QAN SU YERİNƏ AXIR...

FAİQ QİSMƏTOĞLU
61902 | 2014-10-03 01:02
Adam bu rəqəmlərə diqqət yetirəndə tükləri biz-biz olur. Çünki ağır qəzalar zamanı baş verən faciələr çoxlarının həyatında dərin izlər qoyur. Əlbəttə, bu qəzaların böyük əksəriyyəti sürücülərin məsuliyyətsizliyi üzündən yaranıb. Bəziləri düşünə bilər ki, əşi, mənə nə dəxli var, onsuz da avtomobili normal sürətlə idarə edirəm.
Bu fikirdə müəyyən qədər həqiqətlər var, amma onu da xatırladaq ki, heç kim baş verəcək qəzalardan sığortalanmayıb. Ən azından ona görə ki, bir də görürsən ki, kimsə avtomobili yol hərəkəti qaydasına uyğun olaraq idarə edir, ancaq bir başqa nəqliyyat vasitəsini sürən şəxs gəlib həmin avtomobilə çırpılır. Nəticədə isə ölüm halları baş verir. Deməli, bütün hallarda sürücülər və hərəkət iştirakçıları bir həqiqəti yaddan çıxarmasınlar: nəqliyyat vasitəsi qaydalara uyğun idarə olunarsa ağır qəzalar da bir o qədər az yaranar.
Çox qəribədir ki, ötən ayın 3 günü ərzində nə az, nə çox 30 nəfər bu qəzaların qurbanı olub. Bəziləri deyir ki, ağır qəzalar qaçılmazdır. Bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Amma gəlin bir həqiqətlə razılaşaq ki, sürət həddini aşan və sərxoş vəziyyətdə avtomobili idarə edən sürücü gec-tez hər hansı bir qəza törətməsi qaçılmazdır. Sanki son günlər baş verən bu qəzalar bəzi sürücüləri narahat etsə də böyük əksəriyyətinin heç tükü də tərpənmir.
Çünki yenə hər gün ağır qəzalar baş verməkdədir. Respublikanın avtomobil yollarında qan su yerinə axır. Sürücülər isə bütün hallarda tam məsuliyyətlə nəqliyyat vasitələrini idarə etmirlər və bu yoldan əl çəkmirlər. Qəribəsi də odur ki, baş verən qəzalarda səriştəsiz və təcrübəsiz sürücülərin günahı daha çoxdur.
Bir neçə gün bundan əvvəl respublikanın avtomobil yollarında toya gedən "Mersedes" markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə, "Mersedes"in içərisində olan 6 nəfər elə hadisə yerində dünyasını dəyişib. 3 nəfər isə digər avtomobildə həlak olub. Məgər bunlar tükürpədici faktlar deyilmi? Az qala hər gün respublikanın avtomobil yollarında qan su yerinə axır.
Belə hadisələr zamanı zərərçəkmişlərə ilk yardımı göstərən yol polisi əməkdaşları olurlar. Təəssüf ki, bəzi sürücülər yol polisinin bu əziyyətini və zəhmətini qiymətləndirmir, əksinə, onların əleyhinə təbliğatlar aparırlar. Bu isə birmənalı olaraq hərəkətin təhlükəsizliyini təmin edən yol polislərinin işgüzar fəaliyyətinə kölgə salır və onların işinə mənfi təsir edir.
Ötən gün Bakı-Şamaxı yolunda Qobustan rayonu ərazisində sərt döngələrdə idarəetməni itirən avtomobilin sürücüsü maşını sərnişin daşıyan mikroavtobusa çırpıb. Bu sürücüyə deyən lazımdır ki, sükan arxasında əyləşmisənsə zəhmət çəkib yol nişanlarına fikir verməlisən. Çünki Bakı-Şamaxı yolunda sərt döngələr tez-tez olduğu üçün həmin istiqamətlərdə sərt döngələri bildirən yol nişanları qoyulub. Sadəcə olaraq, sürücü bir qədər diqqətli olub həmin yol nişanlarına fikir versəydi bu qəzanı da törətməzdi. Maşınların toqquşması zamanı 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində ölüm halları 30 nəfər aşağıdır. Amma bu bizi yenə narahat edir. Çünki son vaxtlar respublikanın avtomobil yollarında baş verən qəzalar zamanı insanların dünyasını dəyişməsi birmənalı olaraq yol polisini daha ciddi rejimdə çalışmağa vadar edir. Təəssüflə qeyd etməliyik ki, respublikanın avtomobil yollarında radar sistemi quraşdırılsa da bəzi sürücülər buna məhəl qoymur, sürət həddini aşır və ağır qəzalar törədirlər. Qurban bayramı ilə əlaqədar olaraq yol polisi gücləndirilmiş rejimdə işləyəcək. Ona görə ki, həmin günlərdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti daha intensiv olacaq. Bir daha sürücülərdən xahiş edirik ki, respublikanın avtomobil yollarında hərəkət edərkən kobud qayda pozuntularına yol verməsinlər, özlərinin və sərnişinlərin taleyini təhlükə qarşısında qoymasınlar.
Bütün KİV-lərdə hər gün baş verən qəzalarla bağlı informasiyalar öz əksini tapır. Sürücülər və hərəkət iştirakçıları da bu hadisələrdən və qəzalardan nəticə çıxarmalıdırlar. Sadəcə olaraq yol hərəkəti qaydasına əməl edilməklə baş verə biləcək hər hansı bədbəxt hadisədən və faciədən qaçmaq o qədər də çətin deyil. Çətini odur ki, sürücülər avtomobilləri qaydalara uyğun idarə eləsinlər.

TƏQVİM / ARXİV