Biz niyə sevməyək bir-birimizi...

FAİQ QİSMƏTOĞLU
128145 | 2014-10-04 01:31
Bu misra böyük şair, başdan-ayağa nurla, işıqla və sevgi ilə dolu olan Zəlimxan Yaquba məxsusdur. O, böyük şair olmaqla böyük də insandır və vətənpərvər ziyalıdır. Şeirinin hər misrasından, hər sözündən bal damır. O bal ki, heç də hər şairin şeirlərində hiss olunmur...
Gərək insan həmişə bir iş görəndə başqasından halallıq alsın. Mən də bu misralara görə böyük şairdən halallıq istəyirəm. Bir dəfə onun barəsində bir yazı yazmışdım: "Bu dağlar ölməyəcək". Qələmə aldığım yazı şairə təsir eləmişdi və telefon açıb mənimlə xeyli danışdı. Dedi ki, sənin barəndə o qədər də məlumatım yox idi. Tofiq Abdindən (Allah rəhmət eləsin) öyrəndim sənin nömrəni. O qədər mənim haqqımda yazı yazıblar ki, hamısı da yaddaşıma hopub. Amma sənin qələmə aldığın bu yazı tamamilə fərqli və qeyri-adi bir formada qələmə alınıb.
O vaxtdan bəri bir neçə dəfə bu böyük şairlə xeyir-şərdə görüşmüşəm. Hər dəfə də qeyri-adi səmimiyyətinin və böyüklüyünün şahidi olmuşam. Şahidi olmuşam ki, o nə qədər ucalığa qalxsa da insanlarla bir o qədər sadə və səmimidir. Elə bil bir qədər mətləbdən uzaq düşdük. Bir daha şairə can sağlığı və Allahdan şəfa diləyib ipucu olaraq mövzuya keçirik...
Sanki biz insanlar bir-birimizə xoş söz deməyə canımız çıxır. Elə ancaq çalışırıq ki, fürsət düşən kimi başqasının kəndirini kəsək. Axı kəndir kəsmək dədə-babadan bizdə adətdir. Hətta nağıllarımızda qardaşları Məlikməmmədi quyuya sallayırlar və sonra da kəndirini kəsirlər. Eləcə də Yusif peyğəmbəri də ögey qardaşları atalarına qısqandığına görə quyuya salır və kəndirini kəsirlər...
Beləcə, bir-birimizi ancaq yıxmaq haqqında və badalaq vurmaq barəsində düşünmüşük. Fikirləşməmişik ki, kiməsə pislik eləyiriksə, ayağının altını qazırıqsa, qeybətini qırırıqsa nə vaxtsa bu əməllərimiz qabağımıza çıxacaq. Qocalanda, yaşlaşanda, bir ağır faciə baş verəndə kimsə barmağını dişləyir və öz günahlarının qabağına çıxdığını görür.
Biz həmişə bir-birimizə qənim kəsilmişik. Ancaq bir əcnəbi, bir yadelli görən kimi onun ayağı altına xalça atırıq, gəbə döşəyirik və dəridən-qabıqdan çıxırıq. Əcnəbi də görür ki, bizim millətin bir-birindən zəhləsi gedir, o da başlayır bir-birindən zəhləsi gedən millətin nəyi varsa əlindən almağa. Bu millət onda oyanır ki, baho, nə boyda bir səhv eləyib. Arxasını öz doğmasına, əzizinə söykəmək əvəzinə gedib söykəyir bir əcnəbiyə. Bu əcnəbi də imkan olanda onun başını pambıqla kəsib.
Atalar deyib ki, ev danasından öküz olmaz. Bilmirəm bunu nə üçün deyiblər, amma bir o həqiqəti anlayıram ki, hətta doğma rayonunda belə kənardan gələn adamlara səndən çox sevgi və məhəbbət göstərirlər. Bəlkə də bunu camaat qorxusundan eləyir. Çünki qıraqdan gələn adam vəzifə tutubsa və orda işləyirsə, istər-istəməz heç nə fikirləşmədən onun sözündən çıxanın dərisinə saman təpər.
Vaxtilə bizim rayonda bir milis şöbəsinin rəisi vardı - Dadaşov. Kəsmədiyi, pislik eləmədiyi adam qalmamışdı. Birinin cibinə nəşə atdırır, birinin evinə silah qoydurur, sonra da məhşər ayağına çəkirdi. İstədiyini alandan sonra həmin adamlardan əl çəkirdi. Rayonda insanlar katibdən, prokurordan, hakimdən deyil, ancaq milis rəisindən qorxurdu. Lakin onu da yerində oturdan ağayana, sanballı kişilər vardı. Çünki yoldaş Dadaşov rayonda o qədər at oynadırdı ki, buna o sanballı kişilər dözə bilmirdi və günlərin bir günündə də onun dalına vedrə bağlayıb rayondan qovdular.
Böyük bir rayonda rəis olan həmin adam Bakıda şöbələrin birində serjantın çalışdığı vəzifədə işləyirdi. Yəni itlərə baxırda. Camaat ona o qədər qarğış eləmişdi ki, rayondan çıxandan sonra işləri də düz gətirmirdi. Günlərin birində də harasa gedəndə avtomobil qəzasına düşdü və dünyasını dəyişdi. Deyirlər ki, ölümə sevinmək olmaz. Heç biz də ölümə sevinmirik. Çünki Allahın yaratdığı bəndə bir gün də onun dərgahına qovuşur. Amma Dadaşovun ölümünə çoxları sevindi. Ona görə ki, o, çox anaları ağlar qoymuşdu, çox insanların qəlbinə yara vurmuşdu. Bu da sonu...
Axı biz sevgidən danışırdıq, bir-birimizə olan duyğulardan söhbət açırdıq. Bəzən heç nəyə məhəl qoymadan və ağına-bozuna baxmadan bir təmiz adam haqqında ağzımıza gələni danışırıq, olmazın şər-böhtanını ona yağdırırıq. Amma Allahımızdan qorxmuruq. Qorxmuruq ki, sevgi cəhənnəm, təmiz və namuslu adamlara şəbədə qoşduğumuz üçün nə vaxtsa onun altını çəkə bilərik.
Göylər dupduru, çəmənlər yamyaşıl, bulaqlar bumbuz, çiçəklər min bir ətirli... Bundan gözəl nə ola bilər?! Bu yer də, göy də Allah-Təala tərəfindən biz insanlar üçün yaradılıb. Yerlərə güldən-çiçəkdən xalılar döşənib. Gül-gülü çağırır, bül-bülbülü. Bu gözəllikləri, bu şirinlikləri və bu qeyri-adi mənzərəni biz niyə qiymətləndirə bilmirik?! Əksinə, hər hansı gözəlliyi, gülləri, çiçəkləri və çəmənlikləri tapdalamağa, əzməyə can atırıq...
Bir xoş söz nə olan şeydir ki, onu bir-birimizə deməyə dilimiz gəlmir. Amma qeybət eləməyə, kiminsə evini yıxmağa dilimiz çox yaxşı işləyir. Dilimiz şirin olanda ürəyimiz göy üzü kimi saflaşanda içimizdəki kini-küdurəti, paxıllığı çıxaranda bulaq suyu kimi dupduru oluruq. Bax, dupduru olanda biz bir-birimizi sevmək istəyirik. Elə ki qəlbimizə şeytan girir, onda hər şeydən üzümüz dönür, bizə yaxşılıq eləyən, çörək verən, əl tutan, işıqlı yol göstərən insanın yeddi arxa dönənini yuyub səririk.
Bu şeytan elə bir şeydir ki, hər bir insanın qəlbinə girə bilər, amma Allaha yaxın və təmiz qəlbli insanlar "La ilahə-il-ləllah" deməklə o şeytanı qəlblərindən, ürəklərindən və iç dünyalarından çıxarmağı bacarırlar. Şəxsən mən belə insanlara qibtə edirəm və onlara eşq olsun deyirəm!
Daha bəsdir bir-birimizin qanını qaraltdıq, çörəyini əlindən aldıq və yaman günə saldıq. Bir dəqiqə, bir saniyə başımızı qaldırıb təmiz səmaya, saf göylərə baxsaq, dünya dağılmaz ki. Göylərə baxanda istər-istəməz Allahdan qorxuruq və içimizdəki kin-küdurət və pislik bir anın içində əriyib gedir. Düşünürük ki, bir-birimizi sevməli, bir-birimizə əl tutmalı və bir-birimizə dayaq durmalıyıq. Bundan gözəl nə ola bilər?
Elə fikrimizi də böyük şair Zəlimxan Yaqubun bu bal misraları ilə bitirmək istəyirik:

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi.

Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya,
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi...

TƏQVİM / ARXİV