adalet.az header logo
  • Bakı 13°C

AĞLAYA BİLSƏYDİM BİR GÖZ DOLUSU...

VƏSİLƏ USUBOVA
25915 | 2014-10-11 01:46
Bu günə qədər baş çəkmədiyim, ayaq basmağa özümdə güc tapa bilmədiyim və bunları düşünəndə belə dizlərimin əsdiyi iki məkan var: birincisi Şəhidlər Xiyabanıdı, ikincisi uşaq evləri. Birincidə ona görə ola bilmirəm ki, burada yatanların hər birinə ağlamağa nə fiziki, nə mənəvi gücüm yoxdu. Mən kədəri hamı kimi yaşaya bilmirəm; ya büsbütün özümü onun ixtiyarına verib içində əriməliyəm, ya da güc tapıb ondan qaçmalıyam...
Dərdim də bütöv olmalıdı, dərdsizliyim də...
Mən ortada dura bilmirəm...
Uşaq evləri isə... İlahi, onlar Yer üzündə niyə mövcuddular, axı?! Hərəmiz özümüzə bir dəfə bu sualı versək, hərəmiz dərindən bir ah çəksək, belə məkanları elə ahımızla məhv edərik. Sonuncu uşaq evinin qapısına qızıl kilid vurub, tarixin arxivlərinə gömərik... Bunu bacarmırıqsa, hansı üzlə insanlıqdan dəm vururuq?!
Bəlkə istəmirik bunu?!.
Mənimsə istəyim budu; hər kəs günahının, səhvlərinin cəzasını özü çəksin, daha uşaqlar yox...

***
Bu şairə də bir gün uşaq evlərinin birində olub və... oradan bütün ömrünə bəs edəcək ağrı-acı yüküynən dönüb... Təkcə oraya ayaq basmaq bəs idi bir şair dünyasını alt-üst eləməyə. Üstəlik, "baxışı niskilli bir körpə" ona "ana" da deyib...

Sən mənim qızımsan, dalınca qaçım?
Ardınca su atım, oğlumsan bəlkə?
Durum lap ayağı yalıncaq qaçım,
Arxamsan, qanadım, qolumsan bəlkə?!

Qadın olasan... Ana olasan... Şair olasan... Dəm verəsən gözlərinin yaşına. Dəryalar kimi dolasan, buludlar kimi boşalasan... Bir xeyri olacaqmı? Göz yaşlarıynan hələ heç nə yuyulmayıb. Heç nəyi aparmayıb gözün qarasından başqa. Bir baş ağrısı qalır sənə, bir balaca da qəlb toxdaqlığı...

Səbəb tapammıram, axır göz yaşım.
Ürəyim dəryadı-boşalır, dolur.
Həsrətim boy verib, - mənlə yanaşı,
Kimimsən, desənə, a qurban olum.

Bu dünyanın işləri elə qurulub ki, heç istəsən də kömək edə bilmirsən çox zaman. Bəzən ömrümüz heç öz övladlarımızı boya-başa çatdırmağa, onları istədiyimiz kimi yerbəyer eləməyə yetmir...
Bir yandan ömür vəfa eləmir, bir yandan da görmək istədiyin işləri əlindən qoya bilmirsən. Axı, hamının boynunun borcu var bu fani dünyada. Niyə bəziləri bunu anlamaq istəmir?!

Mənə "ana" demə, mən "yol üstdəyəm",
Ölərsəm, təzədən yetim qalarsan.
Sən bu şirinlikdə atasız bala,
Yenidən anasız çətin qalarsan.

Hələ anlamırsan, yaş o yaş deyil,
Ruhumla yaşaram gövdəndə sənin.
Amma bu təşviş də elə boş deyil,
Mən kimə tapşırım "gedəndə" səni?!

Şəhidlər Xiyabanında uyuyanlar yetim deyil. Uşaq evindəkilərsə həm yetimdilər, həm də şəhid. Şəhidlər torpaq, Vətən, azadlıq yolunda canlarını veriblər. Bu uşaqların çoxunu isə onlara həyat verənlər şəhid ediblər... Beş dəqiqəlik həzzi, bir qarın yeməyi hər şeydən üstün tutanlar. Tər töküb evinə çörək qazanmaq istəməyən, balasının könlünü, əynini sevindirməyən kişilər, ətəyini uşaq islatmayan, gecələr Ayla, ulduzla yuxusuz qalıb beşik yırğalamayan, layla deməyən qadınlar şəhid ediblər o uşaqları...
Bu sətirləri yazıram və utanıram. Hər cür dəyərlərin havaya sovrulduğu dünyada mən nəyin sorağındayam?!
Bir körpənin qığıltısını dinləməkçin yer üzünün bütün silahlarını susdurmaq olar... Ancaq... Qarabağı, Fələstini, İraqı, Suriyası olan dünyanın qulaqları körpə qığıltısını eşidə bilirmi?!

Şairəni ağrıdan da elə bu deyilmi?!
Qəzadı, qədərdi, amma nə deyim,
Dolu gördüyüncə bu boş dünyadı.
Gah əlimi kəsir, gah da ətəyin,
Bu, ayıq başla da sərxoş dünyadı.
Şairənin göz yaşları da səbəbsiz deyil...
Həm də bir uşaq üçün deyil...

Görürsən səbəbsiz deyil göz yaşım,
Ürəyim dəryadı, boşalır, dolur.
Həsrətim dayanıb mənlə yanaşı,
Kiminsən, desənə, a qurban olum...

Doğrudan da, bu uşaqlar kimindi, bizim kimimizdi?!.
Əgər cavabını bilmiriksə... onda biz özümüz kimik?!.

P.S. Dəyərli şairəmiz Firuzə Məmmədlinin "Kimimsən mənim" şeirini nə zamandı özümdə gəzdirirəm. Neçə dəfə oxuduğumu unutmuşam. Neçə dəfə duyğularımı yazıb, sonra fikrimdən daşındığımı da...
Bu dəfə dözə bilmədim...

TƏQVİM / ARXİV