adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Arzu edirəm ki, hamısının səsi bir gecədə batsın!

SAMİRƏ ƏŞRƏF
36367 | 2014-10-11 01:47
Bütün sənət dünyasından, teatr aləmindən üzr istəyərək bu yazıya başlamaq istəyirəm. Çünki bugünkü yazım çox bəyəndiyim bir tamaşa haqqında olacaqdı. Amma olmadı. Eybi yox, qalsın gələn dəfəyə...
Gələlim türk qardaşlarımız deyən kimi sadədə. Yəni mətləbə. Mətləb isə o qədər dərin və dolaşıqdı ki, bunu qordi düyünü ilə də müqayisə etmək yersizdi.
Artıq mən tamamilə bu qərara gəlmişəm ki, bizim və bizdən həm təcrübə, həm də savadca böyük qələm adamlarımızın bu qədər yazıb, tökmələri, qələmi qılınc bilib döyüşmələri heç kimin vecinə deyil. Biz nə qədər çığır-bağır salıb həqiqəti dümsükləyiriksə, həqiqət bir o qədər bizim insanlarımızın qəlbindən qaçaq düşməyə başlayır. Heç kim həyatın beş günlük yox e, bir anlıq olmasının belə fərqinə varmaq istəmir. Alan alır, satan da satır. Üstəlik bu alqı-satqı hər nəyin üstündə desəniz baş tutur. Namus, vicdan, mənlik, torpaq, ev, ad-san və s.
Mən əvvəl sadaladıqlarımı bir kənara qoyub sonuncu vergüldən sonrakı iki cüt, bir tək sözün üstündə çabalamaq istəyirəm. Ona görə ki, insan bu dünyaya gələndən bir müddət sonra ona bəlli bir ad qoyulur. Sonra soyad verilir. Beləliklə yaşayan hər bir şüurlu canlı ada və soyada malik olur. Tanınıb, tanınmamasından asılı olmayaraq.
Kimin alın yazısında tanınmaq, məşhur olmaq varsa, o, mütləq buna nail olacaq. Kimdə ki yoxdu və o, buna hansı yollarlasa çalışacaq, onu bilmirəm. Bizim məmləkətin də özünə görə tanınan, sayılıb-seçilən insanları çox olub, indi də var.
Bir də var sayılıb-seçiləndən sonra özünü biabır edənlər. Bunlar ayrı dəsgahdılar. İndi nə olar ki, adam saz da çalar, balaban da, hələ desən "ləzginka" da oxuyar. Amma abırla. Bizim tanıdıqlarımız son illərdi nədənsə özlərini abırdan salmaqla məşğuldular. Bilmirəm bu adamlar buna şüurli sürətdə can atırlar, ya onlarınkı belə gətirir. Hər nədirsə hərə bir tərəfdə gözdən düşür. Təbii ki, iti və sərrast baxışları olan gözləri nəzərdə tuturam.
Mən tetatr və kino adamlarını bir kənara qoyuram. Çünki bugünkü gündə incəsənətin həmin qolu ilə məşğul olmaq həmin insanlardan doğurdan da böyük fədakarlıqlar tələb edir. Və onlar da özlərini bu sahəyə fəda etmiş insanlardı.
Məni əsas dilxor edən bizim oxuyanlarımız, nanay-ninayçılrarımızdı. Tam səmimi deyirəm ki, onların əlindən o qədər bezmişəm ki, sidqi-ürəklə arzu edirəm ki, hamısının səsi bir gecədə batsın! Özü də elə batsın ki, bir də çıxmamaq şərti ilə.
Ona görə ki, onların köməklikləri sayəsində bizim insanlarımız kitabdan, kinodan, həqiqi sənətdən ayrı düşdülər. Ona görə ki, onlar bizim gənclərimizi pis yola, cahilliyə sövq etdilər. Və bir də ona görə ki, onlar bizim efir məkanımızı darmadağın edib viran günə qoydular. Niyə? Nə üçün?! Nə idi bunların bizimlə qəsdi-qərəzləri?!
Necə oldu ki, iki sözü bir-birinin ardınca qoşa bilməyən, öz sahələrinə aid elementar biliklərə yiyələnməyən bu toyxana dəllalları bizim başımıza ağa kəsildilər? Axı niyə mən öz ana dilimdə olan kanallarıma baxmayıb, zövqü başqa ölkələrin tv-lərində axtarım?
Axı mən öz kanallarımızın nəyinə baxım ki, hansına çevirsəm, boğazının altında bir qram ət qoymayıb cərrah bıcağına soyduran qadın müğənnilərlər, yananqlarna, dodaqlaına silikon dolduran kişi müğənnilərlə rastlaşacam. Bu insanlar hələ başa düşmürlər ki, şişirdilmiş sifətlə ekranın yarısını tutub bayağılıq etmək hələ sənət yaratmaq anlamına gəlmir. Bu insanlar başa düşmürlər ki, neçə yüz minlik avtomobilə, villaya, bağa-bağata sahib olmaq hələ könül rahatlığı ilə yaşamaq demək də deyil. Bu adamlar ümumiyyətlə həqiqi könül rahatlığının nə olduğunu belə bilmirlər. Elə isə niyə bizim mənəvi dünyamızı bu cür xarabalığa çevirdilər?!!
İstisnalar təbii ki, var. Amma bu istisnalar o qədər az, həm də onların yanında o qədər içlərinə qapanıqdılar ki, vəziyyətdən xilas olmağa kömək belə etmir.
Başqa inkişaf etmiş ölkələr kimi yumruq bir yerə vurulmur. Heç kim pisdən yaxşı düzəldib ortalığa çıxartmaq istəmir... Amma nədənsə hamı yaxşını pis etməkdə israrlıdı. Nə edək, necə edək ki, əlimizdə-ovcumuzda qalan yaxşılar pis olmasınlar? Əgər hamı pis olacaqsa, o zaman dünyanı, bizdən sonra gələnləri kimin ümidinə qoyacağıq?
Hər şeyi ədəbiyyatın, yazı pozu adamlarının üstünə atmaq olmaz. Onlar onsuz da öz işlərinin cəfakeşidilər. Hərə düşdüyü bu yoldan özünü xilas etməyə çalışmalıdır. Əgər heç kim belə istəkdə olmasa, o zaman vay bizim və gələcək nəsillərin halına.

TƏQVİM / ARXİV