adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

KEçi PiYi

VAHİD ƏLİFOĞLU
86578 | 2007-11-03 04:21
... Yaşlı adamlardan eşitmişəm ki, keçinin ətindən də yaxşı bəlkə onun piyidi. Havayı deyil ki, belə bir atalar misalı da var: "Keçi can hayında, qəssab piy axtarır"... Deməli, qəssabı keçinin piyi daha çox maraqlandırır, nəinki başqa məhsulları...
   
   Keçi piy quluncun, soyuqdəymənin əvəzsiz müalicə mənbəyidir. Bir barmaq keçi piyi kifayətdir ki, yorğan-döşəyə düşmüş xəstə ayağa qalxa, soyuqdəymədən, qulunc ağrılarından azad ola. Mənim sizə deyəcəyim sözün mustafasının birbaşa keçi piyi ilə əlaqəsi olmasa da diqqətli oxucu burada xeyli qulunc ağrısı tapa bilər. "Mıs-mıs"a yekun vurub keçək "mustafaya"...
   
   
   
   Mustafa N 1
   
   
   
   ... P.S. Amerika iki göydələndən keçdi, amma Əfqanıstan, İraq kimi iki dövlətin əlaqəsinə və var-dövlətinə sahib çıxdı. Bizim bir binamız uçdu, hələ bir şey əldə edə bilməmişik...
   
   Rəsmilərdən biri elan etdi ki, Bakıda 900-dən çox göydələn tikilib. İndi həmin binaların yoxlanılmasına başlanıb. Bu 900 binanın deyək ki, yoxlamadan lap 850-si "salamat" çıxdı. Məlum oldu ki, 50 binanın armaturları, sementi normalara uyğun işlədilməyib. Bəndəniz ixtisasca inşaat mühəndisi olduğuna görə bilir ki, binanın betonlaşdırılmış hissəsinə keyfiyyətsiz armatur, sement işlədilibsə o bina sökülməlidi. 50 binanın bünövrəsinə qədər sökülmə ehtimalına inanan varsa mənə məktub yazsın...
   
   
   
   Mustafa N 2
   
   
   
   Bir hekayə yazmaq istəyirdim. Amma ya hövsələm çatmadı, ya da sənətkarlığım. Süjeti beləydi:
   
   - Qoca professor yaşadığı binanın həyətindəki uşaq meydançasında, skameykada əyləşib düşünür. Professorun əyləşdiyi skameykadan üç-dörd metr o yanda nəhəng bir ekskovator meydançanı söküb-dağıdır. Hündür göydələnin özülü qazılır... Bu məqamda professorun telefonuna zəng gəlir. Məlum olur ki, sabah televiziyada "Uşaqlar bizim gələcəyimizdir" adlı veriliş olacaq və professor da həmin verilişə dəvət olunur... Bir xeyli keçir. Professor skameykadan qalxıb yavaş-yavaş yaxınlaşır yaşadığı evin blokuna. Bloka çataçatda qulağına bərk xırçıltı səsi gəlir və dönüb arxaya baxır. Bayaq əyləşdiyi skameykanı ekskovatorun çalarında görüb telefonunu çıxarır və televiziyaya zəng edib bildirir ki, tay mən o verilişə gələsi olmadım... Yaxşı yazıçı bu süjetdən ən azı povest yazardı, məndə heç hekayə də alınmadı... Yeri gəlmişkən, bu süjetlə "Bəbələrin günahı nə" mahnısına klip də çəkmək olar...
   
   
   
   Mustafa N 3
   
   
   
   "Yeni ulduz -7" də işə başladı. Səhər yox, birisi gün televiziya ekranlarında lüt əndamlar, qalstuklarını qonşuya bağladan oğlan "müğənnilərə" rast gəlsəniz qəmlənməyin. "Bir xalq, iki dövlət"... Bu iki dövlətdə hamı oxuyur... Nəyi pisdi?...
   
   
   
   Mustafa N 4
   
   
   
   ... Axır ki, məktəblər məktəbli formalarına keçdi. İndi şagirdlər eyni paltarda məktəbə gələcəklər və onların bir-birindən fərqi, ən əsas da sosial vəziyyəti hiss olunmayacaq... Eh, guya şagird Əhməd bilmir ki, şagird Məmmədin atasının villası da var, şadlıq evi də, iki-üç də xarici maşını?..
   
   ... Bir-neçə gün bundan əvvəl "İç xəbər"də Bakının hansısa kəndində qaz problemindən danışılırdı. Və o da məlum oldu ki, yerli adamların qaz xəttinə qoşulmağına həmin kənddə məskunlaşmış məcburi köçkün olan bir nəfər mane olur... Bəndəniz də məcburi köçkünlükdə on beş il fəxri staja malik olduğuna görə hadisəyə laqeyd qala bilməzdi... Aparıcı bir həyəti göstərdi. Ala-babat bir ev idi, həyətdə də minik maşını... Mənə ən çox təsir edən aparıcının "qaçqına bax, ey" deməsi oldu... Bu ifadədə ironiya da var idi, təəccüb də, hələ desən xırda nifrət hissi də... Mən o köçkünün əməllərini müdafiə etməkdən çox-çox uzağam... Dediyim kimi yuxarıda sitat gətirdiyim ifadədi məni incidən...

TƏQVİM / ARXİV