adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

PAYIZ MƏNiM YAŞIDIMDI...

VƏSİLƏ USUBOVA
23333 | 2007-11-03 04:20

   
   Bir ömür göz yaşı bəs etməz mənə,
   
   Payızlar gözümə köçə bilməsə!...
   
    Ənvər Əhməd
   
   
   
   Yaman gecikdi bu ilki payız.Vaxtında özünü yetirib otları,yarpaqları saraltmaq əvəzinə gözümüzün kökünü saraltdı.Biz də yaman kəmhövsələ olmuşuq ha.Bəlkə də payız elə vaxtında gəldi.Kim hökm verib ki, payız elə mütləq sentyabrın 22-də girməlidi?! Bəlkə göylərin də öz dəftər-kitabı var, hər şeyi öz ölçülərimizə salmağa öyrəşmişik. Gərək hər şey biz deyən kimi olsun, vəssəlam. Əgər təbiətin də iki ayağı olsaydı, ikisini də bir başmağa dirəyib istədiyimizi elətdirərdik. Dünyanın ayrı-ayrı yerlərində fəsillər istənilən vaxt gəlirsə, biz niyə təbiətin bu qızıl saçlı gözəlinin nazı ilə oynamayaq?! Axı, gözəllərə hər şey keçilir. Bəlkə O sentyabrın 22-də deyil, avqustun axırında, lap elə oktyabrın 16-da gəlmək istəyir.Onsuz da bu kainat gözəlini hamı eyni həsrətlə gözləmir. Məsələn, hansı fermer pambıq əkmişdisə, bu ilki payız ona görə fəsillərin şahı oldu. Kimsə ev tikdirir, divarlarını qaldırıb, ancaq damını örtə bilməyib. Gecə-gündüz əlləri haqqdadı ki, göydən yerə bir damcı da yağış düşməsin. Kiminin fərli əyin-başı yoxdu, kimi hələ qışa ərzaq tədarük etməyə macal tapmayıb. Deyəsən, insanların gün-güzəranı təbiətin vecinə də deyil. Payız da kimini yandırır, kimini qandırır.Bağında nar ağacı olanlar deyir ki, heyif o qədər məhsuldan, yağış olmadı, ağaclara mic daraşdı, hər şeyi korladı. O gün Kürün üstündən keçmişəm; o boyda çay yarıyaqat olub, lap dağ çayına oxşayır.
   
   Yağışların gecikməsi evdar qadınların da bir tərəfdən işinə yaradı.Mürəbbələrini bişirdilər, kompotlarını bağladılar, şorabalarını qoydular. Sonra arxayınlıqla payız işlərini görməyə başladılar.Paltar-palazı yuyub qurutdular. Yorğan-döşəyi söküb yununu yudular, çırpdılar, təzədən sırıdılar. Elə kənd kişiləri də günəşli günlərdən az yararlanmadılar. Yollar palçıq bağlamamış çöl-bayır işlərini qurtardılar. Yağış yağıb biçənəklərdəki otları çürütmədi. Necə olsa,köynəkləri kürəklərinə yapışırdı dəryaz çalanda. Qabaqda əli qılınclı qış gəlir, mal-qara da ac qalmayacaq, deməli. Nişanlı oğlu-qızı olanlar da əl-ayağı quru toylarını yola verdilər...
   
   Yəqin elə buna görə də birdən leysan duşub iki-üç gün kəsməyəndə heç kəs əndişələnmədi.Baxışlar narazılıqla deyil, şükranlıqla göylərə dikildi: " Kərəminə şükür, xudaya!

TƏQVİM / ARXİV