adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ETiRAF

VƏSİLƏ USUBOVA
27448 | 2007-10-27 11:02
...Yenə oturub qarşımda. Yenə sual, imdad dolu baxışlarını zilləyib üzümə. Neçə illərdi ikimiz də vərdiş eləmişik buna.Ürəksiz-ürəksiz qapılarımızı döyür, kimdən üz görürsə, ürəknən keçib oturur həmin adamnan üzbəüz. Oturur və başlayır danışmağa... Yenə həmin allı-güllü, uzun saçaqlı şalı başındadı. Bir ucunu sağ çiynindən kürəyinə atıb, bir ucunu da sol qolunun üstünə. Bilirəm ki, şalnan örtdüyü sol qoltuğunun altında nəsə var.Görməsəm də bilirəm o nəsənin içində nələr olduğunu. Şəffaf sellofan torbada qırx ilin kağız-kuğuzu... Sovet pasportundan tutmuş pensiya kartınacan müxtəlif sənədlər - diplomlar, Fəxri fərman və tərifnamələr, orden və medalların vəsiqələri, dəvətnamələr, mandatlar.. Kirilnən, latınnan yazılmış, saralıb-solmuş, əzik-üzük olmuş kağızlar...
   
    Deyir, qırx ildən çox kolxozda işləmişəm, İşləmişəm nədi, can qoymuşam. Evim rayon mərkəzində olsa da Kürün o tayında kolxozda mexanizator işləyirdim. Hər gün çayı keçib işə gedirdim. Bircə balamı qonşuların umuduna qoyub sabahın gözü açılmamış evdən çıxır, bir də axşam düşəndə geri dönürdüm. Hansı işə gücüm çatırdı əl yetirirdim. Kultivasiya çəkirdim, pambıq yığırdım, taxıl biçirdim. Qış aylarında da fermada işləyirdim. O vaxt "Universal" deyilən üçtəkərli traktor vardı ey, bax, ona lafet qoşub mal-heyvana yem daşıyırdım.Yorulmaq nədi bilmirdim. Top kimi gəlindim, hər biləyimdə, yalan olmasın, iki kişinin gücü vardı. Cavanlığıma saldım, canımın qədrini bilmədim. İndi göy üzünə bulud gələn kimi sümüklərim sız-sız sızıldayır.
   
   Pis dolanmırdım. Adamın başının üstündə Allah var. Yaxşı əməkgünü alırdım. Neçə dəfə orden-medal vermişdilər. İclaslarda yuxarı başda, katibin böyründə oturdurdular. Moskvayacan gedib çıxmışdım. Bir-iki yol xaricə də aparmışdılar. Sandığım atlas-qumaşnan doluydu..

TƏQVİM / ARXİV