adalet.az header logo
  • Bakı 20°C

SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
31059 | 2014-10-04 01:37
Maraqlı xatirələrlə dolu unudulmaz tələbəlik illəri quş kimi uçdu. Beş il birlikdə deyib-gülən, qayğılanan tələbə dostların səsi müxtəlif nəşrlərdən, redaksiyalardan, radio-televiziyadan gəldi.
Mənim təyinatım isə ləngiyirdi. Nurəddin müəllim söz vermişdi. Mən də gözləyirdim. Hiss edirdim ki, məni Bakıda saxlamağa, respublika qəzetlərindən birində işə düzəltməyə çalışır. Bu, o vaxtlar çox çətin idi. Mən Nurəddin müəllimə inanırdım, güvənirdim. Tanınmış jurnalist, gözəl qələm sahibi, maraqlı oçerklər müəllifi, həm də əsil müəllim, qayğıkeş insan idi Nurəddin Babayev. Xatirimi çox istəyirdi. Müəllimimin mənə rəğbətini 3-cü kursdan, ixtisas fənnindən dərs deyən vaxtdan hiss etmişdim. Qrupumuzla ilk görüşündə bizimlə açıq söhbət edib demişdi: "Bu günədək mən sizin heç birinizi tanımamışam. Burada qohumum, yaxınım yoxdur. Müəyyən vaxtdan sonra isə olacaq. Yadınızda saxlayın: kim jurnalist sənətinə hörmətlə yanaşsa, bunu öz qələmi ilə sübut etsə, mətbuatda yazıları ilə çıxış etsə, mən həmkarım, qələm dostum kimi ona hörmət bəsləyəcəyəm".
Nurəddin müəllim sözünün üstündə möhkəm durdu. Bizə sənətin sirlərini, yazı mədəniyyətini öyrətdi. Sonra müxtəlif mövzularda yazılar tapşırdı. Kurs işim xoşuna gəldi. Sonra diplom rəhbərim oldu. Neft daşlarından bəhs edən "İnsan və dəniz" oçerkimə diplom işi kimi əla qiymət verdi. Onun köməyilə mətbuata ayaq açdım, yazılarım dərc olundu, efirdən səsim gəldi. Qonorarım - müəllif haqqım əlaçılıq təqaüdümdən çox olurdu. Əməlli-başlı dolanırdım, daha evdən pul almırdım.
1962-ci ilin iyununda Nurəddin müəllim məni "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru Cəmil Əlibəyovun yanına apardı. Söhbəti qısa, konkret oldu. "Cəmil müəllim, dediyim tələbə budur. Məsləhət görürəm sizdə işləsin". Baş redaktor razılıq verdi...
Sevincək rayona - evimizə gəlib anama dedim. O, başını bulayıb etiraz etdi: "Bakıda necə qalarıq, ev yox, həyət yox. Başına dönüm, elə burada işlə".
O vaxt rayon qəzetləri ləğv olunmuş, əvəzində rayonlararası qəzetlər yaranmışdı. Salyan, Neftçala, Astraxanbazar (indiki Cəlilabad) və Puşkin (indiki Biləsuvar) rayonlarını əhatə edən "Məhsul" qəzeti işə başlamışdı. Redaktor H.Əzizov məni Salyan rayonu üzrə xüsusi müxbir təyin etdi.
Hələ orta məktəbdə oxuyanda özümə söz vermişdim ki, ali təhsil alıb işə başlayan kimi anamı işləməyə qoymayacağam. Belə də etdim.
Maaşımı anama verirdim. Məvacibim 80 manat (rubl) idi. Subaylıq və gəlir vergilərini çıxandan sonra 69 manat 40 qəpik pul qalırdı. Redaksiyada zarafatla deyirdilər ki, gərək evlənib subaylıq vergisindən qurtulasan. Bu maaşla nəinki evlənmək, heç dolanmaq olmurdu.
Nurəddin müəllim həmişə bizə deyərdi ki, qələmi olan jurnalist ac qalmaz. Bənna daşdan, jurnalist qələmdən pul çıxarar. Belə də etdim. Redaksiyalarla əlaqə saxladım, "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi" qəzetlərində, "Kənd həyatı", "Azərbaycan qadını", "Kirpi" jurnallarında yazılarım dərc olundu. Nəriman müəllim "Kommunist" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri idi. Yazılarım xoşuna gəlirdi. Deyirdi ki, Salyana, Neftçalaya, Puşkinə (Biləsuvar), Astraxanbazara (Cəlilabad) müxbir göndərmirəm, sənə arxayınam. Mən də müəllimimin etimadını doğruldur, onun tapşırığı ilə qonşu rayonlara da gedirdim. O vaxt respublikada birinci qəzet sayılan "Kommunist"in statdankənar müxbiri kimi hər ay yaxşı qonorar alırdım. Azərbaycan radiosunun efirindən tez-tez səsim gəlirdi. Mən informasiyanı, müxbir söhbətini, reportajı hadisə yerindən, Hacı müəllim demişkən, "isti-isti" efirə ötürməyi hələ tələbə ikən öyrənmişdim...
Yazdıqca təcrübəm artır, respublika mətbuatında imzam tanınır, rayonda sayılıb-seçilirdim. Mənə komsomolun birinci katibi vəzifəsi təklif edilmişdi. Anamla məsləhətləşdim. Biləndə ki, işim çox, yazmağa vaxtım az olacaq, Bakıdan qonorar ala bilməyəcəyəm, başını buladı: "Öz işin yaxşıdır. Allaha şükür, yaxşı dolanırıq".
Anam haqlı idli. Redaksiya Salyandan köçəndən sonra daha sərbəst olmuşdum. Xüsusi müxbir kimi iş saatım yox, yazmağa vaxtım çox idi. Hər ay Bakıdan - redaksiyalardan, radiodan xeyli qonorar alırdım. Bu öz maaşımdan 3-4 dəfə çox olurdu. Sevinirdim ki, anam işimdən, qazancımdan razıdır. Sər-sahman, həyət-baca düzəltmişdim, hələ tələbə ikən satdığımız ata evinin əvəzinə təzəsini tikdirmişdim...

***
"Xoşbəxt o adamdır ki, ev-
dən işinə tələsir, işdən evinə".

Nazim Hikmət

V

Subay vaxtı zarafatla deyirdik ki, evlənmək üçün hər şeydən əvvəl ev lazımdır. Ev olandan sonra qalır "lənmək", onu da ləngitmək olmaz. Mən isə ləngiyirdim, 28-i haqlayırdım. Anam, xalam, qohumlar bu barədə tez-tez söz salırdılar. Lakin onların seçimləri ürəyimcə deyildi. Bakıya gəlib tələbə dostum İlyasla görüşdüm. O, mənə diqqətlə qulaq asıb sevincək: "Dilarə əla qızdır, - dedi, - özün yaxşı bilirsən, beş il bir oxumuşuq. Əgər mənim fikrimi bilmək istəyirsənsə, deyirəm: əla!"
Dilarə ilə görüşüb anasının razılığını alandan sonar elçi göndərdim. Dünyagörmüş, ağsaqqal Allahverən əmim Bakıdan Salyana qayıdan kimi anamla məni təbrik etdi: "Xoşum gəldi, yaxşı ailədir. Mübarək olsun!" Anam xeyir-dua verdi.
Toyumuzu elədik. Dilarə Salyana, evimizə gəlin gəldi. Bir müddət sonra Bakıya köçdük. Qayğıkeş Hacı müəllimin köməyi, rəhmətlik Ənvər Əlibəylinin əmri ilə Azərbaycan radiosunun təbliğat redaksiyasına redaktor təyin edildim. İki il sonra respublika televiziyası gənclər redaksiyasının böyük redaktoru - şöbə müdiri vəzifəsinə irəli çəkildim.
1967-ci il oktyabrın 25-də qızım oldu. Mənə atalıq sevinci bəxş edən ilk övladıma Züleyxa nənəmin adını qoydum. Ayağı yüngül oldu. 1968-ci il noyabrın 17-də oğlum dünyaya gəldi. Atamın şərəfinə adını Atanur qoydum. Sevincimin həddi-hüdudu yox idi. Nənə olmuş anam nəvələrinin başına fırlanır, "gəlinimin ayağı xeyirlidir", - deyib Dilarədən razılıq edirdi.
Bakıda üç il işlədim. Ailə həyatım kimi işim də uğurlu oldu. O vaxt respublikanın yüksək mükafatı sayılan Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" ilə təltif edildim. Moskvada və Leninqradda yaradıcılıq ezamiyyətlərində oldum.
Görkəmli yazıcı-jurnalist Nahid Hacızadə "Yada düşdü" kitabında birlikdə işlədiyimiz unudulmaz çağları xatırlayaraq yazır: "Yaşımızın, ömrümüzün gözəl günləri idi. Ürək-ürəyə verib işləyirdik. "Gənclər" redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi. Bir müəllif kimi Əlövsətin bilavasitə özünün hazırladığı həftəlik "Səhər" verilişi geniş populyarlıq qazandı. SSRİ Televiziya və Radio Verilişlrəi Komitəsinin orqanı olan "Radio i televideniye" jurnalı bu proqram haqqında bir qoşa səhifə reportaj dərc elədi. Respublika qəzetləri, jurnalları, xüsusilə də gənclər mətbuatı redaksiyanın ayrı-ayrı verilişləri haqqında müntəzəm olaraq materiallar verirdi. Bu, əlbəttə, ilk növbədə şöbə müdirinin adı ilə bağlı idi.
Bir əhvalat yadıma düşür. 1969-cu il idi. Bakıya bərk qar yağmışdı - axşamdan səhərəcən. Yollar buz bağlamışdı. Nəqliyyat işləmirdi. Gediş-gəliş büsbütün kəsilmişdi. O zaman televiziyada verilişlər efirə canlı gedirdi. "Səhər" proqramının növbəti verilişinin ssenarisini Əlövsət yazmalıydı. O, şəhərdən aralıda - Xırdalanda yaşayırdı. Səhər pəncərədən baxanda gördüm ki, qar qurşağa çıxır. Fikirləşdim ki, belə havada o, heç cür işə gələ bilməz. Mənim yolum isə o qədər də uzaq deyildi. Özümü birtəhər televiziyaya çatdırdım. Çırpınırdım: "Bir saatlıq verilişi necə yola verəcəyəm?"
Əlimin altında elə bir material da yox idi. Özümü ora-bura vurub, bir-iki süjet hazırladım. Necə deyərlər, bununla yara sağalan deyildi. Qar da ara vermədən yağırdı. Studiya suyu sovrulmuş dəyirmana bənzəyirdi. Bir də gördüm ki, qapı açıldı. Gələn Əlövsət idi. Gözlərimə inana bilmirdim. Soruşdum: "Necə gəlib çıxdın bu qədər yolu?" "Gəlməyə bilərəmmi?" - dedi.
Verilişin ssenarisi hazır idi. Elə bil üstümdən dağ götürüldü...
Bir yerdə işlədiyimiz müddətdə belə hadisələr dəfələrlə olmuşdu. O, hər dəfə də mənim gözümdə böyüyür, ucalırdı...
Günlərin birində biz ayrılmalı olduq. Mərkəzi Komitə onu Cəlilabad rayon qəzetinə redaktor göndərməyi qərara almışdı. Bu, ürəyindən idi, sevinirdi. Bu sevincin əsas səbəbi anası ilə bağlı idi. Özünün dediyinə görə, anası burada - şəhərdə "daş evə" sığmırdı, ürəyi genişlik istəyirdi. Əlövsət də kirpiyi ilə od götürə-götürə gözünün ağı-qarası olan tək oğlunu aclığın, dərd-bəlanın əlindən alıb, bu günə çatdıran anasının istəyilə yenə də Bakını qoyub, rayona işləməyə gedirdi".
Cəlilabada köçdük. Dərhal işə başladım. Hiss etdim ki, dedi-qodu, intriqa yaradıcı kollektivi iflic vəziyyətinə salıb. Keçmiş redaktor da intriqanın "qurbanı" olub. Əlbəttə, belə bir kollektivlə işi yenidən qurmaq çətin idi. Bu ağır işdə mənim ən yaxın köməkçim Dilarə oldu. Universiteti qurtaran gündən "Abşeron" qəzetində işləmişdi. Həm təcrübəsi var idi, həm də gözəl qələmi. Mənim də müəyyən təcrübəm var idi. "Məhsul" qəzetinin xüsusi müxbiri işləyəndən sonra Salyanda "Qələbə" qəzetində redaktor müavini olmuşdum. Təcrübəli redaktor, xüsusilə qəzetin tərtibatını yaxşı bilən Mahmud Ağalarovdan "dərs almışdım". O, məzuniyyətdə, ezamiyyətdə olanda sərbəst qəzet buraxmışdım. Beləliklə, əvvəlki təcrübəmiz və bir yerdə çalışmağımız öz bəhrəsini verdi: əvvəl "Taxılçı", sonra "Yeni gün" adlanan Cəlilabad rayon qəzeti nəinki Azərbaycanda, hətta keçmiş Sovetlər İttifaqında tanındı, SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçün təsis etdiyi mükafata layiq görüldü. Sonra mən felyetonlarıma və tənqidi yazılarıma görə SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı oldum və idarə heyətinin şəhər-rayon qəzetləri üzrə bürosunun üzvü seçildim. Jurnalistlər İttifaqının xətti ilə keçmiş SSRİ-nin görməli yerlərində, xarici ölkələrdə (Bolqarıstan, İngiltərə, Portuqaliya, Fransa) oldum.

(ardı gələn şənbə
sayımızda )

TƏQVİM / ARXİV