adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Misralar haqqında qırıq-qırıq bir yazı

18443 | 2007-10-27 11:02
İlk yazılarım "Ədalət" qəzetində çıxıb, bu qəzetdə yenidən yazmaq mənim üçün maraqlıdır. İlk yazılarımın çap olunduğu tarix elə də bir uzaq tarix deyil, 2005-ci ilin ortalarıdır, amma indi oktyabrın 25-indən 26-sına keçən gecə hiss edirəm ki, bu uzaqda, lap uzaqda olub və aradan uzun illər keçib. İllərin keçməyi düzdür, amma əlbəttə ki, iki il uzun bir müddət deyil. Amma mənim bütün yazarlıq həyatım bu iki il ərzində olub. Amma mən o iki ildən yox, son günlərimdən yazmaq istəyirəm.
   
   Şəxsi həyatımla bağlı olan heç bir şeyi bölüşmək istəmirəm, ona görə yox ki, bu mənim üçün nəsə bir sirri-xudadır, yox, qətiyyən elə deyil, sadəcə olaraq mən indi şəxsi həyatım barədə danışmaq istəmirəm. Son günlərdə əsasən şeir oxuyuram, Xanəmirin "səni sevib solduraram" misralarını gündə dəfələrlə öz-özümə deyirəm, hətta bu misranı ingilis və rus dillərinə də tərcümə etməyə cəhd göstərirəm. Amma son bir ayda mənim üzərimdə çağdaş Türk şairlərindən olan Küçük İsgəndərin (1967-ci ildə anadan olub) təsiri var. Düzdür, mən demək olar ki, son bir ildə şeir yazmıram. Bəzən bloknota bir şeylər qaralayıram, sonra yadımdan çıxır, üstündən aylar keçəndən sonra o şeiri bloknotda görüb oxuyuram. Demirəm pis şeirlərdir, əvvəl yazdıqlarımdan da yaxşılar var, amma nəyə görəsə şeirdən dəhşətli şəkildə bezmişəm, əlbəttə ki, oxumaqdan yox, yazmaqdan. Bloknotlarıma yazdığım şeylərin müəllifi ancaq özüm deyiləm, bəzən bloknotu qabağıma qoyub bilgisayarımdakı kitabları oxumağa başlayıram, ordan da birbaşa ani tərcümə ilə azəri türkcəsində cümlələri kağıza köçürürəm. Keçən günlərdə bloknotumda bir cümlə gördüm, çox xoşuma gəldi. "Kişini illər yox, çata bilmədiyi qadınlar qocaldır". O cümlə belə idi. Çox xoşuma gəldi və gecənin ilk saatlarında bu mesajı dostlara göndərdim. Mənim üçün ən maraqlı məşğuliyyət oxumaq və yazmaqdır, amma yazı yazdığım günlərdə oxuya bilmədiyim kimi, özümü oxuya verdiyim günlərdə də yaza bilmirəm. Fazil Hüsnü Dağlarcanın bir şeiri var: Yeriyərkən düşünə bilmirəm, düşünərkən yeriyə. Gərək ki, belədir, belə olmasa belə mənim yadımda belə qalıb, hər halda bu da Fazil bəyin şeirinin yozumudur, mən o cür qavramışam, deməli, yenə də müəllif Fazil bəyin özüdür. Mənim ümumiyyətlə bizim nəslin ən ciddi problemlərindən biri də çox yazmasıdır, əlbəttə ki, çox yazmaq yaxşı şeydir, lakin bu yazılar gündəm yazılarıdır, çörək pulu qazanmaq üçün olan yazılardır. Dünyada ən çox sevdiyin işlə dolanmaq isə gərək ki, çox yaxşı bir şey olmasın gərək. Bir şeyi də etiraf edim. Mən "çörək pulu" sözünü heç sevmirəm, bu yaxınlarda bloknotumdan Bukovskinin bir cümləsini oxudum, "maaşa çörək pulu deyənlərə maaşları un kimi ödənilməlidir", bax, bu cümləni deyirəm, "çörək pulu" ifadəsini də məhz Bukovskinin sözünü yazmaq üçün işlədirəm. O ki, qaldı "çörək pulu" sözünə. Ən əclaf işləri görənlər məhz "çörək pulu" adı altında görür, bir də "çörək pulu" demək insanın bioloji varlıq olmasını insana xatırladır. Hər nəsə. Çıxmazlara gedirik, qayıdaq həyatın soyuq üzünə, Küçük İsgəndərin şeirlərinə.
   
   İsgəndər Türkiyənin ən mübahisəli şairlərindən biridir, özü "homoseksualist" olduğunu deyir, bu, gerçək də ola bilər, adicə cığallıq da. Amma bizdə şou-aləmində deyilənə görə, xeyli homoseksualist var, hər halda Elton Conun konserti ərəfəsində Flora Kərimova belə demişdi. Flora xanımın bu sözləri deməsindən az sonra Tolik adlı prodüsser dedi ki, mən mavi olduğumu etiraf eləmişəm. Düzdür, mən əvvəl olan etirafı eşitməmişdim, mənim üçün yenilik oldu, düzü, mən o gənci heç tanımıram da. Söhbət Elton Condan düşmüşkən onu da deyim ki, onun gəlməsi ilə Qarabağ probleminin bizim mənafeyimizə uyğun həll olunacağını da deyənlər vardı, bu bəstəkar Faiq Sücəddinov idi, amma budur, artıq Elton Conun gəlişindən bir ay keçir və konsertin təşkilatçısı olan Dövlət Neft Şirkəti də konsertdən 32 min dollar gəlir götürdüyünü də deyib, amma Qarabağ məsələsi hələ də həll olunmayıb. Üstəlik, bu bir ayda jurnalist Hikmət Sabiroğlunun "Qarabağ söhbətləri" kitabı da nəşr olunub, mən Hikmət Sabiroğlunu Azərbaycanın ən yaxşı publisistlərindən sayıram, bu kitabı vərəqlədim, məqalələrin çoxunu da dərc olunanda oxumuşdum, lakin vərəqləmədən sonrakı təəssüratım belə oldu ki, deyəsən, biz Qarabağı qaytara bilməyəcəyik. Çünki Hikmət bəyin kitabı öldürücü pessimizmlə doludur, Hikmət bəy Qarabağdan o qədər yanğıyla danışır ki, sanki o birdəfəlik əldən çıxıb və bir daha qayıtmaq imkanı yoxdur və bu imkan məhv olduğuna, buzlu sularda gömüldüyünə görə bizə düşən yeganə iş ancaq kədərli xatirələrə dalmaqdır. Keçmişdə olan hər şey, hər insan kədərlidir, kədər və əzabla doludur, əlbəttə ki, bu gün o günlər yoxdursa, o insanlar yoxdursa. Dostun, sevgilin indi yanında deyilsə, ümumiyyətlə, bu dünyada yoxdursa o zaman onunla bağlı olan hər bir xatirə-hətta gözəli belə indi sənin üçün kədərlidir, ən yaxşı halda isə üzərinə kədər səpilib.
   
   Artıq ikinci dəfədir ki, İsgəndərdən ayrılıram, bu dəfə də ayrılsam yəqin ki, bir də bu mövzuya qayıtmayacam. Çünki bu yazını indiyənə kimi oxumağa davam edirsinizsə, sizi indiyənə kimi yazının arxasınca apara bilmişəmsə, bir daha geriyə qayıtmağı da yaxşı hal saymıram. Nazım Hikmət demişkən, "geriyə dönməyi sevməm". İsgəndərin şeirləri buz kimidir, türk dilini kifayət qədər yaxşı bilsəm də onun mürəkkəb dil konstruksiyalarında azıb qalıram, amma beynimə əla misralar da keçir, indi o misralardan bir neçəsini yazmaq istəyirəm. "

TƏQVİM / ARXİV