adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AŞiQLiK

ƏBÜLFƏT MƏDƏTOĞLU
31809 | 2007-10-27 11:02
Mən aşiq qəlbiləndi,
   
   Ay doğdu, qəlbiləndi.
   
   Nəyə desən and içim,
   
   Bu qəlb o qəlbinəndi.
   
   
   
   Qadasın alım bu məmləkətin... gözünü yeyim bu millətin, (bəlkə xalqın?!) başdan ayağa məmləkət kimi, millət kimi (bəlkə xalq kimi?!) yaşamalı, kef çəkməli ünvandı, kefinə şərik olmalı, kefinə kef qatmalı millətdi (bəlkə xalqdı?!)...
   
   ... Hə, bu lirik ricəti elə-belə sözgəlişi yazmadım. Çünki sözgəlişi yazmağa qalsa, elə iş otağında telefon zəngləri vasitəsilə eşitdiklərimi yazsam azı üç-dörd qəzetlik material ortaya qoymaq olar. Amma nəyimə lazımdır? Daha doğrusu lazımdır ey, amma sonra o sözlərin sahibləri inciyərlər, narazılıq edərlər, hətta təkzib də tələb edərlər. Və nəticədə ağrımayan başıma dəsmal bağlamış, qan çıxmayan yeri qaşıyıb qan çıxartmış olaram. İlin-günün bu vədəsində zənnimcə heç kimə bunlar heç yerli-dibli lazım deyil. Ən azı ona görə ki, adamlar iş sarı, dolanışıq sarı o qədər problemlərlə, qayğılarla üzləşiblər ki, başlarını qaşımağa vaxtları yoxdur(?!). Zarafat eləmirəm iş xirtdəkdəndir. Nə qədər iş istəsən axtarıb tapa bilərsən. Tapa bilməsən ya kiminsə ayağını tapdalayarsan, ya kiminsə barəsində bir-iki söz yazarsan məhkəmələrimiz, hakimlərimiz sənə babat iş verər, gedib oturarsan rahat işində sayarsan günləri.
   
   Qayıdaq indi aşiqliyimizə. Doğrusu, bizim bu qədər aşiqlik meylimizin, aşiqlik duyğumuzun olduğuna əvvəllər diqqət yetirməmişdim, daha dəqiq desəm, fərqinə varmamışdım. Lakin bu günlərdə tələbə dostlarımdan biri alimlik eşqinə düşmüşdü və Akademiyanın Tarix İnstitutunda böyük-böyük alimlərimiz qarşısında müdafiə edəcəyi namizədlik işinin müdafiəsinə məni də dəvət etmişdi. Təbii ki, kasıbın olanından. Mən də (başqa vaxtlar bəlkə də Qarabağda o güllərin ən böyük dəstinə 20 qəpik qıymazdım) dostumun xətrinə 2 dənə 10 manatlıqdan keçib buket bağlatdım. Qatıldım həmin müdafiə mərasiminə və burda şahidi oldum ki, bu millət (bəlkə də xalq?!) aşiqdi. Diqqətli oxucu yəqin ki, bayaqdan sual, nida işarələrinin sıralanmasına bir maraq göstərir. İndi həmin marağın arxasında dayanan mətləbi sizə söyləyəcəm...
   
   Deməli, belə. Bu günədək görüb eşitmişdim ki, Məcnun Leyliyə aşiqdi və yaxud da əksinə. Kərəm Əsliyə aşiq olduğuna görə dinindən də vaz keçir. Yəni eşq deyilən bir bəla türklər demiş "aşk"dan başlayıb. Mən də görmüşdüm ki, biz evimizi, ailəmizi, elimizi, torpağımızı aşiqanə sevirik. Onu da görmüşdüm ki, bizim özəl eşqimiz, yəni aşkımız hansısa bir xanıma, hansısa bir əşyaya, hansısa bir canlıya, bir sözlə, müxtəlif ünvanlaradır. Amma bizim millətimizə (xalqımıza?!) aşkımızı nə görmüşdüm, nə də eşitmişdim. Həmin müdafiə zamanı bunun səbəbini öyrəndim. Öyrəndim ki, sən demə, hələ bizim ton-ton, yox deyəsən bir az yekə çıxdı, neçə kiloluq cild-cild elmi əsərlər yazmış alimlərimiz bizim millət, yoxsa xalq olduğumuzu sən demə, hələ özləri-özlərinə öyrədə bilməyiblər. Bax, bu səbəbdən biz mağmunlar da qalmışıq xalqla millətin arasında. Birimiz qələmə sarılıb yazırıq Azərbaycan xalqı, o birimiz karandaşın ucunu çərtib iri hərflərlə yazırıq Azərbaycan milləti. İndi gəl baş aç, gəl aşiq ol görüm necə olursan. Ünvan bəlli olmayandan sonra, məqam ortalıqda boy göstərməyəndən sonra, qısası aşiq olacağının adı, soyadı, kimliyi bəlli olmayandan sonra necə sevə bilərsən?
   
   Mən bəlkə də bir az qəliz danışdım, qəliz yazdım. Lakin elə həmin o namizədliyin müdafiəsi zamanı çox hörmətli alimlərimiz bir-birini təkrarlayaraq erməni milləti, erməni milləti deyirdilər. Atam-qardaşım bir regionda, bir coğrafi müstəvidə, bir iqlim qurşağında yaşayan gürcü, erməni milləti olursa, onda biz niyə özümüzü gah millət, gah xalq adlandırırıq. Niyə birdəfəlik həmin o böyük-böyük alimlərimiz qələmə sarılıb demir ki, ay məni eşidənlər, ay məni oxuyanlar, açın qulağınızı, açın gözlərinizi agah olun:
   
   - Bu məmləkətin adı Azərbaycandır. Bu Azərbaycan adlanan məmləkətin sahibi də bir millət olaraq bizik!!!
   
   Mənə elə gəlir ki, bu məsələ çözülməli və həllini tapmalı məsələlərdən ən önəmlisidir. Çünki xalqın formalaşması dövrü çoxdan, özü də lap çoxdan ötüb gedib. Biz keçmişimizi topa tutmadan, gələcəyimizin ətəyini buraxmadan millət olduğumuzu birmənalı şəkildə, özü də aşiqanə şəkildə dərk etməli və dünyaya da həzm etdirməliyik. Yoxsa...
   
   Hə, yoxsa türklər demişkən, mənə irad tuta bilərsiniz ki, bizim aşiqliyimizin çeşidi böyükdür. Mən də bilirəm və sizinlə də razıyam. Həmin o razılığımı da yazılı surətdə etiraf edəcəm. Özü də bu köşənin P.S-də... Yazacam ki:
   
   
   
   P.S. Bizim aşiqlikdən çox aşıqlığımız da var... Allah sazımıza, sözümüzə qüvvət versin.
   
   
   
   P.P.S. Füzuli rəhmətlik demişkən: "Aşiqlik istedadımız" aşıqlığımızın kölgəsində qalır.
   
   
   
   

TƏQVİM / ARXİV