adalet.az header logo
  • Bakı 18°C

Sabahkı zair

21610 | 2007-11-03 04:20
Axır vaxtlar mən poema janrının gələcəyi haqqında əməlli-başlı bədgüman olmuşdum. Lakin Rəşad Məcidin baş redaktor olduğu "525-ci qəzet"in keçən aylardakı saylarının birində gənc şair Faiq Hüseynbəylinin "Sabahın adamı" poemasını oxuyandan sonra Sezai Karakoçun "Şair ve şeir ölməyəcəkdir" cümləsi yadıma düşdü. Poema yüksək ustalıq və istedadla qələmə alınmışdı. Ordakı təbiət təsvirləri, görümlü detallar o qədər dəqiq işlənmişdi ki, belə bir yüksək səviyyəli əsəri "525-ci qəzet"də çap etdiyinə görə Rəşad Məcidə ürəkdən təşəkkür etmək fikrinə də düşdüm. Amma çox təəssüf ki, Rəşad Məcid Türkiyədə idi. Budur artıq mən bu poema haqqında yazı yazıram və Rəşad müəllimə təşəkkür etmək imkanım var. "Çox sağ olun ki, Rəşad müəllim, belə bir poemanı öz dəyərli qəzetənizdə çap eləmisiniz, çox sağ olun".
   
   
   
   Hələ Puşkin Yevgeni Onegini yazandan sonra poema janrının bədii imkanlarından şikayət etməyə başlamışdı. Həqiqətən bu janr kifayət qədər mürəkkəb janrdır, türklərin sözü olmasın "tabiri caizsə" bu, Maradonanın mini futbol oynaması kimi bir şeydir. Çünki poema hər şeydən əvvəl epik əsərdir. Burda fikrin genişliyi və vüsəti olmalıdır. Ən çətini isə budur ki, bütün bunlar qafiyədə ən yaxşı halda alliterasiyalı sərbəst şeirdə yazılmalıdır. Aşıb-daşan, sərhəd və hüdud tanımayan istedadı qafiyə buxovuna salmaq şəksiz ki, çox çətindir.

TƏQVİM / ARXİV