adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

CEZV MƏQAMI

MƏMMƏD DƏMİRÇİOĞLU
39104 | 2014-10-04 01:34
"Oda" adlandırdığımız bu iri, geniş mənzilin içi sevdalı aşiqlərlə dolmuşdu. Məclisdə əyləşənlərin bir qismi avaz-avaza verib cənnət bülbülləri kimi oxuyan kamili-mürşüdlərin, havalı müridlərin, divanə dərvişlərin səsinə səs verərək oxuyurdular. Həyətdə düzülmüş iri samovarları qaynadan gənc müridlər, əllərində tutduqları mis sinilərin içinə düzülmüş armudu stəkanları məxməri çayla doldurur, böyük ehtiramla əyləşən qonaqların qarşısına düzərək, təzim edə-edə geri qayıdırdılar.
Məclisdə yaranan ilahi abu-hava anbaan canlanır, arası kəsilmədən bir qəzəli başqa bir qəzəl əvəz edirdi.

Ey çərxi-sitəmkari, pərişan olacaqsan,
Viran elədin varımı, viran olacaqsan.
Əlhəmdü ki, meyxanədə gördüm səni zahid,
Şükr eylədim Allaha, müsəlman olacaqsan...

Xoş avazla oxunan mövlüdün ilahi sehrinə düşən məclis əhlinin çılğınlığı, coşqusu getdikcə artmağa başlayır, eşq ilə coşan könüllər bu fənafillahdan ayrılıb üzü həqiqətə uçunurdular.
Sol tərəfdə cərgələnmiş qadın müridlər könülləri riqqətə gətirən bu ilahi nəğmələrin sehrinə düşərək, oxunan qəzəlləri dodaqaltı pıçıldayır, səslənən ritmlərin avazına uyğun olaraq pərvazlanırdılar.

Cahan içrə şah edər,
Qəlblər üzrə mah edər,
Basili Allah edər-
Lə-iləhə-illallah.
Lə-iləhə-illallah.

Qəlbindən silər pası,
Haq yola sürər nası.
Nərm edər qəlbi kası-
Lə-iləhə-illallah.
Lə-iləhə-illallah...

Məclisin başında əyləşmiş mürşidi övliyalar bir bayatıdan digər bayatıya elə ustalıqla adlayır, ritmdən ritmə elə keçidlər edirdilər ki, oxunan mövlidi-şəriflə məclis arasında pozulmaz vəhdət, ilahi bir harmoniya bərqərar olurdu.

Şol cənnətin irmaqları,
Akar Allah deyu-deyu,
Çıkmış İslam bülbülləri
Ötər Allah deyu-deyu.

Aydan aydındı yüzləri,
Şəkərdən tamlı sözləri.
Cənnətin huri qızları
Gəzər Allah deyu-deyu g

Yunus Əmrəm var yanına,
Qoyma bu günü yarına,
Yarın Haqqın divanına,
Varım Allah deyu-deyu.
Mövlüdü-şərifin sonluğunda yenə araya sükut hakim kəsildi. Hacı Mahmud Əfəndi əllərini gümüşü saqqalına çəkərək, bir daha sükutu pozdu". Allah, Allah " deyərək, Peyğəmbərimizin gül camalına yenidən bir salavat cevirib, qarşısında qoyulmuş, əlvan qotazlar, parlaq muncuqlarla bəzədilmiş dördkünc tənəkəni əlinə götürdü, barmaqlarının ucları ilə vuraraq ilahi bir şövq, xüsusi bir məharətlə ritm tutmağa başladı. O, qəzəlləri oxuyarkən biixtiyar gözləri qapanır, özü ilə bərabər bütün məclisi də müqəddəs bir məkana aparırdı. Əlində rəqs edən qotazlı tənəkəni barmaqlarının ucu ilə səsləndirərək, könülləri riqqətə gətirən məlahətli səsiylə meyxanənin ilk beytlərini dilə gətirib, mürşidi - kamili, Pir həzrətləri - Mir Həmzə Seyid Nigarinin məşhur qəzəlini oxumağa başladı:

Könlümdə gəzər, ləli-gövhər barı Muhəmməd,
Ta zahir olur löyleyi-əsrari Muhəmməd.

Sihət bulur işşadi mərəzdari ləbindən,
Peymaneyi-candır ləbi-gülnari-Muhəmməd,

Bir xoş düşün ey talibi-sərçeşmeyi heyvan,
Gör kim nə rəvanbəxşdir əfnari Muhəmməd...

Əjdər demə, gəncineyi-əsrari xudadan,
Sərtabeqədəm türreyi-tərrari-Muhəmməd...

Bu dəfə əllərində tutduqları bəzəkli dəmir qutuları eyhamla səsləndirən müridlər də bu övliya həzrətlərinin oxuduğu ilahi şərqilərə qoşularaq, qumrov avazlarıyla onun səsinə səs verdilər:

Nə əcəb dövlət imiş, seyri-şikari-Qarabağ
Nə gözəl nemət imiş, söhbəti-yari -Qarabağ
Rəşk müşkü ənbər imiş buyi-qubari-Qarabağ
Abuheyvan imiş ənhari-pünari-Qarabağ.
Aləmi-cənnət imiş qari-diyari -Qarabağ,
İmdi bildim nə aliş vəsvi-həzari-Qarabağ.
Yeridir kim, çəkərəm ahu-zarı-Qarabağ,
Dağlayıbdır bəni bir lalə-üzari-Qarabağ,
Yandırıbdır bəni bir naru-Nigari-Qarabağ...

Məclisdə yaranan canlanma yerində oynayan müridləri rahat qoymadı. Əlindəki tənəkə qutunu oturduğu yerə qoyan Taylı Nəsib məclisin ortasında düzənlənmiş, kilim və keçələr döşənmiş meydana çıxdı. O əllərini yanına salaraq gah sağ, gah da sol ayaqları üstündə yırğalanaraq məclisin ortasında dolanmağa, sonra isə qollarının birini yana, birini isə yuxarı qaldıraraq fırlanmağa başladı. Başını yuxarı qalxan qoluna söykəmiş Taylı Nəsib sanki bu dünyadan başqa bir dünyaya qanadlanırmış kimi firlana-fırlana məclisin ortasında dövrə vurur, ilahi bir məkana qovuşmağa can atırdı.
Taylı Nəsibin halından şövqə gələn Haşım baba, onun ardınca Cındır Osman, Dəli Cəfər, Yel Əhməd də meydana çıxdılar. Oynayan müridlər şam işığına hərlənən pərvanələr misalı əllərini gah yana açır, gah da yuxarı qaldıraraq bir ayaqları üstündə fırlanır, hərdən cezv məqamına yetib "Yahu! Yahu! Yahu", hərdən də "Allah! Allah! Allah" deyə-deyə daha da sürətlə fırlanmağa başlayırdılar.
İlahi nəğmələr avazdan -avaza, qəzəldən-qəzələ qanadlanır, eşq pərvanələri bir-birini əvəz edirdi. Hürmələk nənə bir əlini digər əlinin üstünə vurur, ritmə uygun olaraq oynayan müridlərin halını özündə yaşayırdı.
Səs-səsə verib oxuyan müridlər növbəylə bəzəkli tənəkə qutuları bir-birinə ötürə-ötürə rəqs meydanına çıxır, tər-suya qərq olub yorulanlar yenidən bardaş qurub oxunan ilahi nəğmələrə qoşulurdular. Başda oturmuş mürşidi-kamillər artıq bir neçə saatdır ki, oxuduqları ilahi qəzəllərin cezvində bulunub, gözlərini açmadan bir qəzəldən digərinə keçirdilər.
Rəqs edənlərin "Ya Allah, ya Allah"yahuları, meyxana oxuyanların al-əlvan səsləri, hərdən nazik səslə zilə qalxan müridlərin avazları damarlarda qanı coşdurur, ürəklər qəfəsə salınmış quşlar kimi çırpınır, can evindən perikmiş ruhlar yer üzündən göy üzünə havalanırdılar.
Bu anlarda "Allah, Allah, Allah" deyib cezv məqamına düşən Taylı Nəsib ayağındakı bəzəkli corabı çıxarıb fırlana- fırlana pəncərənin yanındakı yanar sobaya yaxınlaşdı. İçi tez-tez odunla dolan sobanın ustü qıpqırmızı qızarmışdı. Taylı Nəsibin ruhu artıq cismini tərk etmişdi.

Dərdi-möhnətin, ey sənəm, sənəm,
Eşq ilə çəkən bir mənəm, mənəm.
Ari-varını, ruhi-mehirdə,
Tarümar edən, bir mənəm, mənəm.

Çəkmişəm cəfa, eylə bir vəfa,
Səndə əl, əta, can sənə fəda.
Rahi-mehirdə zari-binəva,
Tarükül vətən bir mənəm, mənəm...

Taylı Nəsibi cezvə gətirən bu qəzəlı, o özü daha fərqli bir səslə ucadan oxuya-oxuya köz kimi qızarmış odlu sobaya yaxınlaşdı. Fırlana-fırlana ayaq yalın sobanın üstünə tullandı. Heyrət içində çaş-baş qalan meyxanə əhlinin bir qismi inanılması mümkün olmayan bu heyrətamiz mənzərəyə öz gözləriylə tamaşa edir, cezv halında oxuyanlar, oynayanlar isə öz aləmlərində idilər. Taylı Nəsib cezv məqamında qaynayan samavarı başından tökməklə, qışda buz bağlamış suya girib tərləməklə bu möcüzələri sübuta yetirmiş kəramətli müridlərindən biri idi Hacı Mahmud Əfəndinin. Bu doğrudan da bir həqiqət idi. O, köz kimi qızarmış dəmir sobanın üstündə bir neçə dəfə dövrə vuraraq, eyni cəldliklə yerə tullandı. Yenə də davamlı olaraq əllərini yana açıb bir istiqamətə firlanmağa başladı. Heyrətdən yerində donub Taylı Nəsibin bu halına tamaşa edənlər onun ayaqlarının yandığını zənn edib, dayanmadan onun daha da eşqlə oynamasına mat qalmışdılar.
Gecə yarıdan ötmüşdü. Sehrikar nəğmələriylə İsaq-Musaq Quşlarının nəğmələrini ovsunlayan Ulu Tanrı sevdalıları, qaranlıq gecənin ortasında heyran-heyran bu mənzərəni seyr edən ayın camalı, İncə dərəsinin zulmətə qərq olmuş qucağından göy üzünə nur yayan Hacı Məahmud əfəndi ocağı bu gecə dünyanın ən diri məkanına qovuşmuşdug
İlahi eşq ilə qaynayıb coşan meyxanaya ara verən Hacç Mahmud Əfəndi məclis əhlinə fasilə etməyə, çay süfrəsinin açılmasına izin verdi.
Adət üzrə bu fasilədən sonra meyxana davam etməli, bu dəfə qadın müridlər Allah eşqiylə alışıb-yanan mələk xanımlar rəqs etməli, yerdə qalan müridlər isə ilahilər oxuya-oxuya zikr etməli idilər.
Bir azdan süfrələr yığıldı, mövlüd məclisi yeni bir şövdlə davam etməyə başladı. Bu dəfə Hacı Mahmud Əfəndi təriqət qardaşları Seyid Yasin Əfəndi, Hacı Mustafa Əfəndiylə birlikdə məclisi tərk etmişdilər. Onlar başqa hücrədə namaza oturaraq zikr məqamına qovuşmuşdular.
Haşım baba, Cındır Osmanla qoşalaşıb, yeni bir şövqlə oxumağa başladı. Qara geyimli nənələr, ağzı yaşmaqlı analar, Allahın dərgahı adlanan uca məqama qovuşmaq eşqiylə alışıb-yanan məleykə xanımlar meydana çıxıb bu səma rəqsini davam etdirərək əlləri yuxarı fırlana-fırlana məclisin ritminə şux bir rövnəq gətirdilər. Bu müqəddəs pərvanələrin içində Hürmələk nənə cazibəli oyunu, yaşının çox olmasına rəğmən, çevik rəqsiylə məclisin ortasında işıqlı çevrələr çıza-cıza sanki səmaya ucalırdı.
Xanım müridlərdən də eyni halı yaşayıb "Allah, Allah, Allah!" - deyə-deyə qəşş edənləri var idi. Onları bir yana çəkib üzlərinə su səpərək öz hallarına qaytarırdılar.
Hürmələk nənə cezv məqamına Allahı zikr etməklə qərq olmuşdu. O artıq ətrafda baş verənləri görmür, mələk ruhuna qoşulub, İlahi bir məkana uçub getmişdi. Tanrı dərgahında məst olub, öz pıçıltılarıyla Allahı zikr edir, uca yaradanın müqəddəs nəfəsini duyaraq Abu-kövsər suyu kimi durulur, könül dünyası Cənnət baxçası kimi gülə-gülşənə boyanırdı...
(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV