləndirirlər. Artıq vətəndaşlar ictimai şüurla düşünürlər.
Bu isə mənəvi inkişafdan xəbər verir. Mənəvi inkişaf olmayan yerdə iqtisadi
inkişafa nail olmaq mümkün deyil.
Müşavirə iştirakçıları da çıxışlarnda Forumun əhəmiyyətindən
danışıblar, forumlararası tədbirər planının hazırlanması istiqamətində təkliflər
veriblər.
AMEA-nın
Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, akademik Tofiq
Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru Azad Məmmədov və başqaları çıxışlarında maraqlı təkliflər səsləndiriblər.
Qərara alınıb ki, təkliflər proqram şəklində hazırlanıb müşavirliyə təqdim olunsun.
Müşavirədə həmçinin 1815-ci ildə ilk dəfə alman şərqşünası,
diplomatı Fridrix fon Ditsin tərcüməsində
"Kitabi-dədə Qorqud" dastanının dünyaya tanıdılmasının gələn il
200 illiyinin tamam olması ilə bağlı tədbirlər planının hazırlanması da müzakirə
olunub.
K.Abdullayev bildirib ki, Fridrix fon Dits tərəfindən
"Kitabi-dədə Qorqud" dastanının Təpəgöz boyunun alman dilinə çevrilməsinin
200-ci ilini yüksək səviyyədə qeyd etməklə Azərbaycan mədəniyyətinin dünyaya
tanıdılması istiqmətimdə böyük iş görərik. Dövlət müşaviri təklif edib ki, tədbirlər
planının hazırlanması üçün komissiya yaradılsın və elm adamlarının, xüsusən də
Qorqudşünasların, filoloqların, ədəbiyyatşünasların təklifləri həmin
komissiyaya çatdırlsın. Bu işin kooridinatorluğu Bilik Fonduna tapşırılsın.
Müşavirə iştirakçıları "Fridrix fon Dits: "Kitabi-dədə Qorqud" -200” adlı proqramın və fəaliyyət planının hazırlanmasında ciddi fəaliyyətə başlamağın vacibliyini vurğulayıblar, bu istiqamətdə görülən işlərin dekabr ayının sonuna qədər başa çatdıracaqlarına əminlik ifadə ediblər.