adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

PULU çiRKLƏNDiRƏNƏ LƏNƏT

OQTAY SALAMOV
18160 | 2007-10-30 05:07
Müstəqillik qazanandan sonra həmin təamla birgə elə şeylər qazanmışıq ki, əvvəllər həmin şeyləri yuxuda görməyə də cürət eləməzdik. Bəzi cəsarətlilər ayaqlarını cızıqdan çıxarıb bəzi şeyləri yuxuda görsələr də, daha onu daşımağa cürət eləməzdilər. Yazmağa isə ... nə danışırsan?.. İndi ölkədə rüşvətin, korrupsiyanın olması, məmurların hamısının əli təmiz olmaması (gör nə qədər ağız bahəm eləmişik ki, sözü hətta ikibaşlı da yazırıq; mən demək istəyirəm ki, məmurların heç də hamısının əli təmiz deyil), inhisarçılıq, nə bilim daha nələr haqda hətta iqtidar qəzetləri də yazır.
   
   Milli Bank işçilərinin əməkhaqlarının artırılacağını eşidəndə o qədər sevindim ki, elə bil o reklamı olunan semiçka qutusundan qızıl pıs-pısa çıxarmışdım. Çünki bundan qabaq çirkli pullarla mübarizə aparılacağı haqda da xəbər oxumuşdum. Bir dəfə evdə uşaqların anası şalvarımı yuyanda xəlvəti qaragün üçün gizlətdiyim "məmməd"i cibimdən çıxarmamışdı. O pulun qırışığını açıb, ütüləyib, skoçlayıb çörəkçiyə sırıyanacaq canım boğazıma yığılmışdı. Özü də pul sən deyən o qədər də çirkli deyildi. İndi gör bu qədər pulu yuyub-qurudub abıra salmaq üçün yazıqlar nə qədər işləyəcəklər. Halaldı onlara, qoy maaşlarını qaldırsınlar.
   
   Siz bilərsiniz, bizdə pullar niyə çirkli olur axı? Belə baxanda zavod-mavodun tüstüsü azalıb, ekologiyamız müqayisədə o qədər də bərbad deyil, təzə su çəkiləcək, adamlarımız mədəniləşib, çox da çirkli geyinmirlər. Daha doğrusu, pulu olanların çirki olmur, bəs onda bu pullar haradan və niyə çirklənir?
   
   Birdən hansınızsa mənə məcazi məna, gizli iqtisadiyyat, bank əməliyyatları haqda söz deyərsiniz, sizi yaş yuyub quru sərərəm ha. Lap aşkarlıq da olsa, lap nə istəsək onu yazmağa icazə versələr də bizdə o mənada çirkli pul ola bilməz. Bizim pullarımız tər-təmizdir. Nədi, nöyütün qiyməti məlum, litri məlum, xərcləndiyi, saxlandığı yer məlum: burada çirkli pul ola bilməz! Vergidi - statyası məlum, məbləği məlum, çekini də verirlər, burada da çirkli pul ola bilməz!

TƏQVİM / ARXİV