ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
29388 | 2014-10-11 01:06
telequrucu, Azərbaycan televiziyasının bədii ədəbiyyat və publisistika baş redaksiyasının baş redaktoru kimi onu tanıtmağa ehtiyac duymuram. Televiziyada hazırlanan əksər bədii və publisistik verilişlərin hazırlanmasında Sadıq Elcanlının böyük əməyi var və biz bu verilişlərə baxarkən həzz alırıq, estetk zövqümüz, sənətə məhəbbətimiz artır. Amma Sadıq Elcanlı ilk növbədə, yazıçıdır, özü də çox maraqlı yazıçıdır. Bir amması da budur ki, o, telequrucu kimi daha çox tanınır, nəinki istedadlı, həm də özünəməxsus bir yazıçı kimi. Sadıq Elcanlı bəzi qələm dostları kimi özünü təbliğ eləmir (halbuki, əlində böyük imkanı ola-ola), bu barədə olduqca təvazökardır. Bir günahı da biz tənqidçilərdədir. Vaxtında Sadıq Elcanlının nəsr əsərləri barədə söz deməmişik. Qoy buzlar ərisin və bu yolda ilk addımı ataq.
Sadıq Elcanlının "Sükutun sonu" adlı 900 səhifədən çox nəsr kitabında üç romanı, üç povesti, dörd kinopovesti, iyirmiyə yaxın hekayəsi var. "Azərbaycan" jurnalında da "Zülmət" adlı bir romanı dərc edilib. Böyük həvəslə bu əsərləri oxumağa başladım və sözün həqiqi mənasında istedadlı bir yazıçı ilə qarşılaşdım.
Yetmişinci illərdə, gənc Sadıq ədəbiyyata bir tənqidçi kimi gəldi və onun bir neçə yazısı göstərdi ki, bu cavan müəllifdə tənqidçi təfəkkürü formalaşır. Amma bir də gördük ki, S.Elcanlı ilk hekayələrini yazdı və tənqid deyilən o "başıbəlalı" vadiyə az-az gəlib-getdi. 1985-ci ildə Sadığın "Sirli səsin sorağı" adlı ilk nəsr kitabı işıq üzü gördü. Daha sonrakı illərdə "Əbədi sevginin xatirələri", "Yaddaş yarası", "Qanlı quzğun meydanı", "Sükutun sonu" kitabları da çap olundu. Tənqid və publisistika adına da bir kitabı çıxdı: "Mənim mövqeyim".
Burada söhbət Sadiqin nəsr əsərlərindən gedir, amma onu deyim ki, Sadiqin tənqidi və publisistik əsərləri ilə onun roman və povestləri arasında bir yaxınlıq hiss edirəm. O yaxınlıq da bundan ibarətdir ki, Sadıq Elcanlı analitik təfəkkürə malik bir qələm əhlidir. O, tənqidi-publisistik yazılarında olduğu kimi, bədii əsərlərində də yüksək təhlil mədəniyyətinə malikdir. Birincisi; o, təsvir etdiyi həyat hadisələrinə təkcə bir yazıçı kimi deyil, həm də bir tədqiqatçı kimi yanaşır. Elmin, texnikanın bugünkü nailiyyətləri, sivilizasiyanın uzaq və yaxın mərhələləri, tarixi hadisələrin dinamik inkişaf prosesi, kosmosda və kainatda baş verən dəyişmələr onun əsərlərində bariz şəkildə nəzərə çarpır. Yox, o, alimlik və professorluq iddiasında deyil ki, əsərlərində məlumatfüruşluğa meyl eləsin. Sadəcə olaraq, onun əsərlərinə daxil etdiyi bilgi və məlumatlar da bədii şərhlər səviyyəsindədir, quru və cansıxıcı deyil. İkincisi; Sadığın təsvir etdiyi obrazlar da əsasən elm adamları, ya da dünyanın sirlərini öyrənməyə can atan adi adamlardır. Ona görə də Sadığın qəhrəmanları idrak, düşüncə sferasına məxsus obrazlardır. Lakin Sadıq onları sırf alim və ya düşüncə dairəsinə məxsus obrazlar kimi təsvir etmir, onlar duyğular prizmasında, ürək "ərazisində", hissiyyat "meridianlarında" daha çox diqqəti cəlb edirlər.
"Qanlı quzğun meydanı", "Əbədi sevginin xatirələri", "Yaddaş yarası"- bu üç əsəri Sadıq Elcanlı "mifoloji-fantastik roman" kimi təqdim edir.
Azərbaycan romanının son otuz-otuz beş ildə keçdiyi yol bu janrın inkişafında təkcə ideya-məzmun cəhətdən deyil, həm də forma-struktur baxımından da bir sıra yenilikləri ilə diqqəti cəlb edir. Azərbaycan romanı dünya nəsrində baş verən yeniliklərlə səsləşən nümunələr ortaya qoyur və bu sırada yeni roman tipləri ilə qarşılaşırıq. Roman-detektiv, roman-fantaziya, roman-dialoq, roman-besseller, roman-reportaj, roman-assosiasiya, roman-xronika, fantastik roman, psixoloji-fantastik roman, roman-dekorasiya, roman-utopiya, yarımtarixi romangbunlar son iyirmi ilin bir sıra romanlarına müəlliflərin özlərinin müəyyənləşdirdiyi və janrın mahiyyətini ifadə edən adlar kimi düşünülüb. Sadıq Elcanlı da mifoloji-fantastik roman janrının nəsrimizdə ilk nümunələrini yaradıb, - desək, səhv etmərik. Mifologiya məlum: xalqın lap qədim mifik təfəkkürü ilə bağlı əfsanələr, rəvayətlər, dünyanın, kainatın yaranması ilə bağlı ilkin təsəvvürlər, Tanrı, Göy, Yer, Zaman, O dünya-Cənnət, Cəhənnəm haqqında irreal düşüncələr... Fantastika də məlum: bütün bunların ağlasığmaz "həqiqətlər" şəklində təcəssümü. Sadıq Elcanlı bu iki anlayışı bir roman tipi kimi nəsrimizdə reallaşdırır.
Hər üç roman fantastika ilə reallığın vəhdəti üzərində qurulub. Yəni romanlarda təsvir olunan qəhrəmanlar bizim müasirlərimizdir, hadisələr öz başlanğıcını -start nöqtəsini yaşadığımız, nəfəs aldığımız gerçəklikdən götürür. Sonra romanlarda Tarixi Yaddaş, Ulu Kök, Uzaq Keçmiş məfhumları ön plana keçir, sonra Tarixlə, Qıdimliklə Müasirlik arasında paralelizm gedir. Məqsəd nədir? "Qanlı quzğun" romanında oxuyuruq: "Tariximiz bizə qanla yazılmış dərslərlə doludur; niyə öyrənə bilmirik, niyə zaman-zaman unuduruq o dərsləri? Gündoğandan Günbatanacan dünyaya səsi yayılan, Asiyanın sinəsinə böyük tarixi səhifələr yazan qüdrətli Nuh oğlunun qılıncı qəlbində boğulmadımı? Əfsanələrin əbədi yaddaşında Atlı xan adıyla yaşayan, bütün Avropanı sarsıdan cahan cəngavəri Atilla əllərini qardaş qanına niyə batırdı? Şərqin ikinci Atillası olan Şah İsmayıl Xətai soy qardaşı Sultan Səlimlə üz-üzə gələndə Çaldıran düzünün göylərindən Allahın gözləri baxmırdımı?" - bu sözlər, bu suallar romanda irəli sürülən ideyanın başlıca mahiyyətini ifadə edir. "Yaddaş yarası"nda müəllif bir daha bu tarixi yaddaşı silkələyir, türk dünyasının birliyinə xələl gətirən "qardaş qırğınının qara üzünü" açıb ağardır.
Sadıq Elcanlı öncə qeyd etdiyimiz kimi miflə fantaziyanı qovuşdurur, onun tarixi-əfsanəvi rəvayətlərdən götürdüyü hadisələr, olaylar bədii təxəyyülün gücü ilə canlandırılır, milli yaddaşımızın türkçülük enerjisini hərəkətə gətirir. O, müasirlikdən -bu günün həqiqətlərindən-reallıqdan mifoloji dünyaya-fantaziyaya pəncərə açır. Bu pəncərədən öz qəhrəmanını -Ceyhunu Arhun ata mindirib çox qədim minilliklərə-quzğunların diyarına aparır. Quzğun dağında tarixi əcdadlarımızın müharibə, cəng-cidal səhnələri, düşmənlərlə mübarizəsi istər-istəməz onu da mifikləşdirir, obraz reallıqdan əfsanəvi dona bürünür. O, burada aşiq olduğu Hunayla xoş anlar yaşayır. Sonrakı fəsillərdə zaman dəyişimi baş verir. Qanlı Quzğun meydanındakı amansız döyüşləri 20 yanvar qırğını əvəz edir və yazıçı "keçmişdən gələn gəlini" müasir dünyamıza gətirir. Fantaziyadan reallığa belə bir keçid məhz tarixi yaddaşın "bərpasına" xidmət edir. Yenə də öncə qeyd etdiyimiz bir məqama diqqət yetiririk: "Bir vaxtlar bütün Asiyada at oynadan Böyük Hun məmləkətinin mərd övladları tarix boyu acı xəyanətlərlə, hiyləgər siyasətlərlə, ağır məğlubiyyətlərlə üz-üzə gəlmiş, zaman-zaman planlı şəkildə sıxışdırılmış, sarsıdılmış Böyük Türk ağacı şovinist cəllad baltalarıyla budaq-budaq budanmış, nəsil-nəsil doğranmış, qanına qəltan edilmişdir. İndi bircə azad, müstəqil Türk dövləti olması, qalan türk xalqlarının imperiya əsarətində əzilməsi, bütöv xalq-dövlət qurumlarının formal xarakteri, əslində, acınacaqlı köləliyi, sistemli istismarı faktı Hunayı sıxır, sarsıdır, qəlbən ağrıdırdı".
Sadığın mifoloji-fantastik əsərləri içərisində, zənnimcə, ən maraqlısı, həm də bədii mükəmməlliyi ilə diqqəti cəlb edən romanı "Yaddaş yarası"dır. Bu əsərdə hadisələr, olaylar sürətlə, sanki bir göz qırpımında bir-birini əvəz edir, bir-birindən fərqli, hər biri özünəməxsus cəhətləri ilə seçilən obrazlar, onların qarşılıqlı münasibətləri oxucunu özünə çəkir. Hadisələr daha çox real aləmdə-bir kənddə, bir şəhərdə cərəyan edir. Təsvir olunan Qaradaşlı kəndi sirr içindədir. Burada Qərbi deyilən bir ağac var ki, "yeddi ildən bir lap yuxarı, şah budağında ilanotu bitir. Qərbi ağacının yarpaqları gec tökülür, meyvələri həmişəkindən iri, dadlı olardı. Haradansa quzğunlar axışıb gələr, Qaraqaşlının göylərində süzərdi. Həmin il Qərbi ağacına pir deyərdilər, ona üz tutub arzu-murad dilərdilər". Bu kənd də çox vahiməlidir, "vahimənin əsas səbəbi dağların dibindən, torpağın dərinliklərindən qopub gələn qeyri-adi uğultular, iniltiyə bənzər səslər idi.gGecə bu səslər səngiyib sakitləşəndən, yatandan sonra kəndə əvvəl-əvvəl lal sükut çökürdü. Bir qədər sonra lal sükutun bətnindən vahiməli səslər pöhrələyirdi". Bir məşhur alim bu kəndə gəlir və "Qaraqaşlı kəndinin sirləri açılır" adlı məqalə də yazır, amma o alimin yazdıqları heç kimin beyninə batmır. Halbuki, bu kəndin tarixi, onun mənşəyi çox qəlimlərə gedib çıxır və müəllif, ya məlum olan mifoloji bilgilərlə, ya da öz bədii təxəyyülü ilə sirlərə, bilməcələrə vaqif olur. Bunu mifik obraz olan Qaf - ana və onun üç övladıyla (Qarasellə, Qaradöşdü Qaflı Quzgunla, Qaragüc Qurdla) əlaqələndirir, kəndi faciədən, torpaq çöküntüsündən, vahiməli səslərdən xilas etmək üçün oğlanlarına tapşırıqlar verir. Beləliklə, əfsanə ilə reallıq, mifik dünya ilə gerçək aləm "qovuşur". Romanda Seltay, Sülhiyyə müəllimə, Taleh Bakıxanov, Qılman Qayatac, Qaratay kimi maraqlı obrazlar diqqəti cəlb edir və burada yeddi yaşlı Seltaylı qocaman akademik Qılman Qayatac əsərin ideyasının, müəllif məramının ifadə olunmasında xüsusi rol oynayırlar. Uşaq-Seltay əslində, yaşından qocadır və "yeddi min yeddi yüz yetmiş yeddi ilin yuxusundan oyanıb" və bu dünyanı da uzaq - mifik dünyanın mənzərəsindən anlayır.
Sadığın romanlarında çoxlu mifik-fantastik obrazlar, simvollar nəzərə çarpır və bunlar da əsərdə görünən dünya ilə mifik dünya arasında assosiasiya yaradır. Şamanizmin təsirini də hiss edirik.
O ki qaldı Sadıq Elcanlının "Zülmət" romanınagbu sırf çağdaş dünyamızla, gerçəkliklə bağlıdır və fikrimcə, Sadıq artıq mifoloji-fantastik roman səhifələrini qatlamaq, bununla da müasir həyatımızdan yazmaq niyyətində olduğunu açıqlamış olur (hərçənd ki, romanda müəyyən mətləblə bağlı tarixi əfsanələrə, rəvayətlərə istinad var). Və deyim ki, indi Sadıq Elcanlını məhz bu yöndə bir romançı kimi görmək istərdik.
"Zülmət" romanı müasir insan talelərini əks etdirən bir əsərdir. Əsl adı Butay Kalba, Nargilə qarı Cəfər oğlu Eləhmədov olan, sonralar adını dəyişdirib Xasay Xaspoladov kimi tanınan icra başçısı, onun tələbəlik illərindən sevdiyi, sonralarsa evləndiyi Qəribə xanım, professor Yalçın Qarabudaqlıgbu üç obrazın taleyi romanın süjet xəttini təşkil edir. Ancaq romanda Şükür, Gülnisə, Yalçın Qarabudaqlının oğlu kimi nisbətən az görünən, amma süjetin inkişafında müəyyən rol oynayan, konflikti "dərinləşdirən" obrazlar da diqqətdən yayınmır.
Romana bir sevgi tarixçəsinin nəqli, hekayəti kimi də baxmaq olar. Bu aspektdə sanki hər şey gözləniləndir: iki sevən insanın-Xasayın və Qəribənin illər keçdikdən sonra bir-birinə qovuşmaları tanış hadisədir. Bu qovuşmanı xələldar edən bir məqam var ki, o da Qəribənin qocaman professor Yalçın Qarabudaqlının kəbinli, ZAQSlı qadını olmasıdır. Professor Qəribədən yaşca otuz il böyükdür, yaşı əllini ötəndə tələbə qıza vurulmuş, amma illər keçəndən sonra qocalığın və cavanlığın fərqi amansız dərəcədə hiss olunmuşdur. Qəribə ərini sevməmiş, Xasayın vaxtilə ona yazdığı sevgi məktubları ilə təsəlli tapmışdır. Məsələ burasındadır ki, həyatda çox maniələrdən keçən Xasay da evlənməmişdir. Beləliklə, rəsmən qeyri-qanuni olsa da, mənən bu iki insanın qovuşmasına haqq qazandırmaq olar. Amma romanın sonunda Yalçın Qarabudaqlının oğlu ("damarları nifrətlə kükrəyən, ilan kimi qabaran, gözlərindən qəzəb yağan") atasının intiqamını almağa gəlir, "qan iyi gələn dənizdə" batan Xasaydan tələb edir ki, atasının kəbinli arvadını ona versin. Xasay vəzifəsindən, pulundan keçməyə də hazırdır, amma hamilə arvadını verməyə yox...gXasayın iç üzü açılır və Yalçın Qarabudaqlının oğlu "sanki dünyanın pisliklərindən, günahlarından, şər-xatasından baş götürüb" qaçır, günahkarları bağışlayır.
Əlbəttə, romanda yalnız son anda görünən belə bir obrazın peyda olması o qədər də inandırıcı görünmür. Amma buna da haqq qazandırırsan ki, ömrü boyu guya haqq-ədalət uğrunda vuruşmaq istəyən, anasının namusuna toxunmaq istəyən Şükürdən intiqam almağa səfərbər olan, beləliklə də öz ideallarından dönüb mənən cılızlaşan bir insana (Xasaya) belə bir ibrət dərsi vermək lazımmış...g
Bu roman göstərir ki, Sadıq Elcanlı müasir həyatdan daha sanballı əsərlər yaza bilər.
Və yazmalıdır!


TƏQVİM / ARXİV