AŞ QARASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
36635 | 2014-10-11 14:36
Mən bütün bu illər ərzində bir-birinə oxşar, bir-birindən fərqli, hətta ağla gəlməyən məqamların, hadisələrin şahidi olmuşam. Təbii ki, bu gördüklərim, eşitdikdlərimin yanında çox kiçik bir hissəcikdir, yəni azlıq təşkil edir. Amma buna baxmayaraq, onların hər birinin ömrümdə, günümdə silinməz izi var. Və mən hərdən ömrümü-günümü vərəqləyəndə o izlərlə də qarşılaşıram. Onlar da məndə nostalji hisslər oyadır - gah kövrəlirəm, gah sevinirəm, gah da üzülürəm.
Kövrəlirəm ona görə ki, onlar mənim duyğularıma hopub. Yəni müəyyən mənada hisslərimin ifadəçisinə çevrilib... Sevinirəm ona görə ki, onları yaşamaq, onları görmək mənə nəsib olub... Üzülürəm ona görə ki, onlar indi əlçatmaz olub, çox-çox uzaqlarda qalıb. Sadəcə və sadəcə mən indi onlara xatirə deyirəm... onları xatırlayıram. Necə deyərlər, bir nəğmədə deyildiyi kimi, "yada düşər xatirələr, həzin-həzin ağlaram..."
Hə, bu bir az pessimist, bir az ümidsizlik hopmuş girişdən sonra nə vaxtdı içimdə gəzdirdiyim və ifadə etməyə məqam gözlədiyim bir yazını bilgisayara diktə edirəm. Bəri başdan vurğulayım ki, bu yazıdakı bütün yaxşı, pis hər nə varsa, oxunası-oxunmayası nələr əks olunubdusa, onların hamısı mənim özümə, mənim boyuma biçilib, mənə aiddir. Və mən bu yazıda sizin tanış olacağınız hər bir notla mərhum dostumuz, dəyərli Tofiq Abdin demiş, özümü kökləyirəm, özüm öz notlarımı dilə gətirirəm...
Doğrudan da, böyük Bəxtiyar Vahabzadə demiş,

İnsan göydə Ay kimidi,
Görünməyən tərəfi var.

Bax, bu aspektdən baxanda, mən də, əhatəm də, ailəm də, elə bütün insanlar da obrazlı ifadə ilə söyləsəm, həqiqətən Ay kimidi. Çünki onun yalnız bir tərəfi, yəni şöhrəti bütünlüklə görünür. Qalan hər nə varsa, ya ümumiyyətlə görünmür, ya da onu görmək üçün bir ömür həsr etməlisən. Gecəni gündüzünə qatıb o insanın iç dünyasına yol tapmalı, işıq çəkməlisən. Bunu da hər adam bacarmır və yaxud da bu hər adama nəsib olmur. Hətta 30-40 il yoldaşlıq edib, duz-çörək kəsdiyin, sirr aldığın, özünün, ocağının qibləsini bildiyin bir Allah bəndəsi elə yerdə, elə məqamda özünün içinin elə bir səhifəsini açır ki, o vərəqi görəndə donub yerində qalırsan. İnana bilmirsən ki, bu həmin o 30-40 ilin çiyindaşıdı.
Doğrudu, indi adamlar təsəvvür üçün ya zamanı, ya da maddi durumu günahkar sayırlar. Mən tam səmimiyyətimlə deyim ki, zamanın heç bir günahı, heç bir suçu yoxdur. 2013-cü ilin oktyabr ayının 11-də insanlar öz həyatlarını bildikləri, bacardıqları kimi yaşayıblar. 2014-cü ilin oktyabr ayının 11-də də yenə o cür, bacardıqları, bildikləri kimi yaşayıblar. Sadəcə, yaşlarının üstünə yaş gəlir, bir az da maddi durumları ya yuxarı, ya aşağı sıçrayış edib. Qalan nə varsa, hava da, su da, torpaq da, günəş də elə öz yerindədi, öz ilkin mənasındadı. Ona görə də zamanı qınamaq ancaq özümüzə təsəlli vermək, özümüzü nəyəsə söykəyib yaşatmaq istəyidir. Amma o maddiyyat ki, var, o insan cəmiyyətinin yarandığı gündən üzü bu günə həmişə problem yaradıb - imkanlı-imkansız, varlı-yoxsul, vəzifəli-vəzifəsiz, imtiyazlı-imtiyazsız və beləcə davam edib, dünya durduqca da davam edəcək. Çünki imkan, vəzifə, var-dövlət, imtiyaz, bir sözlə, üstün nə varsa, onlar sadə şəkildə ifadə etsəm, aş qarasıdı. Hansı düyüdən, kimin əli ilə dəmlənməsindən asılı olmayaraq, aşın qarası yaxşı olanda aşın özünə də dəyər verirlər, yüksək qiymətləndirirlər!..
Çox da uzaq olmayan bir zamanda mən cəmiyyətin aş qaraları ilə sıx-sıx təmasda olurdum və düşünürdüm ki, yəqin belə də davam edəcək. Ancaq həmin o maddi sıçrayışları və yaxud tənəzzüllər sıx-sıx görüşdüyüm adamların illərlə görmədiyin, xəbər tutmadığın, iç dünyalarının oxunmamış səhifələrindən müəyyən abzasları oxumağıma imkan verdi. Onda gördüm ki, sən demə, mən bu dünyada heç nəyi dəqiq, dürüst bilməmişəm. Sadəcə, görüntüyə, parıltıya inanmışam. Amma unutmuşam ki, bütün parıldayanlar qızıl deyir. Fikirləşməyin ki, filosofluq etdim. Yox, bu, hamının bildiyi, amma gec dərk edib, gec anladığı gerçəklikdi. Görünür, tikan adamın əlinə batmayınca, adam onun hansı ağrını yaşatdığını həqiqətən hiss etmirmiş.
Mən güvənib doğma bildiyim insanların böyük əksəriyyətini təkcə mənə yox, həm də ətrafa baxışlarından xəbərdaram. Bu səbəbdən də həmişə düşünmüşəm ki, onlar bağlı qapıların açılmasında hər kəsə yardım edə bilərlər. Çünki onların buna bütün mənalarda imkanı var. Təəssüf ki, bu qənaətimdə yanıldığımı çox gec anladım. Həmin o məqam gəlib çatanda qapı açmalı olanların necə perik düşdüyünü mən kifayət qədər təsvir etmək gücündə deyiləm. İmkanınız varsa, özünüz təsvir edin. Amma yeri gəlmişkən, bu misraları da oxuyun. Çünki...

Gözlərim qapı önündə
Düşündü, bəlkə açdılar...
Qapı açmalı olanlar -
Qapını qoyub qaçdılar!..

Cəhd etdim, şair qələmi
Düşmədi paslı kilidə...
Bu qapı da adamlar tək
Düşdü ciliddən cilidə...

Gözləmək gözümü yordu
Öldü içimdə bir ümid...
Nə qədər ki, küldü qorum-
Qayıt, o ümidi dirilt!..

***
Doğrudan da söz sözü çəkər, deyiblər. Bu mənada yuxarıda söylədiklərim indi yazdıqlarımın, yəni oxuyacaqlarınızın köküdü, bünövrəsidi. O ki, qaldı hörüləcək divara, onu da oxuyacaqsınız, darıxmayın. Doğrudur, indi səbrlə qora bişmir. Çünki dünya elə bir durumdadı ki, bütün meyvələr bütün fəsillərdə süfrələri bəzəyir. İndi nə xəstənin armudun yetişməsitni gözləməyə ehtiyacı var, nə də armudu ayıdan qorumağın. Yəni müdriklərin "xəstə nə qədər istəsə də armud vaxtında yetişir". Və yaxud "meşədə armudun yaxşısını ayı yeyir" deyimləri indi boyatlaşıb. Yəni armud da bütün fəsillərdə var və onun ən yaxşısını elə "aş qaraları" yeyir, ayılar baxa-baxa qalır. Çünki imkan, imtiyaz, vəzifə ayıların istəyini dondurub. "Dondurmaq" demişkən, bu sözün də hörmətli vaxtı var idi. Kimsə ya özünü dondururdu, ya vəzifəsini dondururdu... Nə isə...
Bəli, həyatda qarşılaşdığım çətinliklər, itkilər məni çox sarsıdıb. Necə deyərlər, hər yerimdən vurub. Amma hələ ki, öldürə bilməyib. Bunun da başlıca səbəbi böyük Tanrıdan təmənnam olub. Ona yalvarmışam ki, mənə ürəyimə görə ver. Elə ən böyük qarğışım da bu olub. Tanrıya üz tutub diləmişəm ki, hər kəsə ürəyinə görə ver!!!
Şəxsən mən Tanrının verdiklərinin hər birinə ürəyimə görə olduğuna yüzə-yüz inanıram. Dözümün də, dərdin də, ağrının da, sevincin də, bir sözlə nə varsa, hamısının ən gözəli, ən yaxşısı mənim bəxtimə yazılıb. Hətta bir dəfə misralarımın birində vurğulamışdım ki, "mən dözənə fil də dözməz". Bu dözümü də mənə verən böyük Yaradandı. Hökmü, sözü, qərarı bir olan həmin o Yaradan məhz ona olan sevgimə görə məni ən əvvəl evimin içində, sonra doğmalarımın yanında sınmağa, sürünməyə qoymayıb. Dişlə, dırnaqla olsa belə, onlar üçün var olmuşam... ümid, güvənc yeri olmuşam, dayaq olmuşam. Bununla da sevinmişəm. İçimdəki sevinci heç vaxt dilimə gətirməmişəm, kiməsə bəyan etməmişəm. Düşünmüşəm ki, o sevinci bəxş edən özü gərəkli anlarda onu elə formada, elə vasitələrlə büruzə verir ki, onu öncədən söyləməyə lüzum qalmır. Yəni məqam yetişəndə gerçəklik yaşanan, ortada olan nədisə, olduğu kimi də görünür...
Bir dost hərəkətiylə, sözüylə mənə anlatdı ki, bəndəyə güvənmək, bəndəyə söykənib hansısa bir qəti qərarı vermək yanlışlıqdır. Yeganə güvənc Tanrı olmalıdır. Və mən də məhz məqamında, zamanında onun anlatdığının şahidi oldum. Gördüm ki, hətta vəsiyyətnamə yazıb hardasa gizlətmək və onu kimin ünvanına çatdırmağı son ana qədər heç kimə söyləmədən bir arxayın ömür yaşamaq başdan ayağa yanlış bir addım imiş. Axı bizim günahkar saydığımız zaman həmin o ünvanın üstündən çox küləklər əsdirir, üzü xeyrə tərəf də, elə əksinə də. Ona görə də bir az hadisələrə, sabaha, yanında olanlara açıq gözlə baxmaq, bir iynə ucu boyda şübhə yeri saxlamaq lazımdır ki, sonda əlin havada qalmasın. Əl havada qalanda, elə ümid də ölür. Bir vaxtlar mən indi anladıqlarımın tamam tərsini düşünüb, tərsini yaşamışdım. İndi kövrək misralarla o duyğuların, o günlərin, o yaşananların qapısını döyürəm.

Gözümün aynasında
Səni gördüm, sevindim...
Bircə anın içində -
Səmti sənə çevirdim...

Xəyal qırıqlığını
Ümid aldı, sevindim...
Unudulan sevgimi -
Yada saldı, sevindim...
Nələr keçdi içimdən
Özüm bildim, sevindim!..
Ağlayan ürəyimin
Gözün sildim - Sevindim!

Gözümün aynasında
Tumarlanan dünənim...
Seivndirdin sən məni -
Xatirəyə dönənim!..

***
Görünür, hər yaşın öz hissi, öz duyğusu var. Yəni çılpaq desəm, insanın yaşı onu o yaşa görə kökləyir. Hisslər, duyğular məhz o yaşdan qidalanır. Bu mənada mən indi daha çox həzin musiqini, kövrək nəğmələri, dünənlə bağlı söhbətləri dinləməyi xoşlayıram. Yaş dağın zirvəsindən üzü enişə endikcə bir şeirimdə yazdığım kimi "torpaq çəkir adamı!". İndi son aylarda yaşadıqlarımı bir şirin xatirə kimi xatırlayıb, içimdə ələkdən keçirirəm. İnanın ki, bu ələyin üzündə qalanların hamısı mənim yaralı və doğma yaşantılarımdı. Onların hər biri üçün kövrəlməyə də dəyər, üzülməyə də, sevinməyə də. Mən də elə bu cür də edirəm. Çünki mənə onlardan da doğma təkcə Sənsən - ey böyük YARADAN! Və mən əlimi sənə açıb, dizimi yerə atıb həmişə dualarımı edirəm. Bilirəm ki, sən öz adil qərarlarınla məni mükafatlandırırsan. Və hətta kitablarımın birinin adını "Allah, məni unutma!" qoymuşam. İnanmışam ki, Sən heç vaxt məni unutmayacaqsan!
... Və bir də ona inanmışam ki, Sən mənim üçün yaratdığın, mənim qarşıma çıxardığın, mənim güvəndiyim, həyatımın, ömrümün bir parçası etdiyin də məni anlayıb unutmayacaq. Çünki biz bu həyatı eyni cür sevib, eyni cür yaşayırıq. Elə buna da şükr edirəm. Bu "aş qarası" olmasa da, heç üz qarası da deyil. Elə bu duyğularla da ona yazdığım misraları sizə çatdırıram.

Arzularımız qoşa -
Bərabərdi və təndi...
Sevgimiz bir-birinə
Qibləgahdı, Vətəndi!

Üz tutub getdiyimiz
Ziyarət etdiyimiz
Canımsan! - dediyimiz
Qibləgahdı, Vətəndi!..

Günün, ayın içində
Gələn payın içində
O qız könlüm üçün də,
Qibləgahdı, Vətəndi!




TƏQVİM / ARXİV