GETMƏK İSTƏYİRSƏN BƏHANƏSİZ GET...

FAİQ QİSMƏTOĞLU
73889 | 2014-10-11 01:44
... Hələ ömründə bu qədər çətin anlar yaşamamışdı. Hələ heç başı da bu qədər cəncəl işlər görməmişdi. Səhər tezdən gözlərinə inanmadı. 32 il bir yerdə yaşadığı xanımı alnını turşutdu və dilləndi:
- Daha sənin nazına dözə bilmirəm. Mən elə bildim ki, səhvlərindən bir nəticə çıxaracaqsan. Ev-eşiyə, uşaqlarına qayğı göstərəcəksən. Düz 32 il gözlədim, hər gün məni şirin sözlərlə yola verdin...
Gözləri doldu və içindən qəribə bir hisslər keçdi. Dolmuş gözləri 32 il bir yerdə yaşamış xanımın da ürəyini yumşaltmadı, handan-hana dedi:
- Mənim ən böyük günahım təmiz olmağımdır. Düzdür, imkanlarım böyük olub, yaxşı pul qazanmışam, amma hamısını da bacı-qardaşa, qohum-əqrəbaya xərcləmişəm. Görmüşəm ki, bacım xəstədir cibinə pul qoymuşam. Qardaşımın dolanışığı pisləşib ona əl uzatmışam, amma mən heç vaxt əclaf olub kiminsə dərisini soya bilməzdim.
Qadını onun bu sözlərindən daha da əsəbləşdi. Elə bil ki, onu tok vurdu:
- Nə təhər olur sənin iş yoldaşın Nemət özünə hər cür şərait düzəldə bilir, uşaqlarına ev-eşik tikməyi bacarır, amma sən ikiotaqlı bir evin içində qalmısan. Düz 32 ildir başımın altına yastıq qoyub məni şirin vədlərinlə aldadırsan; gələn il yaxşı olacaq, maşın alacağıq, təzə mənzilə köçəcəyik. Mən də 32 ildir sənin vədlərinə inanıb gözləyirəm və gözləməkdən gözümün kökü saralıb. Heç xəbərin var Nemət neyləyib? İkimərtəbəli ev tikib, qızına da elə öz həyətində qəşəng bir imarət ucaldıb. Hələ həmin həyətdə 3-4 də balaca ev inşa edərək başqalarına kvartirant verib. Ayda kvartirantlardan 700 manat pul qazanır. Sən isə əlin də gətirmir, maaşın da bizi qane eləmir. Uşaqlarına da bir gün ağlaya bilmədin.
Kişini qəhər boğdu:
- Neyləyim, mən onun kimi binamus və şərəfsiz ola bilmərəm. O adam pula görə anasının əmcəyini kəsər və övladlarını, nəvələrini ayağının altına qoyub pulu götürər. Görmürsən göygöz köpəyoğlunun sifəti də qıpqırmızıdır. Deyirlər ki, göygözdən, qırmızı sifətdən və sarı adamdan qorxulu adam yoxdur.
Kişi nə qədər danışsa da 32 illik xanımı onun sözlərinin heç birini eşitmirdi. Yenə onun gözündə Nemət hamıdan uca idi. Çünki Nemətin maşınları, evləri və böyük də kommersiya şəbəkəsi var idi. Amma Nemətin bir şeyi yox idi: ləyaqəti! O adam ləyaqəti də, şərəfi də və namusu da pula satmışdı. Hətta pul o qədər gözünü örtmüşdü ki, əxlaqsız və küçə qadını da evinə gətirirdi. Arvadı və uşaqları ona nə qədər desələr də o yolundan dönmürdü. Deyirdi ki, dul qadındır, bunun günahı nədir? Mən də ona arxa dururam, əl tuturam.
Amma Nemət o dul qadına arxa duran və əl tutan deyildi. Sadəcə olaraq, həmin qadını öyrədir varlı və vəzifəli adamların yanına göndərir və onları şantaj edirdi. Bəzən həmin vəzifəli adamları mobil telefonla qadın arasında olan intim münasibətləri lentə alırdı. Sonra da həmin görüntüləri Nemətə göstərir, Nemət də həmin adamlarla telefon əlaqəsi yaradaraq onları qorxudurdu. Deyirdi ki, mən olmasam o qadın görüntüləri Youtubedə yerləşdirəcək və sizi biabır edəcəkdir. Həmin görüntülərə sizin tabe olduğunuz nazirliyin rəhbərliyi baxandan sonra tutduğunuz vəzifədən çıxarılacaqsınız. Hələ üstəlik də ailənizin hər hansı bir üzvü bu görüntüləri izləsə, onda görün sizin başınıza hansı faciələr və oyunlar gələcək.
...Qorxuya düşən vəzifə sahibləri elə həmin an çıxış yolu fikirləşir və Nemətə qadınla onların arasını "düzəltməyi" xahiş edirdilər. Nemət də özünü ağır aparır və deyirdi ki, görüm qadını yola gətirə bilirəmmi? Bu "oyun"la Nemət qadının əli ilə vəzifəli şəxslərdən 5-10 min manat pul qoparırdı. Sonra da bu pulun çox cüzi hissəsini həmin xanıma verirdi və deyirdi:
- Bu adamlar səni ilişdirə bilərlər.
Qadın da bu sözlərdən sonra qorxar və geri çəkilərdi. Nemət isə gündə bir adama "torba tikmək" haqqında fikirləşərdi. Elə ki, "torba"nı tikirdi, bax onda kefi ala buluddan nəm çəkirdi. Düzdür, pul qazanırdı, var-dövləti çoxuydu, ancaq qorxudan şəkər xəstəliyinə tutulmuşdu və ürəyindən də əməliyyat olunmuşdu. Təzyiqi isə kəllə-çarxa çıxırdı. Yanında fırlatdığı qadınla müxtəlif restoranlarda eyş-işrət keçirər, o da ağrı-acını içindən bu yolla çıxarmağa çalışardı. Dəfələrlə cəncəl işlərə görə başına olmazın müsibətlər gəlmişdi. Ancaq o qədər abırsız, həyasız, şərəfsiz və alçaq adam idi ki, bunların heç biri ona təsir eləməzdi. Çünki Nemətin Araz aşığından Kür də topuğundan idi.
...32 illik qadının gözləri dolmuşdu. Bu 32 ildə nə olmuşdu hamısı kino lenti kimi bir daha yenidən gözləri önündə canlandı. Çünki o həyat yoldaşı ilə ən kasıb günlərində belə çox mehriban və xoşbəxt yaşayırdılar. Bir tikə çörəyi elə şirinliklə yeyirdilər ki, hamı da onlara qibtə edirdi. Qohum-qonşu, dostları deyirdilər ki, vallah, bunlardan mehriban ailə yoxdu. 2 övladları var idi, birini evləndirmişdilər, biri də hələ subay idi. Yəni oğluna qız almamışdılar.
Elə evin xanımını da ən çox narahat edən bu hisslər və duyğular idi. Oğlu evlənməmişdi və yaxşı bir yerdə də işləmirdi. Üstəlik onların maşınları da yox idi. Qohum-qonşuda hamının maşını vardı, xanım da bunları görəndə içindən od tutub yanır və başlayırdı 32 illik həyat yoldaşı ilə dığ-dığa. Bu dığ-dığ onları lap boğaza yığmışdı. Elə gün olmurdu ki, evdə dava-şava və qırğın olmasın. Xanım da fikirləşmişdi ki, bu davanın qarşısını almağın yeganə yolu evdən getməkdir.
...Çamadanını yığışdırdı. Və hər şeyi gözünün qabağına aldı. Düşündü ki, mənim evdən getməyim çox söz-söhbətə səbəb olacaq. Hətta mənə şəbədə də qoşacaqlar. Amma ürəyi, qəlbi həyat yoldaşı ilə oğlunun yanında idi. Çünki həyat yoldaşı bir dəfə infarkt keçirmişdi və təzyiqi də çox yüksək idi. Ancaq dişini-dişinə qıcıyıb evdən çıxdı:
- Qoy mənim evdən getməyim yanan odun üstünə bir su töksün. Bəlkə bundan sonra nəsə sakitlik olar və rahatlıq taparıq. Siz burda rahat yaşayın, mən də gedəcəyim yerdə.
Çox uzağa getmirdi. Bacısıgildə qalacaqdı. Xanım evdən çıxanda hər ikisi ilə vidalaşdı: Allah sizi qorusun! Tay bu sözlərdən sonra bir söz demədi. Gözlərindən sifətinə doğru diyirlənən yaşlar yoldaşının da ürəyini dağladı.
Həyat yoldaşı onu çox istəyirdi. Bir həftə idi ki, heç biri bir-birinə telefon açmır və xəbər tutmurdu. Axşam Nüsrət Kəsəmənlinin şeirlər kitabını vərəqləyən həmin ziyalı adam bir şeiri oxuyanda gözləri yenidən doldu və düşündü ki, rəhmətlik Nüsrət Kəsəmənli elə o şeiri onlar üçün yazıb:

Getmək istəyirsən bəhanəsiz get,
Oyatma mürgülü xatirələri,
Səsin həmin səsdi, baxışın ögey,
Gedirsən, səsin də yad olsun, barı.

Getmək istəyirsən nə danış, nə din,
Yox ol uzaqlartək dumanda, çəndə,
Nəyimi sevmişdin deyə bilmədin,
İndi isə yüz eyb görürsən məndə...

...15 gündən sonra qapının zəngi çalındı. Kişi gözlükdən baxmadan qapını açdı; bu onun 32 illik həyat yoldaşı idi. Sifətində nur, çöhrəsində nur və əməlində işıq. Onun gəlişi ilə evə bir sevinc, bir işıq, bir nur gəldi. O işıq ki, bir daha bu evdən, bu eşikdən əskik olmayacaqdı...

TƏQVİM / ARXİV