adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GÖZƏLLiK AXTARIRSANSA, ƏTRAFINA BAX

22594 | 2007-10-27 11:01
(əvvəli ötən sayımızda)
   
   
   
   London canlı muzeydir
   
   
   
   Londonun gözəlliyi onun özəlliyindədir. Onun ən böyük özəlliyi isə simasını qoruyub saxlamasıdır. Köhnəliyi özündə yaşatmaqla, köhnəlməyən görkəmini qoruya bilməsidir. Qədimliyi saxlamaqla yeniləşməyi bacarmasıdır. Minillər öncə var olan şəhərin adının ilkin mənası, kökü alimlərin haçalanan fikirlərinə görə müxtəlifdir. Bu məsələdə qəti söz deyən yoxdur. Amma tarixin bir çox həlledici məqamlarında qətiyyət göstərən ingilislərin bəşər tarixində böyük rol oynaması, dünya elminə, mədəniyyətinə, ədəbiyyatına böyük dühalar verməsi həqiqətdir və o üzdən onların bu gün də dünyanı idarə edən dövlətlər arasında liderlik iddiası reallıqlara söykənən faktdır.
   
   Burda hər şey yerindəndir. Ona görə ki, hər kəs öz yerindədir. İdarəçilik ayrı-ayrı adamlardan asılı deyil, burada düşünülmüş, illərin sınağından çıxmış dəqiq mexanizm işləyir. Şəhəri gəzəndə müxtəlif təyinatlı möhtəşəm binaların memari gözəlliyi, şəhərsalma prinsipi və onun zaman ötdükcə yaradıcı şəkildə inkişafı, keçmişlə müasirliyin vəhdəti insanı valeh edir. Bu səbəbdən məşhur muzeylər şəhəri olan Londonun özü də açıq səma altında olan canlı bir muzeydir.
   
   
   
   Parklar Londonun
   
   bəzəyidir
   
   
   
   Londonda park çoxdur.Yerli sakinlər də, şəhərin qonaqları da burada gəzib dolaşmağı çox sevirlər. Parklar böyük ərazilərdə, özü də əsasən təbii yaşıllıq sahələrində salınıb. Hamısı səliqəli, yaraşıqlı, doğaldır, gözəldir. Parklar ilk növbədə əyləncə deyil, dincəlmə, dinlənmə yeridir. İnsanın təbiətlə ünsiyyət yarada bilməsi üçün burada hər cür şərait yaradılıb. Amma İngiltərədəki çoxsaylı parklar arasında bizlərin daha cox tanıdığı şübhəsiz ki, Hayt parkdır. Sovetlər dövründə Mərkəzi Televiziya ilə bu parkı tez-tez göstərərdilər. Çünki hökumətdən narazılar, ümumiyyətlə, bu və ya başqa məsələyə fərqli münasibət bildirmək istəyənlər Hayt parkda ağızdolusu danışar, istədikləri təbliğatı aparardılar. Moskvanın "gözüaçıq" müxbirləri də bu görüntüləri lentə alıb kapitalizm sistemində artan ziddiyyətlər kimi onu efirdə bizə təqdim edər, parkda deyilənləri xalqın artan etiraz səsi kimi mənalandırar, dumanlı şəhərdən bulanıq xəbərlər yaymaqla sovet xalqında "çürüməkdə olan kapitalizm" haqqında ictimai rəy formalaşdırmağa çalışardılar. Sən demə, hər şey tamam başqa cür imiş. Parkın natiqlər üçün ayrılan xüsusi guşəsi zahirən heç nəylə fərqlənmirdi. Adamların çoxu mənim kimi, sadəcə olaraq maraq üçün, necə deyərlər, bir dəfə bu "demokatiya məktəbini" görmək üçün bura gəlirmiş. Parkda olduğum müddətdə dörd-beş çıxışçı gördüm. Onları dinləyənlərin də ümumi sayı cəmi 40-50 nəfər idi. Düzü, natiqlərin heç birini ciddiyə almadım. Məsələn, biri seksual azlıqların hüquqlarının tapdanmasından gileylənirdi. Digəri Londonda qara dərili insanlara pis münasibət bəslənməsindən danışırdı. Onlar ucadan danışırdılar ki, hamı eşitsin. Burda çıxış edən natiqlərə müxtəlif səsgücləndiricilərdən istifadə etməyə icazə verilmir. Bu mənzərəni kənardan sakitcə seyr edən polisə mən də sakitcə diqqət yetirdim. Onlar söylənən fikirlərin, çağırışların fərqində belə deyildilər. Əgər ictimai asayiş pozulsaydı, o zaman müdaxilə edərdilər. Amma, nə olursa-olsun, Londonu Hayt parksız, bu əldəqayırma tribunasız təsəvvür etmək çətindir. Hayt park şəhərin ən xarakterik portret cizgilərindən biridir. "Hayt park" deyəndə dünyanın hər yerində insanların ağlına azad sözün, sərbəst fikirlərin söylənməsi yasaqlanmayan bir məkan gəlir.
   
   
   
   Uembli stadionunda təkcə yarışlar keçirilmir
   
   
   
   Futbol azarkeşi deyiləm. Yaxşı oyunlara televizorla baxmağı xoşlayıram. Amma Londonda olub Uembli stadionunu görməmək də günahdı. 1966-cı il futbol üzrə VIII Dünya çempionatından sonra Azərbaycanda bu stadionu tanımayan tapılmazdı. O vaxt İngiltərə ilə Almaniya arasında keçirilən final görüşündə Hertsin qapıya endirdiyi zərbə çox gərgin vəziyyət yaratmışdı. Yarışın müqəddəratı həll olunurdu. Qapı dirəyinə dəyən top qol sayılacaq, ya yox? Uembli stadionu həyəcandan silkələnirdi, azarkeşlər səbrsizliklə hakimin çıxaracağı qərarı gözləyirdi. Əsəblər yay kimi gərilmişdi. Baş hakim Dints də özünü itirmişdi. Matça yan hakimlik edən Tofiq Bəhramovun mübahisəli məqamda qətiyyət göstərərək bayrağı meydançanın mərkəzinə doğru uzatması ingilisləri çempion etməklə yanaşı, həmyerlimizin timsalında bizi də azərbaycanlı olaraq bütün dünyaya bir daha tanıtdı. Beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovun adı dillərdə dolaşmağa başladı. Bu qələbədən sonra hakimlərlə görüşən kraliça həmyerlimizə səmimi təşəkkürünü bildirdi və "Qızıl ilahənin" surətini ona hədiyyə etdi. İngiltərənin baş naziri Vilson, FİFA-nın prezidenti Rouz və Britaniya futbol cəmiyyətinin sədri Meyers ona qızıl fit və üzərində dünya çempionlarının avtoqrafı olan narıncı rəngli top bağışladı. Uembli stadionuyla tanışlıq Dünya çempionatıyla bağlı mənim gənclik xatirələrimi canlandırdı...
   
    Həmin gün stadionda yarışlar keçirilməsə də ortalıqda bir qələbəlik hökm sürürdü. Burada sərgi-satış təşkil olunmuşdu. Tibbə aid bölmələrin birində psixoloqlar yeni cihaz nümayiş etdirirdi. Onu təqdim edənlərin sözlərinə inansaq, bu avadanlıq adamın daxili aləminin, onun aurasının necə olduğunu müəyyənləşdirirdi. Bu məni çox maraqlandırdı. Çünki vaxtilə bir televiziya pyesi yazmışdım. Hadisələr dağlı məhəlləsindəki həyətlərdən birində baş verirdi. Məhəllədə nə baş versə bu haqda ilk xəbər tutan və özünəməxsus şərhlə onu hamıya yayan Tükəzban arvada deyirlər ki, qonşunun oğlu Moskvada aspiranturanı bitirib qayıdıb.

TƏQVİM / ARXİV