LİMANDA BİR ŞAİR...

VAQİF YUSİFLİ
65225 | 2014-10-04 01:39
O, 1938-ci mayın 26-da Şamaxı şəhərində dünyaya gəldi, 1997-ci il iyunun 11-də Bakıda vəfat etdi. BDU-nun filologiya fakültəsini bitirdi, bir müddət Əli Bayramlı deyilən rayonda müəllim işlədi, sonra radio və televiziya şirkətində redaktor, "Ədəbiyyat və incəsənət" qəzetində-şeir şöbəsində ədəbi işçi, Yazıçılar İttifaqının Ədəbiyyatı Təbliğ bürosunda təlimatçı... vəssalam, iş yerləri haqqında bildiyim budur. Deyə bilmərəm, nədən öldü; xəstəlikdənmi, mənəvi sıxıntılardanmı? Amma lap son illərə qədər sifətində qocalıq, xəstəlik əlaməti görməmişdim. Dost deyildik, amma bir-birimizə hörmətimiz əskik deyildi.

Bir səhər, sən idin,
Bir liman, bir də mən.

Sən getdin, tək qaldıq
Bir liman, bir də mən.

O gündən göy sular
Göy nəğmə oxuyur.
O gündən ürəyim
Limanda uyuyur.

Sən getdin, xatirən
Qəlbimdə oyandı.
Sən getdin, üfüqlər
Həsrətə boylandı.

Bir səhər, bəlkə sən
Limana dönərsən.
Gözlərik yolunu
Bir liman, bir də mən.

Bu, onun şeiri idi. Bu şeirə gözəl bir mahnı bəstələnib, Xalq artisti Mirzə Babayev oxuyurdu və bu mahnı o qədər populyar idi ki, indi də "Sahil" metrosunda - qatarlar dayananda səslənir.
Şeir başdan-ayağa sevgi və həsrət qoxuyur. Dörd bənddə, on altı misrada bu sevgi və həsrətin tarixini oxuya bilərsən. Limanda bir qız, bir oğlan. Qız getdi və oğlan hələ də limanda onun yolunu gözləyir. Gələcəkmi? Ümid var: "Gözlərik yolunu Bir liman, bir də mən". Şeiriyyət baxımından, obrazlı ifadələr müstəvisindən yanaşanda zənginlik görməzsən. "Göy sular göy nəğmə oxuyur... üfüqlər həsrətə boylandı", vəssalam. Amma bu şeir elə ilk misralarından oxucunu özünə cəlb edir və başa çatanda hiss eləmirsən bitdi... Azərbaycan şeirinin bir gözəlliyi də elə bundadır-sadə, təbii, amma son dərəcə səmimi hisslər şeirə çevriləndə nə gözəl olur.
İntizarda saxlamaq istəmirəm sizi. Bu şeirin müəllifi Adil Rəsuldur. Ömrünün son illərində o, Şirvani təxəllüsü ilə də çıxış edirdi-Adil Rəsul Şirvani.
Adil Rəsulun sağlığında səkkiz kitabı çıxmışdı: "Mayak" (1966) ilk kitabıydı. Bir ovuc içinə yerləşirdi, cəmi 22 səhifə. Onun sonrakı kitabları da həcmcə qalın deyildilər (bircə "Qəlbimin fəsilləri"ndən başqa-112 səhifə), qalan altı kitabının heç biri 70 səhifəyə çatmadı. Səbəbi çox sadə idi. Adil Rəsul "məhsuldar" şairlərdən deyildi, az yazırdı, ilhamına və qələminə hörmət edirdi. Amma şairin istedadını kəmiyyət müəyyən eləmir, şeirlərinin bədii dəyəri, obrazlılığı, nə demək istədiyini necə ifadə etməsi müəyyənləşdirir və bu baxımdan yanaşanda Adil Rəsul sözün əsl mənasında ŞAİR idi.
Adil Rəsul "altmışıncılar" ədəbi nəslinə mənsub idi. İlk şeirlərini əllinci illərdə dərc etdirsə də, şair kimi altmışıncı illərdə tanındı və etiraf olundu. Adil Rəsul bütün ömrü boyu özünü xoşbəxt şair hesab edirdi-səbəbi də o idi ki, ona "Azərbaycan gəncləri" qəzetində (1964) Əli Kərim "Uğurlu yol" yazmışdı.
O, Əli Kərimi hədsiz dərəcədə yüksək qiymətləndirirdi və əlbəttə, tamamilə haqlı idi (onu özünə ustad hesab edirdi). Əli Kərimin şeirlərindəki poetik cazibə qüvvəsi, qəfil və gözlənilməz təşbihlər, metaforalar, şəxsiyyətindəki uşaq saflığını xatırladan səmimiyyət və təbiilik onu da məftun etmişdi. Sonralar o, "Əli Kərimin fəlsəfi duyğuları" adlı bir məqalə də yazacaqdı. Deyəcəkdi ki: "O, şeirlərinə oxşayır, şeirləri ona. Onun şeirləri həm də tərcümeyi-halıdır. Şeir Əli Kərim üçün müqəddəs aləmdir. O, bu aləmdən dünyamıza, həyata, bizə baxırmış. Demə çox sirlərini də heç kimə açmazmış. Həmişə bizə bir az şən, bir az məzəli Əli bəzən küsüb-inciyirmiş, bəzən sevinib -gülürmüş, bəzən də mat-məəttəl qalırmış. Bütün bunlara görə də o, maraqlı sənətkardır. Onun taleyi üzündən yox, alnından öpübmüş. Belə sənətkarlar çox az-az olur. Az yaşayırlar, çox yaradırlar. Ömrü boyu düşünüb, düşündürüblər". Əli Kərimə şeir də həsr edib Adil Rəsul. Sonuncu misraları budur: "Bir dostum vardı; Heyf, Yıxıldı erkən - Yaşının otuz yeddisindən. Az yaşadı - Ölümünü gözləmədi - Qarşıladı!" O, Əli Kərimə "Simurqlar" adlı kiçik bir poema da həsr eləmişdi.

Biri vardı,
biri yoxdu
əsrin ortalarından
bir az yuxarıyacan
bir Əli Kərim vardı.
Qiymətindən,
qismətindən uzaqda
özü üçün yaşardı...
Şair kimi
müdrik idi,
bişmiş idi.
İnsan kimi
uşaq idi,
dizdən düşüb gəlmişdi.

Əlli yaşı tamam olanda dostu Fikrət Sadıq "Ədəbiyyat və incəsənət" qəzetində Adil Rəsulu "Dost sözü" ilə təbrik etmişdi. O təbrik-məqalədə Fikrət müəllim Adilin bir neçə şeirinin adını çəkmiş, onları müasir poeziyanın uğurlu nümunələri hesab eləmişdi. Xüsusilə nar həsr olunan şeirlərin adını çəkmişdi: "Mahir rəssam Toğrul kimi nar şəkli çəkirsən".
Adil Rəsulun "Nar"lı şeirləri doğrudan da sözlə rəsm yaratmağın gözəl nümunələri hesab oluna bilər. Baxın;

Köhnə qədim
Qalalara oxşayır nar.
Qala içində
Bir boyda, bir biçimdə
Keşik çəkər
Əsgərlər.
Hər gilə
Durub çiyin-çiyinə
Divara hörülüblər
Elə bil bilə-bilə.
Yaralansa əgər qala
Gilələri odlanar.
Hər əsgər Babək kimi
Öz qanına boyanar.

Bu tipli şeirlər altmışıncı illərin poeziya havasında təzə, təravətli nəfəs kimiydi. Əli Kərimin, Fikrət Qocanın, Fikrət Sadığın, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqif Səmədoğlunun şeirlərində də o təzəlik, sözü diriltmək ecazı, köhnə stereotiplərin qırılması, bədii təsvir vasitələrinin yeniliyi bir az mübaliğə ilə desək, oxucu üçün Kolumbun Amerikanı kəşf etməsi qədər maraqlı görünürdü. Hərçənd ki, altmışıncıların bir sıra şeirləri "eksperimentçilik", "hoqqabazlıq", "minillik Azərbaycan şeirinin ənənələrinə üz çevirmək" kimi də tənqid oxlarına düçar idi.
Adil Rəsulun şeirləri də bu ədəbi nəslin platformasına uyğun gəlirdi. Misal üçün onun "İçərişəhər", "Atlantlar", "Müşfiq nağılı", "Okean", "Natürmort", "Bakıda payız", "Körpə", "Van Qoqa" və s. şeirləri altmış-yetmişinci illərin poetik havasına köklənib. "Qapının ağzındadır Sapsarı payız. Sevənlər evləndilər Yığışıblar bağlardan Küləklər poçtalyon kimi Dolanır ünvanları, Məktubları Sarı-sarı. Havada çoxlu Yarpaq Məktublar uçur Əyrisinə, düzünə" ("Sarı-sarı məktublar").Təbiətə məftunluq, fəsillərin, gülün, çiçəyin, çölün, çəmənin, ağacın, yarpağın vurğunu olmaq... A.Rəsulun bir çox şeirlərinin məziyyətidir. "Yavaş-yavaş, gizli-gizli, sirli-sirli ölür ağaclar... Bahar gəlməyincə bilmək olmur, getmək olmur ölmüş ağacların yasına..." ("Birdən ölmür ağaclar") Ümumiyyətlə, A.Rəsulun şeirlərində təbiət-insan harmoniyası, təbiətdən insana, insandan təbiətə boylanış güclüdür. Budur, söyüdlərə həsr olunan bir şeir:

Adsız məzarlar üstə
Söyüdlər diz çökərlər.
Saçlarını hüznlə
Məzarlara tökərlər.

Söyüdləri görəndə
Anaları anıram.
Mənə elə gəlir ki,
Nə vaxtsa hərb olanda
Söyüdlər balasını
Hərbə yola salıblar.

Keçib illər, fəsillər,
O illərin fəryadı
Ürəklərdə sönməyib,
Söyüdlər sonsuz qalıb,
Söyüdlərin balası
Bir də geri dönməyib.

İndi söyüd görəndə
Bu nağılı anıram.
Söyüdlər-oğlu ölmüş
Analardır sanıram.

Adil Rəsulun şeirlərində nəzərə çarpan məziyyətlərdən biri də obraz yaratmaq bacarığıydı. Onun ithaf şeirlərində bunu aydın görmək olur. Çox şair ithaf şeirlərində tərif deməyi, haqqında söz açdığı insanın məziyyətlərini sadalamağı üstün tutur və beləliklə, şeir olur mədhnamə. Amma Adil Rəsulun "İthaf şeirləri"ndə bunu görmürük, obraz yaratmaq cəhdini hiss edirik. Budur, Flora Kərimova haqqında: "Oturub ekranın bir bucağında Ürəyi pıçıldar dil-dodağında". Tofiq Bayram haqqında: "Tofiqin öz yeri vardı şəhərdə - Tofiqsiz Bakının ləzzəti yoxdur". Müşfiq haqqında: Özün getdin, sözün qaldı, Dindi elin tarı sənsiz. Bir həyatın ömür yolu Yarı sənli, yarı sənsiz. İlham gəlir yenə coşa, Müşfiq, doldun yaşdan-yaşa. O qapqara saça, qaşa İllər səpir qarı sənsiz". Hüseyn Arif haqqında: "Narahat qartalsan dağda, aranda, Yollara baxmaqdan cana dolmusan. Bir ata qəlbiylə yaşamaq çətin, Üstəlik kövrəlib ana olmusan". Nəhayət, ən yaxşı ithaf şeiri: "Rəsul Rzanın xatirəsi".

Dünyaya qoca gəlmişdi
Rəsul Rza.
Heç vaxt uşaq olmamışdı
Rəsul Rza.
Görmüşdü dünyanın
O üzünü də, bu üzünü də.
Gəlməmişdi dünyanı
Elə-belə gəzməyə, gəlmişdi insanlara
Gizli, aşkara
Acılı, şirinli söz deyə -
Rəsul Rza.
Əslindən, nəslindən idi
Nəsiminin, Füzulinin, Sabirin.
Onlardan gəlmə idi,
Çıxıb getdi,
Onların yanında da
Salsın yerini
Rəsul Rza.

Bu yazıda Adil Rəsulun digər şeirlərindən, kiçik hekayələrindən, publisistik yazılarından da söhbət aça bilərdim. Onun ölümündən sonra çap olunan "Limanda" kitabında haqqında söhbət açmadığım çoxlu şeirləri və digər janrlarda yazıları toplanıb. Oxucular mənim söz açmadığım yazıları o kitabda axtarıb taparlar. Kitabın sonunda Adil Rəsulun ən yaxın dostlarının - Fikrət Sadığın, Vaqif Nəsibin, Ramiz Məmmədzadənin onun ölümünədən təsirlənərək, sarsılaraq yazdıqları şeir-ağılar da təqdim edilir. Fikrət Sadığın "Şair Adil Rəsul üçün ağı" şeirindən bu sətirlərlə yazıma da nöqtə qoyuram:

Məzarına baş çəkdim, gördüm
Torpaq altında,
dünya qeydindən azad
Uyumusan səssiz-səmirsiz,
Səni oyatmamaqçın
Barmaqlarımın ucunda
Gəldim üsul-üsul
Adil Rəsul.

Qəm yemə,
övladların var,
dostların var.
Dillər əzbəri nəğmələrin var,
Bunlar səni yaşadır.
Yaxşı elədin ki, az yazdın
Şeir yonca deyil ki,
Hər il verə məhsul.

Kimsə deyib,
Şair məzarına baş çəkəndə
Susun! Susun!
Mən də gəldim, durdum, susdum...

TƏQVİM / ARXİV